A

“İqtisadiyyat” qəzeti

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, Azərbaycanın Əməkdar Elm Xadimi,  “Şöhrət” ordeni ilə təltif edilmiş, “Qızıl qələm” mükafatçısı, iqtisad elmləri doktoru, professor Tofiq Əvəz oğlu Quliyev 84 yaşında vəfat etmişdir.

Tofiq Əvəz oğlu Quliyev 1935-ci ildə Ağdam rayonunda anadan olmuşdur. O, 1953-cü ildə K.Marks adına Azərbaycan Dövlət Xalq  Təsərrüfatı İnstitutuna daxil olmuş və 1957-ci ildə həmin  institutun “Sənayenin iqtisadiyyatı” fakültəsini fərqlənmə diplomu ilə  bitirmişdir. İnstitutu bitirdikdən sonra ayri-ayrı idarə və  nazirliklərdə sənaye müəssisələrinin  layihələndirilməsi üzrə mühəndis-iqtisadçı, baş iqtisadçı və ali  təhsil üzrə baş inspektor vəzifələrində işləmişdir. O, 1960-1963-cü illərdə Plexanov adına Moskva Xalq Təsərrüfatı  İnstitutunun “Əməyin iqtisadiyyatı” kafedrasının aspirantı olmuşdur. Azərbaycan  tarixində o, əməyin iqtisadiyyatı üzrə aspiranturaya daxil olan birinci gənc alim olmuşdur. T.Ə.Quliyev 28 yaşında (1963-cü ildə) namizədlik, 33 yaşında isə (1968-ci il) doktorluq dissertasiyasını müdafiə etmişdir. 1970-ci  ildən professordur. O, fəlsəfə, sosiologiya və sosial psixologiya elminə son dərəcə aludə olduğu üçün iqtisadi mənafelər problemini özünün doktorluq dissertasiyasının mövzusu kimi seçmişdir.  Doktorluq dissertasiyasının müdafəsindən bir il əvvəl onun Moskvanın “Mısl” kimi ən nüfuzlu nəşriyyatında “Sosializm cəmiyyətində mənafelər problemi” adlı 10 çap vərəqi həcmində monoqrafiyası nəşr edilmişdir. Həmin kitaba qədər Moskva, Leninqrad nəşriyyatlarında, ümumiyyətlə  keçmiş SSRİ nəşriyyatlarında bu mövzuya aid ancaq 2-3 çap vərəqi həcmində kitabçalar dərc edilmişdir. Ona görə də Moskvanın  bir çox görkəmli alimləri T.Ə.Quliyevi bu problem üzrə pioner hesab edirlər. T.Ə.Quliyev bundan başqa Moskvanın «Экономические науки», «Вопросы экономики»  jurnallarında və bir sıra elmi məcmuələrdə Ümumittifaq elmi-praktik konfranslarla bağlı məqalə və tezislər dərc etdirmişdir. Məhz bütün  bunlara görə o, keçmiş SSRİ-də iqtisadçılar arasında ən populyar alim kimi tanınmışdır.

T.Ə.Quliyev SSRİ Jurnalistlər İttifaqının üzvü, SSRİ İqtisadçılar İttifaqının,  sonralar isə Beynəlxalq İqtisadçılar İttifaqının üzvü, bir neçə ildən sonra isə İttifaqın idarə  heyətinin üzvü olmuşdur.

T.Ə.Quliyev uzun illər boyu keçmiş SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin – Elmi-texniki və Elmi-metodiki şuralarının üzvü olmuşdur. Bundan başqa o, SSRİ EA-nın elmi problemlər üzrə bir  sıra  komissiyalarının da üzvü olmuşdur. Bütün bunlara görə təsadüfi deyildir ki, 1989-cu ildə SSRİ EA-nın İqtisadiyyat bölməsi və onun Rəyasət heyəti T.Ə.Quliyevi Azərbaycan SSR EA-nın həqiqi üzvlüyünə tövsiyə etmişdir.

T.Quliyevin elmi yaradıcılığı çoxcəhətli və geniş diapazonludur. Onun 28 dərslik, monoqrafiya və kitabçası dərc edilmişdir. O, 500-ə qədər qəzet və jurnal məqalələrinin, “Sosializmdə əməyin reduksiyası”, “Tənzimlənən bazar iqtisadiyyatı”, “İnflyasiyanın ana­tomiyası” monoqrafiyaları­nın, “Əməyin iqtisadiyyatı”, “Əməyin elmi təşkili”, “İdarəetmənin əsasları” dərsliklərinin müəllifidir.

Onun Moskvanın ən nüfuzlu nəşriyyatlarında dərc edilən kitablarını dünyanın məşhur kitabxanalarının rəflərində görmək mümkündür. Dünyanın 30-dan çox ölkəsində, o cümlədən nüfuzlu Harvard Universitetinin kitabxanasında 5 kitabı oxuculara təqdim edilmişdir. Bu kitabların bəziləri dünyanın müxtəlif ölkələrinin dillərinə tərcümə edilmişdir.

T.Ə.Quliyevin “Tənzimlənən bazar iqtisadiyyatı” (rusca) kitabı 2000-ci ildə Budapeştdə keçirilən konfransda İnternetə daxil edilmişdir.  Onun  Moskvada  çap olunan monoqrafiyaları dünyanın 80 ölkəsinə, o  cümlədən ABŞ, Çin, Almaniya və digər ölkələrin kitabxanalarına göndərilmişdir. Professor T.Ə.Quliyevin rəhbərliyilə 35 namizədlik və  bir doktorluq işi müdafiə olunmuşdur. O, respublikamızda və keçmiş sovet respublikalarında 150-yə qədər namizədlik və doktorluq üzrə avtoreferatlara rəy yazmışdır.

Tofiq Quliyev ömrünün son gününə qədər elmi fəaliyyətinə ara verməmiş, yaradıcılıqla məşğul olmuş, yeni elmi əsərlər üzərində işləmişdir.

Professor Tofiq Quliyev böyük alim olmaqla yanaşı, həm də vətənpərvər, yüksək mənəvi dəyərlərə malik bir ziyalı idi. Hər zaman Azərbaycan dövlətinin və xalqının problemləri ilə yaşayırdı. Xüsusən Qarabağ problemi, torpaqlarımızın işğal altıında qalması mərhum professorun ən ağrılı yeri idi. O, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasının milli təhlükəsizlik qədər önəmli olduğunu vurğulayırdı.

Professor Tofiq Quliyevin əziz xatirəsi onu tanıyanların qəlblərində daim yaşayacaqdır. Allah rəhmət eləsin!

Azərbaycan Dövlət İqtisad Universiteti,
Azərbaycan İqtisadçılar  İttifaqı

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay