A

modern.az

Ali təhsil müəssisələrində çalışanların əmək haqqı məsələsi hər zaman təhsilin gündəmində olub. Təhsil sahəsində aparılan islahatlardan sonra bu sahədə xeyli irəliləyişlər var. Artıq ayrı-ayrı universitetlər müxtəlif variantlar tətbiq edirlər.

Bəs Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bu istiqamətdə gördüyü işlər nədən ibarətdir? UNEC rektorunun müşaviri,  iqtisad üzrə fəlsəfə doktoru, dosent Elşən Bağırzadə ilə söhbətimizdə bu kimi məsələlərə aydınlıq gətirməyə çalışdıq.

Müsahibədə Azərbaycan təhsil sistemi üçün yeni olan və professor-müəllim heyətini birbaşa elmi tədqiqatlara və tədrisə kökləyən, bir çox üstünlükləri seçilən Differensial əməkhaqqı sistemindən bəhs olunub. Qeyd edək ki, Differensial əməkhaqqı sistemi yalnız UNEC-də tətbiq olunur və başqa universitetlər üçün də nümunə rolunu oynaya bilər.

AzEdu.az saytı UNEC rektorunun müşaviri Elşən Bağırzadə ilə müsahibəni təqdim edir:

Elşən müəllim, UNEC-də artıq 4-cü tədris ilidir ki, Differensial əməkhaqqı sistemi tətbiq olunur. Ümumilikdə, Differensial əməkhaqqı sisteminin mahiyyəti haqqında məlumat verə bilərsinizmi?

- İşçilərin əmək haqlarını onların xidməti fəaliyyət göstəricilərinə əsasən müəyyən edən hər növ sistemə xidməti fəaliyyətin qiymətləndirilməsinə əsaslanan əməkhaqqı sistemi (ing. Performance Based Pay Systems və ya Performance-related pay) və ya başqa sözlə desək, Differensial əməkhaqqı sistemi adı verilir. Bu tip sistemlər əsasən işçiləri motivasiya etmək və onların fəaliyyətini müəssisənin hədəfləri istiqamətinə yönləndirmək məqsədi daşıyır.Ötən əsrin 80-ci illərindən populyarlaşmağa başlayan xidməti fəaliyyətin qiymətləndirilməsinə əsaslanan əməkhaqqı sistemləri dünya üzrə daha çox özəl sektorda tətbiq edilsə də, son dövrlər dövlət sektorunda da yayılmaqdadır.

Bu gün professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə  əsaslanan Differensial əməkhaqqı sisteminin bənzər formaları başda ABŞ və Avropa ölkələri olmaqla, dünyanın müxtəlif ölkələrinin universitetlərində tətbiq edilir.

- UNEC-də Differensial əməkhaqqı sisteminin tətbiqi hansı zərurətdən irəli gəlib?

- Sistemin tətbiqində əsas məqsəd, UNEC-in əsas gücü olan professor-müəllim heyətinin xidməti fəaliyyətini obyektiv kriteriyalar əsasında qiymətləndirərək, əməkhaqlarını differensiallaşdırmaqla onların elmi-pedaqoji fəaliyyətini UNEC-in inkişaf hədəfləri istiqamətində stimullaşdırılmasını gücləndirməkdir.

Heç şübhəsiz ki, hər bir müəssisə və təşkilatın olduğu kimi UNEC-in də inkişaf hədəfləri var, hətta çox böyük hədəfləri var. Bu baxımdan da professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətini həmin hədəflər istiqamətində stimullaşdırmaq tələb olunur. Məsələn, bu gün biz dünya universitetlərinin akademik reytinq sıralamalarında mövqeyimizi gücləndirmək istəyirik və bunun üçün ən vacib kriteriyalardan biri nüfuzlu elmi jurnallarda məqalələrin nəşr edilməsi və onlara edilən istinadlardır. Bunun üçün də Differensial əməkhaqqı sistemində professor-müəllim heyətinin bu istiqamətdəki fəaliyyətinin stimullaşdırılmasına mühüm yer vermişik. Buna bənzər bir çox fəaliyyət istiqamətləri var ki, biz UNEC-in həmin istiqamətlərdə daha da güclənməsini istəyirik və onlar Differensial əməkhaqqı sistemində öz əksini tapıb. Bu stimullaşdırma fasiləsiz prosesdir. Universitetin hədəfləri dəyişdikcə, stimullaşdırma istiqamətlərində də onlara adekvat şəkildə dəyişikliklər ediləcək. Sistemin tətbiqi də məhz bu zərurətdən yaranıb.

UNEC-də Differensial əməkhaqqı sisteminin tətbiqindən əsas gözləntilər nələrdir?
 

- Ümumilikdə, gözləntilərimiz odur ki, Sistemin tətbiqi UNEC-də nəticəyönümlü fəaliyyətlərin genişlənməsinə, professor-müəllim heyətinin fərdi və qrup məhsuldarlığının yüksəlməsinə,  professor-müəllim heyəti arasında sağlam rəqabət mühitinin yaranmasına və onların işdən məmnunluq səviyyəsinin yüksəlməsinə zəmin yaratmaqla tədris, elmi-tədqiqat və inzibati fəaliyyətlərin səmərəliliyini və keyfiyyətini yüksəldəcək.

Artıq bu istiqamətlərdə real nəticələr əldə edilib. Belə ki, sistemin tətbiqi nəticəsində UNEC-də professor-müəllim heyəti arasında ciddi rəqabət yaranıb, universitetin elm və tədris fəaliyyətləri üzrə nəticələri əvvəlki illərlə müqayisədə ciddi şəkildə yaxşılaşmağa başlayıb və bu yaxşılaşmalar müvafiq beynəlxalq reytinq təşkilatlarının hesabatlarında da öz əksini tapıb.

- UNEC-də tətbiq edilən Differensial əməkaqqı sistemi xarici universitetlərdə tətbiq edilən analoji sistemlərlə eynidirmi?

- Sistemi hazırlanarkən ABŞ, Avropa, Türkiyə və Rusiya universitetlərinin təcrübəsi geniş şəkildə öyrənilib və təhlil edilıb. Ancaq UNEC-də tətbiq edilən sistemin fəlsəfəsi Qərb Universitetlərində tətbiq edilən analoji sistemlərlə eynilik təşkil etsə də, stimullaşdırılması nəzərdə tutulan fəaliyyət istiqamətləri və fəaliyyətlər baxımından özünəməxsusdur.

Sistem UNEC-in inkişaf  hədəfləri və mövcud potensialına  adekvat olaraq hazırlanıb. Bu baxımdan tam orijinaldır. Sistemin orijinallığını xarakterizə edən əsas cəhətlərdən biri də onun proqram təminatının olması və elektron mühitdə fəaliyyət göstərməsidir.

- UNEC-də Diferensial əməkhaqqı sisteminin tətbiqinin hüquqi əsasları haqqında məlumat verə bilərsinizmi?

- 2013-cü ildə təsdiq edilən  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 2.3.1 və 5.10-cu bəndlərində bu tipli sistemlərin formalaşdırılması nəzərdə tutulub. UNEC-də də bu strategiyanın tələblərindən irəli gələrək,“Azərbaycan Respublikasının Təhsil Haqqında Qanunu” və “Azərbaycan Dövlət İqtisad Universitetinin Nizamnaməsi” əsasında “Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin tətbiqi haqqında qaydalar” hazırlanaraq Elmi Şurada təsdiq edilib və 2015-2016-cı tədris ilindən tətbiq edilir.

-Bu sistem UNEC-də çalışan bütün müəllimlərə şamil edilirmi?

-Xeyr. Differensial əməkhaqqı sistemi UNEC-də tam ştat, 0,75 ştat və 0,5 ştat əvəzçiliklə çalışan professor-müəllim heyətini əhatə edir.

- Bəs sistem UNEC-də məsələn, kafedra müdiri işləyən, ancaq cari tədris ilində dərs yükü olmayan əməkdaşlara da şamil edilir?

- Differensial  əməkhaqqı  sistemi yalnız UNEC müəllimlərini əhatə edir. Əgər kafedra müdirinin cari tədris ilində dərs yükü yoxdursa, Differensial əməkhaqqı sistemində iştirak edə bilməz. Nəzərə almaq lazımdır ki, bu sistemdə müəllimlərin illik xidməti fəaliyyəti qiymətləndirilərkən tədris fəaliyyətləri də nəzərə alınır. Əgər kafedra müdirinin dərs yükü yoxdursa, illik xidməti fəaliyyətini qiymətləndirmək də mümkün olmayacaq.

- Sistemdə müəllimlərin illik xidməti fəaliyyətinin qiymətləndirmə mexanizmini sadə dillə necə açıqlaya bilərsiniz?

- Müəllimin illik elmi-pedaqoji fəaliyyəti 2 istiqamət (elm, tədris), bu istiqamətlərə aid olan 4 kriteriya və həmin kriteriyalara aid olan çoxlu sayda fəaliyyət növü əsasında qiymətləndirilir. Fəaliyyət növlərindən hər birinin ilkin balı var və bu ballar Diferensial əməkhaqqı sistemi ilə bağlı qəbul edilmiş Qaydalardakı cədvəllərdə açıq göstərilib. Deyək ki, müəllimin bir il ərzində bu fəaliyyət növlərindən 10-u üzrə real fəaliyyəti olub. Bu zaman həmin fəaliyyətləri öz “şəxsi kabinetin”dən Diferensial əməkhaqqı sisteminə daxil edir və Sistem elmi-pedaqoji fəaliyyət istiqamətləri və kriteriyaların xüsusi çəkiləri əsasında onun F dediyimiz illik xidməti fəaliyyət balını  hesablayır. Bu hesablama detallı şəkildə Diferensial əməkhaqqı sistemi ilə bağlı qəbul edilmiş Qaydalardakı Əlavə 1-də açıq şəkildə göstərilib. Bu Qaydalar müəllimlərin fəaliyyətlərini Sistemə yüklədiyi “şəxsi kabinet”lərində də tam şəkildə yerləşdirilir.

- Deyək ki, müəllim Differensial əməkhaqqı sistemində maaşını 2 dəfə artırmaq üçün nə etməlidir?

- Differensial əməkhaqqı sistemində UNEC-də tam ştat, 0,75 ştat və 0,5 ştat fəaliyyət göstərən bütün müəllimlərin bir tədris ili üzrə illik xidməti fəaliyyət balları (F) hesablanır və bu ballar əsasında onların cari tədris ili üzrə reytinq siyahısı tərtib edilir. Əgər müəllim həmin reytinq siyahısında 1-10-cu yerlərdən birini tutarsa, növbəti tədris ilindən müəllim maaşı 2 dəfə, 11-30-cu yerlərdən birini tutarsa 1,7 dəfə, 31-60-cı yerlərdən birini tutarsa 1,5 dəfə, 61-100-cü yerlərdən birini tutarsa 1,2 dəfə artırılır. Göründüyü kimi müəllim maaşının 2 dəfə artırılmasını istəyirsə, cari tədris ilində reytinq siyahısında “ilk onluq”a daxil olması yetərlidir.


- Differensial əməkhaqqı sistemində maaşlara əlavələr necə tətbiq edilir?

- Aparılan qiymətləndirmələr əsasında professor-müəllim heyətinin illik reytinq siyahısı formalaşır və bu siyahıda ilk “100-lük”də yer alan müəllimlərin vəzifə maaşlarına tutduqları yerə uyğun olaraq, növbəti tədris ilindən müvafiq əlavələr edilir. Bir sözlə, professor-müəllim heyətinin vəzifə maaşları azaldılmır, sadəcə hər cari tədris ilində elmi-pedaqoji fəaliyyətində daha yüksək nəticələr əldə edən müəllimlərin maaşlarına növbəti tədris ilində müvafiq əlavələr edilir. Professor-müəllim heyətinin əmək haqqlarına əlavələr onların məhz cari tədris ilində əldə etdikləri elmi-pedaqoji nailiyyətlərinə görə verilir. Əgər növbəti tədris illərində də bu nailiyyətlərini davam etdirə bilməyib, reytinq siyahısında ilk “100-lük”də yer tuta bilmirlərsə, bu əlavələri ala bilmirlər.

- Bildiyim qədərilə biz məlumatlar Differensial əməkhaqqı sisteminə yüklədikdən sonra bu məlumatlar ayrıca komissiya tərəfindən ekspertizadan keçirilir. Bu ekspertiza necə baş verir?

- Müəllimlər məlumatlarını təsdiqedici sənədlərlə birlikdə Sistemə daxil etdikdən sonra “Professor-müəllim heyətinin Xidməti Fəaliyyətinin Qiymətləndirilməsi üzrə Daimi Komissiya” onların təqdim etdiyi müvafiq təsdiqedici internet səhfələri və sənədləri Differensial əməkhaqqı ilə bağlı qəbul edilmiş Qaydalar əsasında ekspertizadan keçirdikdən sonra həmin məlumatları təsdiq edir. Sistemə daxil edilən təsdiqedici internet səhfələri və ya sənədlərin yetərsiz olması həmin fəaliyyətlə bağlı məlumatın təsdiq edilməməsi üçün əsasdır. Göründüyü kimi, komissiyanın işi yalnız daxil etdilən məlumatların qüvvədə olan müvafiq Qaydalara uyğunluğunu yoxlamaqdır.

Komissiya Sistemə daxil edilən məlumatların həqiqi olub-olmamasını necə müəyyən edir? 

- Heç şübhəsiz ki, daxil edilən təsdiqedici sənədlərə baxılır və onların  həqiqiliyi diqqətlə araşdırılır. Bunun üçün komissiyanın yetərli qədər intellektual və texniki imkanları mövcuddur. Lazım gəldikdə müəllimlərdən bəzi sənədlərin orjinalı tələb edilir. Ancaq belə hallar o qədər də çox olmur. Ümumiyyətlə, onu da bilmək lazımdır ki, müəllimlər Sistemə daxil etdikləri məlumatların, təsdiqedici internet səhfələri və sənədlərin həqiqiliyinə görə “Azərbaycan Dövlət İqtisad Universitetində İşçilərin Universitetdaxili İntizam Qaydaları”nın müvafiq maddələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Buna görə də hesab edirik ki, hər bir müəllim Sistemə məlumatlar daxil edərkən diqqətli və məsuliyyətli olmalıdır.


- Differensial əməkhaqqı komissiyasının üzvləri eyni zamanda da UNEC müəllimləridir və onlar da Sistemə elmi-pedaqoji fəaliyyətləri ilə bağlı məlumatlar daxil edirlər. Bu şəxslər öz daxil etdikləri məlumatlarıdamı özləri ekspertiza edirlər?

- Xeyr.Komissiya üzvlərinin müəllim kimi daxil etdikləri məlumatları rektorun əmri ilə təşkil edilmiş ayrı bir komissiya ekspertiza edir. Həmin komissiyanın sədri də UNEC rektorudur. O, Komissiya haqqında hər bir müəllim “şəxsi kabinetin”də yerləşdirilmiş “Qaydalar” bölməsindən məlumat əldə edə bilər.

Bu Sistem UNEC-də kafedraların və fakültələrin də reytinqini siyahılarını hazırlayır. Bu necə baş verir?

- Bəli, doğrudur. UNEC-də hər kafedra üzrə bütün müəllimlərin illik xidməti fəaliyyət balları (F) toplanaraq o kafedradakı müəllimlərin sayına bölünməklə həmin kafedranın illik xidməti fəaliyyətinin orta balı hesablanır. UNEC-də kafedraların illik xidməti fəaliyyətinin orta balları ən yüksəkdən ən aşağıya sırlanaraq UNEC üzrə kafedraların illik reytinq siyahısı hazırlanır.

Eyni qaydada UNEC-də hər fakültə üzrə bütün müəllimlərin illik xidməti fəaliyyət balları (F) toplanaraq o fakültədəki müəllimlərin sayına bölünməklə həmin fakültənin illik xidməti fəaliyyətinin orta balı hesablanır. UNEC-də fakültələrin illik xidməti fəaliyyətinin orta balları ən yüksəkdən ən aşağıya sırlanaraq UNEC üzrə fakültələrin illik reytinq siyahısı hazırlanır.

 Differensial əməkhaqqı sistemində “Tələbələrin müəllimdən məmnunluq anketi” var. Bu anketdən ballar necə toplanır?  

- Müəllimin ilboyu dərs dediyi hər tələbədən bu göstərici üzrə əldə etdiyi balların toplanaraq anketi dolduran tələbələrin sayına bölünməsi yolu ilə əldə edilir. Anket 10 sualdan ibarətdir. Qoyulan suallara Differensial əməkhaqqı sistemilə bağlı Qaydalarda baxa bilərsiniz. Burada elə suallar qoyulmuşdur ki, bunlar tələbənin qiymətləndirə biləcəyi suallardır. Bu göstərici üzrə ballar tələbələrin elektron qaydada doldurduqları anketlər əsasında Sistem tərəfindən avtomatik hesablanır.

- Sizcə Sistemdə “Tələbələrin müəllimdən məmnunluq anketi”nə yer verilməklə müəllimlər tələbələrdən asılı edilmir ki?

- Qətiyyən. Çünkü Differensial əməkhaqqı sistemində müəllimin toplaya biləcəyi ən yüksək bal 100 ola bilər, bunun da hazırda ən çoxu 3 balını “Tələbələrin müəllimdən məmnunluq anketi”ndən toplaya bilər. Göründüyü kimi müəllimin toplaya biləcəyi qalan 97 bal tələbənin qiymətləndirməsindən asılı deyildir.

- Tələbələrin doldurduqları bu anket nə qədər məxfidir?

- Bildiyiniz kimi tələbələr bu anketləri “şəxsi kabinetləri”ndən elektron qaydada doldururlar və tələbə anketi dolduran zaman bu informasiyaları kiminləsə bölüşmürsə, bundan nə müəllimlərin, nə də digər tələbələrin xəbəri ola bilər. Eyni zamanda da doldurulan anketlərdəki informasiyalara yalnız Universitetin rəhbərliyinin çıxışı olur, onlar da həmin informasiyalardan ancaq tədrisi daha da təkmilləşdirmək məqsədilə istifadə edir.

-Bu anket tələbələr tərəfindən hansı tarixlər arasında doldurulur?

- Tələbələr Differensial əməkhaqqı sisteminə məlumatların daxil edildiyi müddət ərzində bu anketləri doldura bilərlər. Sadəcə tələbə fənn müəllimi ilə bağlı anketi bir dəfə doldurduğu zaman, Sistem ona təkrar belə hüquq vermir. Hər tələbə öz fənn müəllimi ilə bağlı yalnız bir dəfə anketi doldura bilər.

- Sistemdə “Tələbələrin mənimsəmə səviyyəsi” üzrə ballar necə toplanır?

- Müəllimin ilboyu dərs dediyi hər tələbədən bu göstərici üzrə əldə etdiyi balların toplanaraq həmin tələbələrin sayına bölünməsi yolu ilə əldə edilir. Bu göstərici üzrə bal tələbələrin imtahan nəticələri əsasında Sistem tərəfindən avtomatik hesablanır.

- Sistemə daha çox fəaliyyət üzrə məlumatların daxil edilməsi müəllimin reytinq siyahısında daha yüksək yerləri tutmasına zəmanət verirmi?

- Yaxşı sualdır. Bəzən belə fikir irəli sürülür ki, Sistemdə məsələn deyək ki, 3 fəaliyyət üzrə məlumat daxil edənlər 10 fəaliyyət üzrə məlumat daxil edənlərdən reytinq siyahısında daha yüksək yerlərdə qərarlaşır və bu doğru deyil. Belə fikir irəli sürənlər görünür Sistemlə tam şəkildə tanış olmayan şəxslərdir. Çünkü Sistemdə elə fəaliyyətlər var ki, onlara verilən ilkin ballar bəzi digər fəaliyyətlərə verilən ballardan dəfələrlə çoxdur. Təbiidir ki, daha yüksək balın verildiyi fəaliyyətlər üzrə məlumat daxil edənlər, fəaliyyət sayları az olsa da, reytinq siyahısında daha yüksək yerdə qərar tutacaqlar.

- Sistemin şəffaflığı necə təmin edilir?

- Sistem tamamilə şəffaflıq və hesabatlılıq prinsipləri əsasında qurulmuşdur. Belə ki, Sistem proqram təminatı əsasında fəaliyyət göstərir, müəllimlər elmi-pedaqoji fəaliyyətlərinin nəticələrini müvafiq qaydada “şəxsi kabinet”lərindən internet üzərindən Sistemə daxil edirlər və qiymətləndirmə də proqram təminatı əsasında avtomatik həyata keçirilir və reytinq siyahıları formalaşır. Sistemin proqram təminatının bütün elementləri UNEC professor-müəllim heyəti üçün açıqdır, hər hansı bir müəllim, hər hansı digər müəllimin reytinq siyahısında hər hansı bir yeri necə tutuduğunu internet üzərindən açıq şəkildə izləyə və prosesə nəzarəti həyata keçirə bilir. Bu baxımdan tam əminliklə qeyd etmək olar ki, Sistemin fəaliyyətinə UNEC-də nə rəhbərliyin, nə də digər hər hansı bir  universitet əməkdaşının müdaxilə etməsi mümkünsüzdür.

- Sistemin tətbiq edildiyi son üç ildə əldə olunmuş nailiyyətləri qısa şəkildə necə qeyd edə bilərsiniz?

- Sistemin tətbiq edildiyi son üç tədris ilində əldə olunmuş nailiyyətlərə nəzər saldıqda, UNEC elmi-pedaqoji heyətinin tədris proqramlarının yazılması, dərs vəsaitlərinin hazırlanması, xarici dil və ixtisas biliklərinin artırılması, mütərəqqi tədris resurslarının və metodikasının tətbiqi, beynəlxalq müəllim mübadilə proqramlarında iştirak, yerli və beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmək, elmi-tədqiqat qrant layihələrində iştirak, nüfuzlu yerli və beynəlxalq elmi jurnallarda məqalələrin nəşr etdirilməsi kimi bir sıra istiqamətlərdə əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə nailiyyətlər əldə etiyini görmək mümkündür. Heç şübhəsiz ki, ən böyük nailiyyət nəşr edilən elmi əsərlərin sayında, xüsusilə də xaricdə nəşr edilən elmi əsərlərin sayında olmuşdur. Belə ki, Sistemin tətbiq edildiyi 2015-2018-ci illər arasında UNEC əməkdaşlarının nəşr etdirdikləri elmi məqalə və tezislərin ümumi sayı hər il təxminən 1,5 dəfə, xaricdə nəşr etdirdikləri elmi məqalə və tezislərin ümumi sayı isə təxminən 2 dəfə artmışdır. Burada xüsusilə “Web of Science” və “Scopus” bazalarındakı elmi jurnallarda nəşr edilən əsərlərin sayına diqqət yetirmənizi istəyirəm. Bildiyiniz kimi hal-hazırda bu bazalarda dünya elminin ən nüfuzlu elmi jurnalları cəmlənmişdir. Belə ki, 1991-2018-ci illər arasında “Web of Science” bazasındakı UNEC mənşəli elmi əsərlərin ümumi sayının (74 əsər) 56,8%-i (42 əsər) məhz Sistemin tətbiq edildiyi 2015-2018-ci illər arasında nəşr edilmişdir. Həmçinin “Scopus” bazasındakı elmi nəşrlərdə də müstəqillik dövründə nəşr edilən UNEC mənşəli elmi əsərlərin ümumi sayının (60 əsər) 66,6%-i (40) Sistemin tətbiq edildiyi 2015-2018-ci illərin payına düşür.

- Son olaraq, 2018-2019-cu tədris ili üçün UNEC Elmi Şurası Differensial əmək haqqı sisteminin Qaydalarına bir sıra dəyişiklikləri təsdiq etdi. Qısa şəkildə bu dəyişikliklərin mahiyyətini açıqlaya bilərsinizmi?

- Bildiyiniz kimi UNEC dünya səviyyəli universitet olmağı hədəfləyir və bu baxımdan elmi-tədqiqat potensialını gücləndirmək əsas vəzifə kimi qarşısında dayanır. Ölkəmizdə də tədqiqat universitetlərinin formalaşdırılması istiqamətində ciddi addımlar atılır və tədqiqat universiteti statusunu qazanmaq üçün Nazirlər Kabineti tərəfindən müvafiq kriteriyalar da təsdiq edilmişdir. Differensial Əmək Haqqı Sistemində cari tədris ili üçün edilən dəyişikliklər zamanı da məhz bu kriteriyalar əsas götürülmüşdür. Belə ki, Sistemdə elmi fəaliyyətlərə ayrılan pay 40%-dən 70%-ə yüksəldilmiş və nüfuzlu elmi nəşrlərdə əsərlərin çap edilməsinə görə müəyyən edilən ballar ciddi şəkildə artırılmışdır. Hesab edirəm ki, bu dəyişikliklər növbəti illərdə UNEC-i qarşıya qoyduğu hədəfinə daha da yaxınlaşdıracaqdır.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR