A

Modern.az

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) artıq dünyanın nüfuzlu universitetləri ilə ayaqlaşmaq mərhələsindədir.

Bu ali məktəbdə neqativ halların kökü qısa bir zamanda kəsildi, UNEC tədqiqat universitetinə çevrilmək istiqamətində qarşıya qoyduğu strateji hədəfə qısa bir zamanda çata bildi. Tədrisdə sıçrayışlı keyfiyyət dəyişikliyi ilə yanaşı, “Web of Science” və “Scopus” platformalarına daxil olan nüfuzlu elmi jurnallarda məqalələrin və nüfuzlu beynəlxalq nəşriyyatlarda monoqrafiyaların nəşr edilməsi, istinadlara görə verilən ballar əhəmiyyətli dərəcədə artmışdır.

Universitetdə 2018-2019-cu tədris ili üçün “Nüfuzlu elmi nəşrlərdə əsərləri çap olunan UNEC əməkdaşlarının mükafatlandırılması haqqında qaydalar”a edilən dəyişikliklərə görə “Scopus” platformasında yerləşən elmi məruzələrə görə birdəfəlik mükafat nəzərdə tutulub və jurnalların kateqoriyalaşdırılmasında “Web of Science” və “Scopus” platformalarının müəyyən etdiyi “Q1,Q2,Q3,Q4” təsnifatı tətbiq edilib. Bu faktor elmi tədqiqatlarla məşğul olanlar üçün yüksək motivasiyadır.

UNEC-də bizim diqqətimizi çəkən əsas uğurlardan biri 2018/2019-cu tədris ili üçün qəbul imtahanlarının nəticələridir. Bu Ali məktəbdə bakalavriat səviyyəsi üzrə qəbul planı 92,1% yerinə yetirilib.  II ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayanların 63 %-nin seçimi məhz UNEC olub, bu isə 2014-cü illə müqayisədə 3,8 dəfə çoxdur. 18 Prezident təqaüdçüsü tələbə məhz UNEC-i seçmişdir. Bunun özü də Universitetin nüfuz göstəricisinin təsdiqidir. 2018/2019-cu tədris ili üçün Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə (BMDM) qəbulun nəticələri də bu ali məktəbdə ürəkaçandır. Ölkənin ali təhsil müəssisələrinə magistratura pilləsi üzrə qəbul planı 74.87 % yerinə yetirildiyi halda, UNEC-də BMDM-a qəbul planı 91,4%, Magistratura mərkəzinə 84,1 %, UNEC Biznes Mərkəzində isə 97% yerinə yetirilib.

Yeni Tədris ilinin ilk Elmi Şurasında UNEC üzərinə düşən missiyasını layiqli şəkildə yerinə yetirmək və müəyyən etdiyi vizyonunu reallığa çevirmək məqsədilə “UNEC dəyərləri” müəyyən edib: Akademik azadlıq, akademik etika, layiqlilik, şəffaflıq, mükəmməllik, keyfiyyətlilik, iştirakçılıq, fərqliliklərə hörmət, cəmiyyət mənafeyini düşünmək kimi yüksək mənəvi keyfiyyətləri özündə birləşdirən Universitet dəyərləri. Fikrimizcə bu dəyərlər uğur formulunu daha da gücləndirəcək. Mənəvi cəhətdən sağlam, öz idealları ilə yaşayan, xeyirxah və zəhmətkeş, yorulmaz və cəsur, dürüst və ədalətli olan, yüksək peşəkarlığa can atan, valideynləri, vətəni və bəşəriyyət qarşısında borcunu anlayan və ödəyən, layiqli vətəndaş, yaxşı qonşu, iş yoldaşı, əsgər, biznes tərəfdaşı, ailə başçısı olacaq insanları dəyərlərlə yetişdirmək mümkündür. 

Dəyərlər insan şəxsiyyətinə yatırılmış itməz və inflyasiyaya uğramayan, gün-gündən faydası artan unikal kapitaldır. Doğru gələcəyin zəmanətidir. Universitetin üzərində belə yüksək missiyanın (vəzifənin) olması onun rolunu əvəzsiz edir.

Danılmaz faktdır ki, ölkə başçısının etimadını doğrutlmaq üçün bu ali məktəbin rəhbərliyi əlindən gələni əsirgəmir.

Təhsil ekspertləri kimi bu yüksək uğurlara görə Rektor, professor Ədalət Muradov başda olmaqla Universitetin bütün kollektivini və tələbələrini səmimi qəlbdən təbrik edir, onlara çiçəklənən ölkəmizə  gələcəkdə daha böyük töhfələr bəxş etmələri istiqamətində uğurlar arzulayırıq. 

Şahlar Əsgərov, professor, Əməkdar elm xadimi
Etibar Əliyev, fəlsəfə üzrə fəlsəfə doktoru, XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR