A

 “Azərbaycan müəllimi” qəzeti

“Əbədi tələbələr”

Azərbaycan Dövlət İqtisad Universitetinin əbədi tələbəsi Məhəmməd Umudov

Onun şəxsi işi ilə tanış olanda ən çox diqqətimi yaşı cəlb etdi – 18. Günlərdir arasında itib-batdığım arxiv sənədlərinin sahibləri hamısı gənc idi, lakin Məhəmməd onların ən az ömür yaşayanı idi… Belə demək mümkünsə, dünyadan yaşamağa başlayarkən köçmüşdü…

Ünvanı Sumqayıt şəhəri qeyd edilmişdi, telefon yarımçıq… Sənəd ötən əsrin 1991-ci ilindən qalmışdı… Bu, normal idi…

Dosta zəng və Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bir neçə dəqiqədən sonra atası Eldar Umudov ilə anası Dilarə Babanlının telefon nömrələrini verdi.

Şəhid anaları ilə danışmaq ürək istəyir, buna görə də atasını yığdım. Məhəmməd üçün zəng etdiyimi biləndə çox həyəcanlandı:

- Günü sabah anası ilə bütün sənədlərini, şəkillərini götürüm gəlim!

- Yox, siz əziyyət çəkməyin…

- Nə əziyyət, qızım?! Oğlum elə bir ömür yaşamayıb, ondan qalanlar elə bir qovluqdadır… Həm də oğlumun universitetinə gələndə elə hiss edirəm ki, hələ də oxuyur…

Səhər açılar-açılmaz görüşdük. Eldar müəllim, Dilarə xanım və Umudovlar ailəsinin məsumiyyət muzeyi – şəhid övladlarının xatirələri qorunan o qovluq…

Ata qovluqdan səliqə ilə çıxartdığı şəkilləri, sənədləri, cib dəftərçəsi, açıqca, tərifnamə, fəxri fərman və medalları sıra ilə qarşıma düzdükcə ana onlara oğluna sığal çəkirmiş kimi toxunur, gözünün yaşı xatirələri islatmasın deyə geri çəkilirdi…

Hər ikisi çox kövrəkdir. Bilmirəm hardan başlayım və sakitləşmələri üçün şəkillərin arasından çox şirin, yaraşıqlı, saçlarında böyük lent olan uşağın fotosunu götürürəm:

- Nə qəşəng qızdır…

– Odur… – Dilarə xanım gözünün yaşını silir, Eldar müəllim tez müdaxilə edir:

- Ağlama, özünü ələ al, sakit danış… Oğlumuz haqqında yazırlar, fikrini topla ki, heç nəyi unutmayasan…

- Üç oğlum var idi, elə istəyirdim ki, bir qızım da olsun… Dördüncü övladım da oğlan olanda bir müddət saçlarını uzadıb belə lent vurdum… Qızım kimi saçları ilə oynayırdım… Amma lap körpə olanda… Bir az böyüyəndən sonra yox…

- Şəkil neçənci ildə çəkilib?

– 1976-cı ildə, Məhəmmədin 2 yaşı olanda. 1974-cü il martın 18-də dünyaya gəlmişdi. Əvvəlcə 5 saylı orta məktəbə getdi, sonra atası da, mən də gördük ki, riyaziyyat sahəsində fitri istedadı var… Bunu müəllimləri də təsdiqləyirdi. Ona görə də 25 saylı riyaziyyat təmayüllü orta məktəbə gətirdik… Evimin sonbeşiyi olsa da, xasiyyətində uşaqlıq yox idi. O qədər inadkar, əzmli oğlan idi ki… Mən onun evə “3” qiymətlə gəldiyi günü xatırlamıram…

Eldar müəllim davam edir:

- Məhəmməd tək riyazi bilikləri ilə seçilmirdi, həm də idmanda yaxşı nəticələr göstərmişdi. Böyük oğlumla birlikdə karate ilə məşğul olurdular… O, oxuduğu hər iki məktəbi karate üzrə yarışlarda uğurla təmsil edirdi… “Qara kəmər” ustası idi…

Dilarə xanım masaya düzülən medalları göstərir:

- Özündən sonra bizə saysız-hesabsız diplom və medallarını yadigar qoyub getdi… Onun karate formasını isə Azərbaycan Dövlət İqtisad Universitetinin muzeyinə hədiyyə etmişik…

- İxtisas seçiminə qarışmışdınız, yoxsa öz istəyi idi?

– Böyük oğlum Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini bitirmişdi. Məhəmmədin isə arzusu mühasib olmaq idi, lap uşaqlıqdan…

- Uşaqlıqdan deyəndə ki… – Dilarə xanım onun sözünü kəsir: – Balam elə uşaq idi də… 17 yaşında, 1991-ci ildə öz savadı ilə universitetə qəbul olundu… Elə bircə semestr oxudu… Universitetə elə həvəslə gəlib-gedirdi ki… Bu gün kimi yadımdadır, universitetdə ilk imtahanı idi, evə gec gəldi. Düşündüm ki, məktəbə baxma, universitet çətindir, yəqin aşağı qiymət alıb deyə evə gəlmir… Axşam saat 9 olardı, bir də gördüm gülə-gülə girdi qapıdan – “Ana, məni təbrik elə! İmtahandan 5 aldım, ordan da getdim yarışa! Qalib gəldim, bu da medalım!”.

- Bu, onun həm birinci, həm də sonuncu semestri oldu… İkinci semestr başlayar-başlamaz Xocalı faciəsi baş verdi… Məhəmməd çox vətənpərvər oğul idi, evə sığışmırdı… O gülüşündən, şənliyindən əsər-əlamət qalmamışdı… Artıq valideynləri, dostları, təhsili… hamı, hər şey onun üçün ikinci plana keçmişdi. Bir gün mənə dedi ki, “Ata, mən könüllü müharibəyə gedəcəyəm! Dörd qardaşıq, birimiz getməliyik… Böyük qardaşım ailə qurub, yenicə ata olub. Digər iki qardaşım isə neçə ildir universitetdə oxuyur, yarımçıq qoymasınlar. Mən gedəcəyəm!”.

- Yalvardım, ağladım… Dedim ki, “ay oğul, sən axı lap uşaqsan… Heç sağını-solunu düz-əməlli tanımırsan”. Onda da lap acığı tutdu, dedi – “Ana, ordu özümüzünküdür! Rus ordusu deyil ki, komandanı rus dilində versinlər. Öz dilimizdə danışırlar. Hər şeyi başa düşürəm!”. Bir də onda xəbər tutduq ki, gedib…

- O gedəndən sonra əşyalarının arasından bir dəftəri tapdıq – Eldar müəllim Məhəmmədin qeydləri olan dəftəri göstərir, – Bax, içində öz əli ilə silah şəkilləri çəkib, onların növlərinə dair məlumat yazıb… Öyrəndik ki, Xocalı hadisəsindən sonra müxtəlif universitetlərdən 28 tələbə bir yerə toplaşıb hərbi təlimlər keçirmişlər… Elə gedəndə də 28 könüllü qrup şəklində Cəbrayılın Sirikli kəndinə üz tutmuşdular… Düz iyirmi günə qədər döyüşdülər…

- Balam nə bir dəfə zəng etdi, nə bir parça kağız yazdı… Gözümə yuxu getmirdi… Ad günündə süfrə açdım, gözlədim ki, bəlkə bu gün gələr… Novruz bayramı ərəfəsində anadan olmuşdu deyə düz 17 il idi ki, biz bu günü həm bayram, həm də Məhəmmədin ad günü kimi qeyd edirdik. Ailəmiz üçün ikiqat bayram idi. Amma həmin ili süfrəm açıq qaldı. Balam 18 yaşını səngərdə, güllənin, bombanın altında tamamladı. Narahat oldum ki, deyirlər bir il Novruz bayramını evində qarşılamayan…

- Axırda məcbur olub, arxasınca getdim… Orada da komandiri mənə dedi ki, Məhəmmədin yaşı azdır… Amma haqqında xeyli xoş sözlər də dedi – cəsur, mərd, şücaətli, çevikdir… Özümlə gətirdim.

- Amma yenə də fikri-zikri qalmışdı cəbhədə. Yalvarıb deyirdim ki, oğul, hara gedirsən? Mənim atam müharibədən qayıtmayıb, istəmirəm balam da müharibənin qurbanı olsun… Atanın ata-anası, bacı-qardaşı yoxdur, onu tək qoyub getmə… Dedi “Ana, narahat olma, hər şey yaxşı olacaq. Uşaq deyiləm ki, idmançıyam. Yəni deyirsən özümü qoruya bilməyəcəyəm? Həm də ki, mən arxa cəbhədə olacağam. Sənə söz verirəm ki, ön cəbhəyə getməyəcəyəm”. Hər vəchlə məni arxayın salmağa çalışırdı ki, getməyinə razılıq verim…

- Evə gətirəndən sonra çalışdım özüm də başa salım. Dedim, “oğul, sən hələ çox gəncsən, tələbəsən. Təhsilinlə məşğul ol. Hələ səni heç cəbhəyə çağıran da yoxdur!”. Xeyli söhbət etdik, mənə söz verdi ki, ata, arxayın ol, başa düşdüm. Mən də düşündüm ki, daha universitetə qayıdıb, dərslərini oxuyacaq… Daha nə bilim…

- Həmən ərəfədə bir az xəstə idim, işə getməmişdim. Eldar da “Məhəmməd sənə əmanət, gözündən qoyma, deyib, getdi işə… Məni yuxu apardı, oyananda gördüm yoxdur… Dedim yayın günüdür, evdə necə otursun, bəlkə həyətə düşüb… Daha atasına söz vermişdi deyə ağlıma da gəlmədi ki… Xeyli sonra qəfil gözüm servantın şüşəsinə taxılan kağız parçasına dəydi… Məktub yazıb qoymuşdu… O məktubu görəndə artıq başa düşdüm ki, biz Məhəmmədi heç nə ilə evdə saxlaya bilmərik. O, öz qərarını verib…

Məhəmmədin öz xətti ilə yazılmış, illərin saraltdığı məktub şəkillərin arasındadır:

“Ana, məni bağışla. Səni yata-yata qoyub gedirəm. Səninlə görüşə bilmədim. Məni bağışla. Atamın məni geri gətirməsinə baxmayaraq, mən burada qala bilməzdim. Mən mütləq cəbhədə olmalıyam, Vətənimi qorumalıyam. Gözəl anam, salamat qal! Hələlik! Qismət olsa, görüşərik. 06.06.1992”.

Dilarə xanımın Ağstafada yaşayan bacısı zəng edib, Məhəmmədin onlara gəldiyini deyir: “Xala, sizi qorumağa gedirəm,” deyib, Qazax batalyonuna qoşulmağa getdi…

Eldar müəllim Məhəmmədin arxasınca Qazağa gedir:

– Orada dedilər ki, getdi Gəncə batalyonuna… Mən soraqlaya-soraqlaya gedib Gəncə batalyonuna çıxdım. Hərbi hissəyə gedib Məhəmmədi təsvir edəndə dedilər hə, elə bir uşaq gəlmişdi. Azyaşlı olduğu üçün batalyona qəbul etmədik. Dedik sən evə qayıt, oxu. Sən orada lazımsan… Araşdırandan sonra məlum oldu ki, Gəncədən də Tərtərə gəlib… Gəldim Tərtər batalyonuna… O vaxt Şahin Tağıyevin batalyonu Tərtərdəki bir məktəb binasında yerləşirdi. Orada soraqladım, dedilər bəli, buradadır, bizdə döyüşür. Kəşfiyyat qrupundadır, indi də əməliyyata gedib, gecə gələcək… Heyrətləndim! Kəşfiyyat qrupu nədir? Bu uşağın axı 18 yaşı var. Batalyonda dedilər ki, “Məhəmməd çox qorxmaz, cəsur və cəlddir. Peşəkar idmançıdır, ölümün gözünə dik baxır, buna görə də onu ürəklə əməliyyata göndərə bilirik. Heç narahat olma, bütün kəşfiyyat əməliyyatlarından uğurla qayıdır!”. Oturub gözlədim… Gecə keçdi… Səhər açıldı… Səhər də dedilər ki, qayıdan başı birbaşa döyüşə yollanıb…

- Eldar kor-peşman gəldi ki, Məhəmmədlə görüşə bilmədim… Dünya mənə dar gəlirdi… Qızım, bu o vaxtlar idi ki, ölkədə vəziyyət çox pis idi. 1992-ci ilin yayı xalqımızın müharibədə ən çox itki verdiyi günlər idi… Qarabağdan demək olar ki, Azərbaycanın hər tərəfinə maşınlarla şəhid tabutları gedirdi… Beş həyətdən ikisində şəhid çadırı qurulurdu… 18 yaşlı oğlu müharibədə olan bir ana belə vəziyyətdə necə rahat olsun?

- Amma yenə də bütün əsgər valideynlərinin kabusu olan çadır bizim həyətdə qurulmamışdı deyə, ümidli idik… İyulun 30-u idi… Həyətdə qonşularla əyləşib söhbət edirdim ki, poçtalyon gəldi… Onun gəlişi bu gün kimi yadımdadır, rus qadın idi… Bizə yaxınlaşıb, “Umudov kimdir?” soruşdu. Ayağa qalxdım ki, mənəm. Mənə bir teleqram uzatdı və həmən an həyətdən qaçaraq çıxdı… Nə isə şübhələndim, qadın niyə belə bir anın içində yox oldu deyə bədənimdən bir gizilti keçdi… Əlimdəki teleqrama baxdım və onda dünyam qaraldı… O anda nələr yaşadım, indi sözlə deyə bilmərəm. Amma kaş ki, heç bir ataya belə xəbər gəlməsin… Qonşular məsələni əhvalımdan başa düşüb, məni evə qaldırdılar… Özümü birtəhər ələ alıb xahiş etdim ki, evdə deməyin… Anası onsuz da günlərdir yuxu yatmır, bu xəbəri qəfil almasın… Mən təsəvvür edə bilmirdim ki, bir anaya “oğlun döyüşdə həlak olub, meyiti belə tapılmayıb” sözünü necə demək olar… Qonşular məni evə qaldırıb, su verdilər, sakitləşdirməyə çalışdılar… Elə bu vaxt qonşu qadınlar yavaş-yavaş bizə axışmağa başladı… Daha mənim nə isə deməyimə ehtiyac qalmadı… O özü hər şeyi başa düşmüşdü… 1992-ci ilin kabusuna çevrilən, bütün məhəlləni matəmə bürüyən yas çadırı bizim də həyətdə quruldu…

- Balamın xəbəri gəlmişdi, cənazəsi yox… Teleqramda yazılırdı ki, nəşini döyüş bölgəsindən çıxartmaq mümkün olmayıb… Bax, teleqram sənədlərin arasındadır… O vaxt Sumqayıta gələn şəhidlərin hamısını Nərimanov klubuna gətirirdilər. Eldar yollandı kluba…

- Nə qədər axtarsam da, oğlumun meyitini tapa bilmədim. Mənim kimi oğlunu axtaran bir neçə ata bir-birimizə qoşulub, cəbhə bölgəsinə yollandıq. Gedib komandirə dedik ki, gəlmişik balamızı aparıb dəfn etməyə… Bizi əmin etdilər ki, qayıdın evə, gözləyin. Döyüşçü yoldaşları danışdılar ki, Ağdərənin Kasapet kəndindəki döyüşlərdə… Düşmən öz mövqeyini yüksəklikdə qurmuşdu… Məhəmməd döyüşdə çox cəsurluq etdi, bir neçə erməni yaraqlısını öldürdü. Son anda da bizim döyüşçülərə tuşlanan pulemyotu nişan alıb… Elə bu da sonuncu atəşi olub… Yanında olan döyüşçü yoldaşı danışdı ki, Məhəmmədi bir çalaya uzadıb, üstünü örtdüm ki, əl-ayaq altda qalmasın. Döyüş meydanından isə çıxartmaq mümkün olmadı. Hələ də meyitlərin ərazidən götürülməsi üçün danışıqlar aparırıq. Əmin olun, yerini də bilirik, ilk fürsətdə evə göndərəcəyik…

Ata ürəyidir. Necə qayıdardım evə? Anasına necə deyərdim ki, oğlunun nə dirisini gətirə bildim, nə də ölüsünü… Bütün atalar da mənim kimi naəlac qalmışdı… O vaxt şəhidləri Tərtər məscidinə gətirir, orada adət-ənənəyə uyğun yuyub-kəfənləyir, evlərinə göndərirdilər. Üz tutduq bu məscidə. Şəhid atası olduğumuzu, oğlumuzun nəşini axtardığımızı biləndə bizi meyitlərin arasına buraxdılar… İlahi, bir-birindən cavan, yaraşıqlı uşaqlar nə halda idilər… Nə isə… Bu danışmalı mövzu deyil…

- Eldar bu dəfə də əliboş qayıdıb gəldi… Avqustun 9-u idi. Qonşular qapını döydü ki, “Eldar əmi evdədir? Uşağı gətiriblər”. Necə sevindim… Dedim yəqin tapıblar, yaralıdır… Sağdır balam… Yazıq qonşular da, gözlərinin qabağında böyüyən uşaq üçün “meyitini gətiriblər” sözünü deyə bilmirdi… Maşın da qonşu həyətdə saxlamışdı… Heç evə qaldırmadılar… Bircə atası gördü üzünü… Mənə göstərmədilər… Balamı sonuncu dəfə də olsa görə bilmədim…

- Heç qardaşlarını da qoymadım, özüm tək getdim tanımağa… Əmin olmalı idim ki, oğlumdur, özüdür, Məhəmməddir… Heç kimi yaxına buraxmadım, istəmədim kimsə onu elə görsün… O nə anaya, nə də qardaşa göstəriləcək mənzərə deyildi, qızım… Ölümündən düz doqquz gün keçirdi… Bu, bizim sonuncu görüşümüz oldu… Oğlum çox gənc idi, hələ bir ömür yaşamamışdı… Sevilməmişdi, sevinməmişdi… Universitetə yenicə qəbul olunmuşdu ki, o da yarımçıq qalmışdı… Məhəmmədlə heç vaxt gizli sirrimiz, söhbətimiz olmamışdı… Bu görüş bizim ata-bala arasında olan birinci və sonuncu sirrimiz olaraq qaldı… Ömrümün son gününə qədər də ürəyimdə qalacaq… O haqda heç ailə üzvlərimə də danışmayacağam…

- Dəfnində böyük izdiham yaşandı… Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn etdilər… Yaylım atəşi açdılar… Məzarı başında komandiri, döyüşçü yoldaşları çıxış etdilər… Dedilər ki, yaşı az olsa da, fikri, düşüncəsi, yanaşması yaşına görə deyildi… Çox mərd, müdrik və qorxmaz əsgər idi… Cəbhədə olduğu qısa müddətdə də böyük şücaətlər göstərdi… Və bu söylənənlərin heç biri mənə Məhəmmədin bir dəfə “Ana” deməsini əvəz etmədi…

- İndi hər səhər tezdən yuxudan oyanıb, Şəhidlər Xiyabanına oğlumla görüşə gedirəm… Düz iyirmi altı ildir ki, günə belə başlayıram… Nəvələrim hər həftə Şəhidlər Xiyabanına gedib, əmiləri ilə görüşür, onunla qürur duyurlar…
– İldə iki dəfə – iyulun 30-da və avqustun 9-da ailə ilə toplaşıb, anım gününü qeyd edirik…

***

…Bu, 18 il ömür yaşamış, bir illik tələbəliyin bir semestrini auditoriyada, bir semestrini isə səngərdə keçirən, hələ gəncliyin dadını tam dadmamış Məhəmməd Umudovun valideynlərinin xatirələri idi… Sizin də əbədi tələbələrlə bağlı hər hansı xatirələriniz varsa, mütləq bizə yazın: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

V.MƏMMƏDOVA

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR