A

"Каспий" qəzeti

Oğlanlara uduzanda ağlayan qız - Portret

O, təhsili idmana qurban verməyən nadir gənclərdəndir

Ötən ay Azərbaycan karatesi üçün əlamətdar oldu. Belə ki, Madriddə keçirilən dünya çempionatında təmsilçimiz İrina Zaretska bütün rəqiblərini üstələməklə, dünya çempionu olan ilk qadın karateçimiz kimi tarixə düşdü. Zaretskanın uğuru həm də bu baxımdan əlamətdardır ki, o, Rafael Ağayevdən sonra DÇ-lərdə çempionluq qazanan ikinci Azərbaycan karateçisidir. Nəticələr, tatami ustalarımızın iddiasını ortaya qoyaraq, onların 2 il sonra bu idman növünün vətənində baş tutacaq Yay Olimpiya Oyunlarından da əliboş dönməyəcəyinə sonsuz inam yaradır.

Yazının qəhrəmanı da sözügedən mundialın iştirakçısıdır. Gənc karateçimiz Fəridə Əliyeva mükafatçılar sırasına düşməsə də, bunadək dəfələrlə adından söz etdirib. Uğurlarından biri də ölkəmizin ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları ilə bağlıdır. O, bu mötəbər yarışda fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Mütəxəssislər hesab edir ki, potensialı, əzmkarlığı sayəsində gələcəkdə daha böyük nailiyyətlər qazanacaq. Qəhrəmanımızın, Tokio-2020 Yay Olimpiya Oyunlarını buraxacağı dəqiqləşsə də, o, 2019-cu ildə Minskdə baş tutacaq II Avropa Oyunlarında baş mükafatı hədəfləyib.

Qardaşına görə...

Əliyeva Fəridə Tariyel qızı 1997-ci ildə Bakıda dünyaya gəlib. Ziyalı ailədə böyüyən Fəridə, məktəbə addım atdığı ilk günlərdən dərslərində aktivlik göstərib. Yüksək zehni göstəricisi, məsuliyyəti ilə tezliklə müəllimlərin sevimlisinə çevrilib. Ümumiyyətlə, atası hüquqşünas, anası isə riyaziyyatçı olan Əliyeva, təhsili həmişə prioritet kimi qəbul edib. İdman belə, ali təhsil almasına əngəl olmayıb. Belə ki, o, hazırda İqtisad Universitetinin beynəlxalq münasibətlər ixtisasının dördüncü kurs tələbəsidir. Fəridə deyir ki, əvvəllər idmanla məşğul olmağı ağlından keçirməyib. Karate ilə tanışlığı könülsüz olub desək, yanılmarıq. Fəridə, valideynlərinin göstərişinə əsasən, qardaşına dəstək olmaq üçün atasının dostu, millət vəkili Ülvi Quliyevə məxsus Mərkəzi Karate Məktəbinə gedib. Lakin getdikcə həvəs güc gəlib. Üstəlik, yüksək qavrama qabiliyyəti burada da özünü büruzə verib. Çox keçməyib ki, ölkəmizdə ən sevilən idman növlərindən olan yapon döyüş təlimini həyat tərzinə çevirib. Doqquz yaşından karatenin sıralarına qoşulan Əliyeva, öncə Nağı Mehdiyevin, bir il sonra isə əməkdar məşqçi Anar Allahverdiyevin rəhbərliyi altında hazırlıq keçib. Sonuncu, bu günədək onun şəxsi məşqçisidir.

Uğurları

Məşqlərə başlamasından çox keçmir ki, o, qardaşı Fərid ilə birgə Bakıda təşkil olunan yeniyetmələr arasında Avropa çempionatında ölkəmizi təmsil edir. Təcrübəsi sadəcə, ilk görüşü qələbə ilə başa vurmağa kifayət edir. Əvəzində Fəridin "beşliy"ə düşməsi onun üçün stimul olur. "O, bacardı, mən niyə bacarmayım?!" deyib, məşqlərə daha da ciddi yanaşır. Tezliklə də bəhrəsini görür. Bir il sonra dünya kubokunun qalibi olur, dünya çempionatının isə bürünc mükafatını boynundan asır. Həmin il şotokan karate üzrə dünya çempionatında da çıxış edərək, sonda baş mükafata sahib çıxır. 2014-cü ildə isə qatıldığı yarışların hamısında fəxri kürsüdə yer alır. Əvvəlcə Ukraynada baş tutan beynəlxalq turnirin qızıl mükafatçısı olan Əliyeva, Xorvatiyanın ev sahibliyi etdiyi dünya kubokunda yalnız finalda məğlub olur. Ardınca isə Ərzurumda keçirilən beynəlxalq turnirdə yenidən fəxri kürsünün ilk pilləsində yer alır. Əliyevanın həmin il qazandığı digər iki mükafat şotokan karate üzrə Avropa çempionatı ilə bağlıdır. Belə ki, o, şəxsi mübarizəni üçüncü pillədə tamamlayır, komanda yarışında isə qızıl medala yiyələnir. 2015-ci ildə Xorvatiya və İsveçrədə baş tutan beynəlxalq turnirlərin gümüş və bürünc medallarına sahib çıxır. 2016-cı ildə Ərzurumda keçirilən turnirin qalibi olan Fəridə, "Premyer liqa" seriyasından olan nüfuzlu "İstanbul open" turnirinin bürünc medalını kolleksiyasına daxil edir. Növbəti il isə İslamiadadan başqa, gənclərin dünya çempionatı və İsveçrədə baş tutan beynəlxalq turnirdə fərqlənir. Əliyeva hər iki yarışın bürünc medalını boynundan asır.

Bu arada, onu da qeyd edək ki, qardaşının karate karyerası qısa çəkib. Təhsili üstün tutan Fərid, hazırda Türkiyədə magistr təhsili alır.

Avropa Oyunlarına doğru

Karate tarixdə ilk dəfə olaraq məhz Tokioda baş tutacaq dördilliyin zirvə yarışının proqramına daxil edilib. Lakin olimpiadada çəki dərəcələrinin sayı məhduddur. Belə ki, kumite növündə kişi və qadınlarda dünya, qitə çempionatları və digər yarışlar 10 çəki üzrə keçirilirsə, olimpiadanın proqramına 6 çəki dərəcəsi salınıb. Fəridənin çıxış etdiyi 68 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançıları, beynəlxalq turnirlərdə lisenziya xalları toplamaqdan başqa, çəkisi 68 kiloqramadək olan komanda yoldaşları ilə rəqabət qayğılandırır. Bizdə isə bu mübarizə artıq sona çatıb. Çəkisi 68 kiloqrama qədər olan qadın karateçilərin dünya reytinqinin ilk pilləsini heç kimə güzəştə getməyən dünya çempionu Zaretska, olimpiadada iştirak məsələsini həll edib. Belədə, Əliyevanın yaxın gələcək üçün əsas hədəfi II Avropa Oyunlarıdır. Bakıda təşkil olunan I oyunları buraxan Fəridə, öncə lisenziya qazanmalıdır. Bunun üçün isə növbəti ilin martında İspaniyanın Qvadalaxara şəhərində təşkil olunacaq Avropa çempionatında "beşliy"ə düşmək lazımdır. O, nəinki lisenziya qazanacağına, Minskdə çempion olacağına da inanır. Məşqçisinin də bu yolda ona ümidi böyükdür. Anar Allahverdiyevin yetirməsi barədə fikirləri təqdim edirik: "İlk vaxtlardan özünü yaxşı tərəfdən göstərib. Verilən tapşırıqları çox rahatlıqla mənimsəyib. Üstəlik, fiziki göstəriciləri də karateyə uyğundur. Ümumiyyətlə, Fəridə istedadlı idmançıdır. İnanıram ki, yeniyetmə və gənclərdə qazandığı uğurları, böyüklərdə də təkrarlayacaq. Sadəcə, böyüklərin yarışında təcrübəsi azdır. Özündən yeddi-səkkiz yaş böyük rəqibləri ilə görüşlərdə bu, özünü aşkar göstərir".

Oğlanlara yerini göstərən qız

Əvvəllər qrupda qızlar olmadığından, oğlanlarla birgə məşq keçməli olub. Qardaşı da daxil, bütün oğlanlarla başa-baş mübarizə aparan Fəridə, əksər hallarda onlardan üstün olub. Məğlubiyyəti isə heç cür həzm etməyib. Bunu faciəyə çevirən qəhrəmanımız, hətta tatamidən kənarda hönkür-hönkür ağlayıb. Oğlanlarla döyüş təcrübəsi idmandan kənarda da onun köməyinə çatıb. Əliyeva, ona "ilişən" əks cinsin nümayəndələrinə dəfələrlə yerini göstərib. Deyir ki, indi sakit, təmkinli olsa da, əvvəllər çox aqressiv imiş. Bu "qulaqburma"lar da o dönəmdən qalan xatirələrdir.

Ən yaxın rəfiqəsi - Fəridə

Əliyevanın nəinki karate və ya idman aləmində, ümumilikdə ən yaxın rəfiqəsi Abıyeva soyadlı adaşıdır. İslam Həmrəyliyi Oyunlarının qalibi ilə dostluğu Bakıda keçirilən Avropa çempionatından başlayıb. Bu arada, Abıyeva da Mərkəzi Karate Məktəbinin yetirməsidir. Əliyeva deyir ki, hamı kimi, onun da valideynləri Abıyevaya pərəstiş edib, onu daim nümunə göstəriblər.

Komandanın bələdçisi

Hamıdan fərqli olaraq, Fəridənin səfərlərdəki işi döyüşlə məhdudlaşmır. İngilis dilini mükəmməl bilən, səfərlərdən öncə bir qayda olaraq həmin ölkələrin coğrafiyası, mədəniyyəti barədə informasiya toplayan qəhrəmanımız, şəhər gəzintisində bələdçi funksiyasını da yerinə yetirir. Dediyinə görə, arada tərcüməçiləri də "çörəksiz" qoyur.

Bədii ədəbiyyatla da arası əladır. Dünya ədəbiyyatından Viktor Hüqo, Fyodor Dostoyevski və digər nəhəng yazıçıların əsərlərini oxuyan Əliyeva, yerli müəlliflərdən Elxan Elatlıya üstünlük verir.

Portret

Mehriban, pozitiv xüsusiyyətlərinə görə sevilən qəhrəmanımız, zahiri gözəlliyi ilə də diqqət çəkir. Bura onun inadkarlığını da əlavə etsək, portret cizgiləri tamamlanar. O, təhsili idmana qurban verməyən nadir gənclərdəndir. Biliklərini inkişaf etdirib, tatamidən kənarda da vətənə layiqincə xidmət etmək istəyir. Təqdir olunmalı məqamdır. Bununla belə, idmanla tezliklə vidalaşmaq istəmir. "Arzularımı reallaşdırmadan karatedən getsəm, gözüm arxada qalar" deyir. Cəmi 21 yaşı var, arzularını həyata keçirmək üçün hələ çox zamanı olacaq. Yeri gəlmişkən, sabah onun doğum günüdür. Gənc karateçimizi təbrik edirik!

Sahib

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay