A

"Azərbaycan müəllimi" qəzeti

Tədqiqatyönümlü universitet kimi dünyada tanınmaq ali təhsil müəssisəsinin qarşıya qoyduğu hədəflərdəndir

Bu gündən  Azərbaycan İqtisad Universitetində (UNEC)  "Elm aylığı"na start verilib.  Bununla bağlı UNEC-də geniş tədbirlər planı təsdiq edilib. Plana uyğun olaraq  silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. "Elm aylığı" rəsmi açılışını  "Tədqiqat universiteti: nələri bilmirik?" mövzusunda keçirilən elmi-praktik  konfransla edib.  UNEC-in rektoru,  professor Ədalət Muradov  ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycan  Respublikasında “Elm günü”nün təsis edildiyini və hər il martın 27-nin  ölkəmizdə "Elm günü"kimi qeyd olunacağını diqqətə çatdırıb. Qeyd edilib ki, artıq neçə illərdir  UNEC-də "Elm aylığı" təşkil olunur.  "Elm aylığı”nın əsas məqsədi UNEC-də elmi fəaliyyətin cəlbediciliyini artırmaq, universitetin professor-müəllim heyətini, tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaq, tədqiqatçı əməkdaşların potensialını üzə çıxarmaq, onları cəmiyyətə təqdim etməkdir. Sənədin  əhəmiyyətindən danışan rektor  bildirib ki, bu sərəncamı və UNEC-in tədqiqat universitetinə transformasiya hədəfini əsas tutaraq fevralın 27-dən martın 27-dək keçiriləcək növbəti  aylıq çərçivəsində UNEC-də “Yeni elm sahələri - ekonofizika, “Elm haqqında elm”, “İqtisadiyyat üzrə Nobel laureatları”, “Elmi fəaliyyətin institusional sistemi: müasir vəziyyət və perspektivlər”, “Qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələri və vergi yükünün qiymətləndirilməsi”, “Azərbaycanda rəqəmsal iqtisadiyyat və inkişaf perspektivləri”, “İslam maliyyəsi: müasir trendlər və inkişaf perspektivləri”, “Tələbələrin elmi fəaliyyətə cəlb olunması: problemlər və perspektivlər”, “Azərbaycan iqtisadiyyatı koqnitiv tədqiqatlar kontekstində” kimi maraqlı mövzulara həsr olunan tədbirlər keçiriləcək.

Professor Ə.Muradov  bu gün  keçirilən konfransın adının təsadüfi seçilmədiyini deyib: "Bu gün biz elmi tədqiqatların təşkili, aparılması, nəticələrinin saxlanılması, ötürülməsi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirməyə çalışacağıq. Biz UNEC-i tədqiqat universitetinə transformasiya etmək istəyirik. Bu istiqamətdə mühüm addımlar atılıb, xeyli işlər görülüb. Bununla bağlı  UNEC-də 22 tədqiqat mərkəzi, Gənc Alimlər Şurası, UNEC Tədqiqat Fondu, Elmi Fəaliyyətin Təşkili və İdarəedilməsi Departamenti yaradılıb".

Qeyd olunub ki, həyata keçirilən  stimullaşdırıcı tədbirlər çərçivəsində UNEC-in professor-müəllim heyətinin "Web of Science" bazasına daxil edilən elmi əsərlərinin sayında da ciddi artım qeydə alınıb. Belə ki, ali təhsil müəssisəsinin 1991-2018-ci illərdə “Web of Science” bazasına daxil edilən elmi əsərlərinin (77 əsər), təxminən, 56%-i  (43 əsər) son 3 ilin payına düşür. Beynəlxalq səviyyəli universitet olmaq istiqamətində məqsədyönlü addımlar atan UNEC dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan "Clarivate Analytics" (əvvəlki adı “Thomson Reuters”) şirkətinin mükafatına layiq görülüb.  Müəllim heyətinin nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artmasına və dünya elm məkanına uğurla inteqrasiyasına görə "Clarivate Analytics" şirkətinin "Web of Science Awards-2018" və "Most progressive universities in Web of Science for the last 3 years" mükafatlarını qazanıb. UNEC-də "Clarivate Analytics" şirkəti ilə əməkdaşlıq çərçivəsində birgə beynəlxalq konfrans və təlimlər keçirilib. Rektor: "MDB məkanı ölkələrində ilk dəfə olaraq UNEC-də elmmetriya haqqında biliklərin sistemləşdirildiyi "Elmmetriya üzrə vəsait: Elm və texnologiyaların inkişaf indikatorları” kitabı tərcümə edilərək çap olunub",-deyə bildirib.

Rektor bu istiqamətdə görülən işləri daha da aktivləşdirmək məqsədi ilə UNEC-də beynəlxalq beyin mərkəzinin yaradılmasının nəzərdə tutulduğunu deyib: "Sırf elmi araşdırmalar, tədqiqatlar ilə məşğul olan alimlərin, ancaq müəllim olaraq fəaliyyət göstərən əməkdaşlardan fərqləndirilməsi olduqca zəruridir və impakt  faktoru yüksək olan elmi nəşrlərdə məqalə cap edən UNEC araşdırmaçıları mükafatlandırılır".  

Professor Ədalət Muradov çıxışında habelə  rəhbərlik etdiyi ali təhsil müəssisəsində  elmi fəaliyyətin daha da genişləndirilməsi, elmi araşdırmaların, tədqiqatların stimullaşdırılması, tədqiqat universitetinə keçid istiqamətində son illər həyata keçirilən işlər, əldə edilmiş nəticələr, nailiyyətlər barədə də konfrans iştirakçılarına geniş məlumat verib.

UNEC-in qısa zaman ərzində böyük uğurlar əldə etdiyi bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə universitetin ölkəmizin  iqtisad elminin inkişafındakı rolundan danışıb:  "Mütəmadi olaraq bu təhsil müəssisəsində  günün reallıqlarına cavab verən elmi tədbirlərin keçirilməsi təqdirəlayiqdir. Azərbaycanda uğurlu iqtisadi inkişaf strategiyası icra olunur, ölkədə özünəməxsus iqtisadi model formalaşmaqdadır". Qabaqcıl təcrübənin tətbiq olunması zamanı Azərbaycanın milli maraqlarının nəzərə alınmasının zəruriliyini bildirən Z.Səmədzadə UNEC-in dünyanın aparıcı universitetləri ilə bir cərgədə olacağına əminliyini vurğulayıb.

"İctimai elmlərin əsas problemləri” mövzusunda məruzə  edən AMEA-nın İctimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova dövlət başçısının müvafiq sərəncamı ilə "Elm günü"nün təsis olunmasının əhəmiyyətinə toxunub. Elmin əsas məqsədinin insan həyatının rifahı olduğunu bildirən N.Axundova qlobal elmdə mövcud meyllərin Azərbaycana da təsir etdiyini diqqətə çatdırıb. Akademik dövlətimizin yüksək iqtisadi inkişafına nail olunması üçün indiyə qədər keçilmiş tarixi yolun  nəzərdən keçirilməsinin, gələcək inkişafımızın hədəflərinin  düzgün müəyyən edilməsi baxımından zəruri olduğunu bildirib: "Dövlətimizin yüksək iqtisadi inkişafına nail olmaq üçün indiyə qədər keçdiyimiz tarixi yola nəzər salmalıyıq ki, gələcək inkişafımızın hədəflərini düzgün müəyyən edə bilək". 

Müasir dövrün tələblərini nəzərə almaqla yeni elmi paradiqmanın müəyyənləşdirilməsinin vacibliyini vurğulayan N.Axundova dünyada standart inkişaf modelinin mövcud olmadığını, ölkənin reallıqlarını nəzərə almaqla yanaşmalardan istifadənin zəruriliyinə diqqət çəkib.

UNEC-in Elmi Fəaliyyətin Təşkili və İdarəedilməsi Departamentinin direktoru,   professor Zahid Məmmədov "Universitetlərin elmi fəaliyyətində yeni trendlər: beynəlxalq təcrübə və UNEC reallığı" mövzusunda məruzəsində ali təhsil müəssisəsinin  elmi nailiyyətlərindən və gələcəkdə elmi fəaliyyətin uğurlu təşkili üçün atılan addımlardan danışıb.  Alim son illər həyata keçirilmiş tədbirlərin Azərbaycan Dövlət İqtisad Universitetinin nüfuzunun artırılmasına ciddi təsir etdiyini, UNEC professorlarının dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən universitetlərə vizitor alim kimi dəvət edildiyini, II ixtisas qrupu üzrə qəbul imtahanlarında Prezident təqaüdünə layiq görülmüş  tələbələrin 74%-nin ali təhsil üçün UNEC-i seçdiyini  bildirib. Hazırda dünyada universitetlərin apardıqları  elmi tədqiqatlar ilə tanındığını deyən Z.Məmmədov UNEC-də  də bu istiqamətdə bir sıra işlər reallaşdırıldığını qeyd edib.  Professor məruzəsində daha sonra universitetlərin elmi fəaliyyətində yeni trendlərdən, bu sahədə beynəlxalq təcrübədən ətraflı bəhs edib.

Qeyd edək ki, martın 27-də öz işini yekunlaşdıracaq "Elm aylığı" çərçivəsində Azərbaycanın tanınmış elm xadimləri və iqtisadçılarının iştirakı ilə elmi seminarlar, "dəyirmi masa"lar,  görkəmli alimlərlə görüşlər keçiriləcək, müzakirələr və xüsusi diskussiyalar təşkil olunacaq. “Elm aylığı” çərçivəsində həmçinin fakültələrdə və mərkəzlərdə də  tematik "dəyirmi masa"lar planlaşdırılıb.

Samirə KƏRİMOVA

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay