A

"Azərbaycan müəllimi" qəzeti

842 SABAH tələbəsi məzun oldu

Bakı Konqres Mərkəzi SABAH məzunlarının tələbəliyinin son gününə ev sahibliyi edir. Məzunların qonaqları isə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, administrasiyanın Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Ceyhun Bayramov, vergilər naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri, dövlət və özəl qurumların rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, media qurumlarının rəhbərləri, təhsil ekspertləridir. Onlar Azərbaycan təhsilində keyfiyyət nişanına çevrilən SABAH məzunlarını təbrik etməyə gəliblər.

“Mən SABAHam” deyənlər

Onlar fəxrlə “Mən SABAHam” deyirlər. “SABAH”, yəni, savadlı, bacarıqlı, hazırlıqlı deməkdir. SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Təhsil Nazirliyinin təşəbbüsü, xüsusi dəstəyi ilə start götürən layihə qısa müddətdən sonra məqsədinə çatıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 40-dan artıq ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir.

Beləliklə, yüzlərlə gənc, konkret desək, 842 SABAH tələbəsi məzun olur. Bu il SABAH-ın ikinci buraxılışıdır.

SABAH məzunlarının 3 ili

Sıra ilə düzülən masalarda SABAH məzunlarının 3 illik fəaliyyəti sərgilənir. Masalar üstündəkilərlə istər-istəməz diqqət çəkir. Sadəcə baxmağa yaxınlaşan hər kəs buradan uzun müddət ayrıla bilmir. Maraq dolu baxışlar məzunların üzünə zillənir.

Azərbaycan Dövlət İqtisad Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin SABAH qrupları məzunlarının START UP layihələrinin təqdim olunduğu masada qonaqlara “Dr. Ocean” adlanan layihə barədə məlumat verirlər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunlarının hazırladığı layihənin prototipi neft sızmalarını təyin edən cihazdır. Şotlandiyada keçiriləcək qlobal finala çıxmaq üçün Azərbaycandan seçilən 3 ən yaxşı START UP-dan biridir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri hazırladığı digər layihə - hərbi geyimlə əsgərimizi gözəgörünməz edəcəklər. Belə ki, hərbi geyimin içərisinə əlavə etdikləri və çox ucuz başa gələn xüsusi material vasitəsi ilə onların termal kamerada görünməməsi təmin olunacaq.

“Təmiz ada” layihəsi isə sadəcə külək enerjisindən istifadə etməklə çirkli suları təmizləyəcək. Layihənin üstünlüklərindən biri də tətbiq ediləcəyi göllərdə xüsusi peyzaj yaradılmasıdır. Bununla da gənclərimiz çirkliliyi ilə məşhur göllərimizə gözəllik qatacaqlar. SABAH-ın məzunları iddia edirlər ki, şəhərimizdə külək “surfing”i üçün ideal şərait var və layihə ilə bu şəraiti ölkəmizin gələcək inkişafına yönəldə bilərlər. “Bu tip yarışların dənizdə deyil, göllərdə keçirilməsi məqsədəuyğun olduğundan göllərin təmizlənməsi uğurlu nəticə verə bilər. Elə isə 2030, hətta 2025-ci ildə Bakıda niyə “surfing” yarışı keçirməyək?”, - deyə soruşan SABAH məzunları göllərimizdəki vəziyyəti dəyişməkdə iddialıdırlar.

UNEC-in menecment ixtisası üzrə məzunu Rafiq Məmmədli yaratdıqları elektron ticarət platforması barədə məlumat verir. Bu, Azərbaycan brendidir. İlk dəfə yaradılması və cəmi 3 aydır fəaliyyətinə baxmayaraq, artıq böyük uğurlar da qeydə alınıb: “İstifadəçilər burada məhsulları ən uyğun qiymətə ala bilirlər. Satıcılar öz mallarının qiymətini təyin edir, lakin biz onları filtrləmə yolu ilə istifadəçiyə ən sərfəli qiymətə təklif edirik”.

Bakı Dövlət, İqtisad və Azərbaycan Texniki universitetlərinin masasında Natəvan Abbasova bitkilərə qulluğu asanlaşdıran mobil tətbiqetmə barədə məlumat verir. Deyir ki, bu tətbiqetmənin 3 əsas funksiyası var: evdə bitkilər üçün düzgün günəş nöqtəsini müəyyənləşdirir, gübrələmə və sulamağın qaydalarını bildirir və təqdim edilən şəkildən bitkinin adını və ona qulluq qaydasını müəyyən edir.

Vüsal Aydəmirov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının SABAH qruplarının məzunudur. İspaniya, Rusiya, Türkiyə, Almaniya, Amerikada keçirilən beynəlxalq müsabiqələrdə qazandığı nailiyyətləri - beynəlxalq müsabiqələrdə qazandığı diplomlarını sərgiləyir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi səhnələşdirdikləri tamaşalar barədə məlumat verir. SABAH məzunu Çilənay Əliyeva deyir ki, 3 il ərzində 5 tamaşa hazırlayıblar. Həmin tamaşaları Gəncə, Lənkəran və Mingəçevir, hətta Moldova, Türkiyə, Polşa, Rusiya səhnələrində də oynayıblar. Onlara bu imkanı məhz SABAH yaradıb.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının SABAH qrupunun məzunları Ülkər Hümmətzadə və Nəsrin Şirinova xalçaçılıqda Şəki məktəbini yaratmaq niyyətindədirlər. Şəki xan sarayının motivləri əsasında toxuduqları xalçalardan danışarkən məlum olur ki, iddiaları çox böyükdür: “Təbriz, Bakı, Şirvan, Qazax, Qarabağın öz dəst-xətti var, istədik Şəkiyə də nəfəs qataq”.

Sərgidə qonaqlara ötürülən xoş əhvali-ruhiyyə mərasimin keçiriləcəyi zalda da davam edir. Təhsil TV-nin hazırladığı SABAH qruplarının fəaliyyətini əks etdirən videoçarx ilə məzunların uğurları mavi ekranda da canlanır.

Və təntənəli ikinci “Məzun günü” başlayır.

Əvvəlcə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Yusuf Məmmədəliyev səhnəyə dəvət olunur. O, Birinci vitse-prezident Mehriban Əliyevanın “SABAHın məzunu” mərasimi iştirakçılarına müraciətini oxuyur.

Mehriban Əliyevanın müraciətində SABAHa böyük ümidlər var: “SABAH qrupları ali təhsil müəssisələrində yeni və fərqli bir akademik mühit yaradaraq savadlı, bacarıqlı, ən əsası, əmək bazarının tələblərinə cavab verən kadrlar yetişdirib. Yaradılmış bu şəraitdən yararlanaraq məzun olmaq bir uğurdur və bu, sizin peşəkar inkişafınızda müstəsna rol oynayacaq. Əminəm ki, sizin hər biriniz bu imkandan düzgün şəkildə istifadə edərək, arzuladığınız peşəkar fəaliyyətlə məşğul olacaqsınız”.

Müraciətdə daha sonra bildirilir ki, Prezident İlham Əliyev tərəfindən 2013-cü ildə imzalanan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən, ölkəmizdə təhsil sahəsində bir sıra əsaslı islahatlar keçirilib və bu proses indi də davam edir: “Bizim əsas hədəflərimizdən biri universitetlərdə tədrisin keyfiyyətini artırmaq və qlobal əmək bazarının tələblərinə cavab verən məzunlar yetişdirməkdir. “Təhsil millətin gələcəyidir” - məhz bu fikri əsas tutaraq ölkə rəhbərliyinin başçılığı ilə son illərdə təhsil sahəsində bir sıra yüksək göstəricilərə nail olmuşuq. Bu gün Azərbaycanda savadlılıq demək olar ki, 100 faiz təmin olunub. Belə bir mühit ilk növbədə sizə - gənclərə çoxsaylı imkanlar yaradır. Təbii ki, ölkəmiz son illər ərzində bütün sahələr üzrə inkişaf edir. Prezident İlham Əliyevin söylədiyi kimi, biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün isə, əlbəttə ki, gənclər bilikli olmalıdır. Bu fikir, şübhəsiz, bizim gələcəyə baxışımızı və hədəflərimizi müəyyən edir”.

Məqsədə gedən yol əlçatandır...

Daha sonra çıxış edən təhsil naziri Ceyhun Bayramov təhsilin inkişafının ölkəmiz üçün bütün dövrlərdə müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir ölkə Prezidenti İlham Əliyevin “qara qızılın insan kapitalına çevrilməsi” konsepsiyasının dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrildiyini, həyata keçirilən təhsil islahatlarının məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.

3500-dən artıq Azərbaycan gəncinin dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil aldığını xatırladan nazir qeyd edib ki, SABAH layihəsi beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı, məhz Azərbaycanın dəyərləri və ölkə qarşısında duran məqsədlər nəzərə alınaraq yaradılmış bir təhsil modelidir. O, SABAH qruplarında yaradılan şəraitdən də danışıb. Elə bu şəraitin, davamlı dəstəyin nəticəsidir ki, SABAH məzunlarına əmək bazarında böyük tələbat var. 2017-ci ildə ali təhsil müəssisələrini bitirmiş 721 SABAH məzununun 37 faizi Azərbaycanda, 16 faizi xarici ölkələrdə magistratura səviyyəsində təhsilini davam etdirir, 30 faizdən çoxu isə peşəkar həyata qədəm qoyub: “Elə bir dövrdə yaşayırıq ki, məzun üçün uğurlu iş yerində çalışmaq yeganə məqsəd ola bilməz. İş yeri yaratmaq, ölkənin ictimai həyatında fəal mövqe tutmaq vacib amillərdəndir. Bu mənada SABAH tələbələrinin aşağı kurslardan etibarən informasiya texnologiyalarını mənimsəmələri, sənaye və biznes sahəsinə aid START UP layihələrinin müəllifləri kimi çıxış etmələri, elm və tədqiqat sahəsində olan çoxsaylı uğurlara imza atmaları təqdirəlayiqdir. Onların ölkəmizdə keçirilən böyük beynəlxalq tədbirlərdə, sosial layihələrdə könüllü kimi iştirak etmələri, dünyanın ayrı-ayrı ölkələrinə səfərləri, SABAH rəssamlarının əsərlərinin Böyük Britaniya Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin sərgisində nümayiş etdirilməsi, musiqiçilərin Almaniya, ABŞ, Polşa, Bolqarıstan kimi ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə  qalib yerlər tutması onların keyfiyyətli təhsil almalarının təsdiqidir. Təbii ki, bu uğurlarda təhsil müəssisələrində yaradılan mühit danılmazdır”.

Təhsil naziri onu da qeyd edib ki, təhsilin yeganə məqsədi savadlı və bacarıqlı mütəxəssis yetişdirməkdən ibarət ola bilməz: “Təhsilin keyfiyyətini müəyyənləşdirən vacib amillərdən biri gənc nəsli layiqli vətəndaş və şəxsiyyət kimi formalaşdırmaqdır. Biz belə bir cəmiyyət qurmaq istəyirik. Arzu etdiyimiz mühitə isə təkbaşına nail ola bilmərik. Buna səylərimizi birləşdirərək nail olmalıyıq. Dünyada sabitliyə təhdidlərin artdığı bir zamanda müstəqilliyinin 27-ci ilini yaşayan Azərbaycan Respublikası günü-gündən qüdrətlənir. Bu ölkənin gələcək inkişafı isə məhz sizin əlinizdədir. Əminəm ki, uğurlu fəaliyyətinizlə davamlı olaraq sizə göstərilən qayğını doğruldacaqsınız”.

C.Bayramov SABAH məzunlarına tövsiyə verərək deyib ki, hər məqsəd əlçatandır, əsas odur ki, insan öz missiyasını düzgün müəyyənləşdirsin: “Hər bir məqsəd zəhmət, ona çatmaq istiqamətində ardıcıl fəaliyyət və ağıl nəticəsində əlçatandır. Önəmli odur ki, həyatda missiyanızı düzgün müəyyənləşdirəsiniz. Sizə dəstək olanlara ehtiram göstərib, xalqınıza ləyaqətlə xidmət göstərəsiniz”.

Müasir və sürətlə dəyişən dünyada uğura gedən yolun peşəkar bilik və bacarıqların, innovasiyalara açıq olmaq qabiliyyətinin birliyindən keçdiyini deyən təhsil naziri bu yolda hər bir SABAH məzununa uğurlar arzulayaraq onları təbrik edib.

SABAHın açarı ötürüldü

Mərasimdə təhsil aldıqları müddətdə ən yüksək akademik göstəricilər əldə edən SABAH məzunlarına sertifikatlar təqdim olunub.

SABAHın məzunları - Bakı Musiqi Akademiyasının tələbəsi Vüsalə Babayeva və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Samir Hüseynov onlar üçün yaradılan imkanlardan, bu qruplarda müasir dünyanın tələblərinə cavab verən yüksək hazırlıqlı mütəxəssislərin yetişməsi üçün münbit şəraitin olmasından danışıb, əldə etdikləri bilik və bacarıqların gələcək karyeralarında əhəmiyyətli rol oynayacağını qeyd ediblər. Onların sözlərinə görə, SABAH qruplarında təhsil almağın fərqini elə ilk gündən hiss ediblər. Burada onlara sadəcə nəzəri bilik deyil, öyrəndiklərini təcrübədə tətbiq etmək imkanı verilib. Beynəlxalq layihələrə qatılmaq, Londonda keçirilən yay məktəbində iştirak şansı isə SABAH məzunlarının həyatında unudulmaz iz buraxıb.

Sonra onlar rəmzi SABAH açarını III kurs tələbələrinə təhvil veriblər.

Sonda SABAH qruplarının himni səsləndirilib.

Ruhiyyə DAŞSALAHLI

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR