A

"525-ci qəzet"

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi Şuranın növbəti iclası keçirilib. Şurada UNEC İctimai Nəzarət Şurasının üzvləri də iştirak edib.

İclasda çıxış edən UNEC rektoru, professor  Ədalət Muradov  deyib ki, digər imtahan sessiyalarında olduğu kimi 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasında da əsas məqsəd tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi olub.  İmtahan sessiyasında şəffaflıq və obyektivlik ön plana çəkilir. İmtahanların obyektiv, ədalətli və şəffaf keçirilməsini təmin etmək, qiymətləndirmədə biliyi yeganə meyar götürmək bizim iş prinsipimizdir: “Fikrimcə, imtahanın keçirilmə prosesi qənaətbəxş hesab edilə bilər. Universitetimizdə tələbənin biliyinin qiymətləndirilməsi zamanı biliyin yeganə, əsas meyar olması işini biz demək olar ki, qura bilmişik. Şəffaflıq və tələbə biliyinin obyektiv qiymətləndirilməsində prinsipial mövqeyimiz hər zamankı kimi dəyişilməz olaraq qalacaq”.

Ə.Muradov qeyd edib ki, bu il də ötən illərdə olduğu kimi, qış imtahan sessiyasına nəzarət UNEC İctimai Nəzarət Şurasına tərəfindən həyata keçirildi. Hər il olduğu kimi, bu il də UNEC-in “Qaynar xətt” xidməti QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə edildi. Xidmətə daxil olan müraciət və şikayətləri, eyni zamanda, onların araşdırılmasına da yalnız onlar nəzarət etdi. “Qaynar xətt”ə daxil olan bütün müraciətlər QHT, KİV və ictimaiyyət nümayəndələri tərəfindən dinlənildi, araşdırıldı. KİV, qeyri-hökümət təşkilatlarını və digər ictimaiyyət nümayəndələri həm imtahan sessiyasını yaxından izləməyə, həm də “Açıq qapı” günlərində iştirak etməyə dəvət edildi. Ümumilikdə imtahan prosesi bütövlükdə ictimaiyyət üçün açıq keçirildi”.

2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının yekunları haqqında məruzə ilə çıxış edən Tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayev bildirib ki,  2018-2019-cu tədris ilinin qış imtahan sessiyasında 11746 tələbə və 2280 magistrant iştirak edib. Rektorun müvafiq əmrinə əsasən, bakalavr təhsil pilləsində “SABAH” qrupları, Beynəlxalq İqtisadiyyat məktəbi, Türk Dünyası İqtisad Fakültəsinin tələbələri, UNEC Biznes Məktəbi və Magistratura Mərkəzinin I və II kurs magistrları yazılı, bakalavr pilləsinin I, II, III, IV kurs tələbələri isə test üsulu ilə imtahan veriblər. Müvafiq fakültələrdə “İqtisadiyyata giriş”, “Makroiqtisadiyyat”, “İnformasiya texnologiyaları”, “İdarəetmə sistemləri”, “Standartlaşdırmanın əsasları”, “İstehlak mallarının ekspertizasının nəzəri əsasları”, “Mikrobiologiya, sanitariya və gigiyena” fənləri yazılı formada, Marketinq və Mühasibat fənləri isə yenilənmiş vahid sillabus əsasında test sualları məxfi saxlanılması şərti ilə keçirilib: “Universitet üzrə 3992 imtahan təşkil edilib, 1526 imtahan yazılı qaydada 2466 imahan isə test üsulu ilə keçirilib. Bununla belə, UNEC üzrə 38% imtahan yazılı qaydada, 62% imahan isə test üsulu ilə keçirilib. Sessiyanın bir günü ərzində 3860 tələbə üçün imtahan təşkil edilib. Universitet tərəfindən 313629 test və 42650 yazılı imtahan sualı təqdim edilib. Fakültələr üzrə müvəffəqiyyət göstəricisi 59-95% arasında olub. Bu göstərici ən yüksək Beynəlxalq iqtisadiyyat məktəbi üzrə - 95%, ən aşağı isə “Türk dünyası iqtisad” fakültəsində - 59% olmuşdur. Universitet üzrə isə müvəffəqiyyət göstəricisi 82% təşkil edib”.

A.Rzayev deyib ki, UNEC üzrə 2018-2019-cu tədris ilində 2013-2014-cü tədris ilinin qış imtahan sessiyası ilə müqayisədə əla qiymət alan tələbələrin sayında 188-dən 1273-ə kimi böyük artım baş vermişdir; son iki ildə isə, yəni 2017-2018-ci və 2018-19-cu tədris illərinin qış imtahan sessiyalarında bu göstərici demək olar ki stabilləşib. 2018-2019-cu il qış imtahan sessiyasında 59 tələbə iştirak etməyib. Beləliklə, əvvəlki beş tədris ilinin qış imtahan sessiyaları ilə müqayisədə imtahanlarda iştirak etməyən tələbələrin sayı 2 dəfədən çox azalıb. 2018-2019-cu tədris ilində 2013-2014-cü tədris ilinin qış imtahan sessiyası ilə müqayisədə daha yüksək, 2017-2018-ci tədris ili ilə müqaisədə isə azalaraq 82% təşkil edib. Ümumiyyətlə, bu göstərici 86% olaraq ən yüksək 2017-2018-ci tədris ilinində olub: “Keyfiyyət göstəricisi cari tədris ilinin qış imtahan sessiyasında 2013-2014-cü, 2014-2015-ci, 2015-2016-cı, 2016-2017-ci tədris illərinin qış imtahan sessiyaları ilə müqayisədə daha yüksək, 2017-2018-ci tədris ilinin qış imtahan sessiyası ilə müqayisədə isə azalaraq 42% təşkil edib. 2017-2018-ci tədris ili ilə müqayisədə 2018-2019-cu tədris ilində sessiyanı əlaçı olaraq başa vuranların və akademik borcu qalanların sayında artım, müvəffəqiyyət və keyfiyyət göstəricilərində isə azalma qeydə alınıb: “346 nəfər 600+ ballı tələbənin hamısı sessiyada iştirak edib.  6 nəfərin 1 fəndən, 1 nəfərin isə 2 fəndən akademik borcu qalıb. İmtahan sessiyasında iştirak edən 346 nəfərdən 339 nəfəri imtahanları müvəffəqiyyətlə verib, onlardan 135 nəfəri imtahanları əla qiymətlərlə başa vurub, 151 nəfəri əla və yaxşı, 53 nəfəri isə qarışıq qiymətlər alıb. Müvəffəqiyyət göstəricisi 98%, keyfiyyət göstəricisi isə 83% olub. Qış imtahan sessiyasında iştirak edən 34 nəfər Prezident təqaüdçüsündən 34-ü də bu adı özündə saxlaya bilib”.

A.Rzayevin sözlərinə əsasən, 2018-2019-cu tədris ilinin qış imtahan sessiyası Magistratura pilləsi üzrə həm test, həm də yazılı üsulla keçirilib. İxtisas fənləri yazılı, “Humanitar” fənnlər üzrə imtahanlar isə test üsulu ilə keçirilib. 2349 magistrdan 2280 nəfəri imtahanlarda iştirak edib,  onlardan 1933 nəfəri imtahanları müvəffəqiyyətlə başa vurub. 163 nəfər ancaq əla, 672 nəfəri əla və yaxşı qiymətlər alıb. 347 nəfər sessiyanı akademik borcla başa vurub, 69 nəfəri isə imtahanlarda iştirak etməyib. Zaqatala filialı üzrə 457 tələbədən 407-si sessiyada iştirak etmiş, 226 nəfər müvəffəq qiymət alıb, 7 nəfər əla, 43 nəfər əla və yaxşı qiymətlərlə, 176 nəfər isə qarışıq qiymətlərlə sessiyanı başa vurub.  Akademik borcu qalmış tələbələrin sayı 181 nəfərdir.  Maliyyə-İqtisad kollecində 1031 tələbədən 813-üsessiyanı müvəffəqiyyətlə başa vurub. Sessiyanı əla qiymətlərlə 114 başa vurub, 270 tələbə əla və yaxşı qiymətlər alıb. Akademik borcu qalanların sayı 191 nəfər olub.

Prorektor vurğulayıb ki, qış imtahan sessiyasının nəticələri ilə əlaqədar universitetdə yaradılan Apellyasiya komissiyasına 3627 ərizə ilə müraciət edilib. Apellyasiya komissiyası bu ərizələri araşdırdıqdan sonra 2268 ərizə üzrə tələbələrin müraciəti əsassız hesab edilib və nəticələr dəyişdirilməyib. 1359 tələbənin imtahan nəticələrinə bal əlavə olunaraq müsbət düzəlişlər olunub. Apellyasiyaların ən çoxu Beynəlxalq İqtisadiyyat Məktəbində (812) və SABAH qruplarında (630) olub. Apellyasiyaların sayının ən böyük artımı da bu fakültələrdə qeydə alınıb. Universitet üzrə apellyasiya muraciətlərinin strukturunun təhlili yazılı imtahan keçirilən fənləri olan kafedralar üzrə apellyasiyaların sayının çox olduğunu göstərir. Belə ki, İqtisadiyyat, İqtisadi Nəzəriyyə kafedraları üzrə də apellyasiayaların sayı müvafiq olaraq 297 və 276 olub. 

2017-2018 tədris ilinin qış imtahan sessiyası ilə müqayisədə universitet üzrə apellyasiyaların sayı 571 appelyasiya və yaxud 19% artıb. Apellyasiyaların sayında ən böyük artım SABAH qruplarında (339) qeydə alınıb. Bununla bərabər, universitet üzrə əsaslı hesab edilmiş apellyasiyaların sayı 40%-dən 37%-ə enib. 

Qış imtahan sessiyasının təşkilinə və gedişinə nəzarəti, yarana biləcək şikayətlərin operativ həll edilməsini, imtahanlarla bağlı sual, təklif və narazılıqların araşdırılmasını təmin etmək məqsədi ilə universitetin bütün tədris binalarında “Qərargah”lar yaradılmış, qaynar xətt fəaliyyət göstərib. Tələbə və magistrlar imtahan sessiyası müddətində ehtiyac yarandıqda həm qaynar xəttə, həm də qaynar xəttin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsinə müraciət ediblər”.

UNEC İctimai Nəzarət Şurasının koordinatoru, “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev şura üzvlərinin UNEC-də üç imtahan sessiyasını izlədiklərinə diqqət çəkib. Tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyi əsas götürülərək bu il də ötən illərdə olduğu kimi, qış imtahan sessiyasına nəzarət UNEC İctimai Nəzarət Şurasına həvalə edilib.  Sessiya dövründə UNEC-in rəhbərliyinin iştirakı olmadan Şura üzvləri “Açıq qapı” keçirib, tələbə və valideynlərin müraciətlərini dinləyiblər. E.Əliyev bildirib ki, müşahidələr göstərdi ki, UNEC rəhbərliyinin imtahanların şəffaf və ədalətli keçirilməsində marağı çox böyükdür və biz əminliklə söyləyə bilərik ki, bu nümunə universitetdə təhsilin keyfiyyətinə də öz təsirini göstərir. O, imtahanlarda obyektivlik və şəffaflığın təmin edilməsini yüksək qiymətləndirib: “Müşahidələrimizi təhlil edəndə görürük ki, UNEC hər dəfə ötən illə müqayisədə qarşıya qoyduğu hədəfə doğru daha da inamla irəliləyir. Tələbələrin biliklərini tam nümayiş etdirməsi üçün çox gözəl mühit yaradılıb. Mühit amili əsas kriteriyalardan biridir. İmtahan tələbələrin biliklərinin təsdiqi prosedurudur. Bunu mütləq dəqiq və şəffaf keçirmək lazımdır. Prosesin obyektiv keçirilməsi tələbələrdə ruh yüksəkliyi yaradır. Hesab edirəm ki, bu ali məktəbdəki elmlə təhsilin vəhdəti və obyektiv, şəffaf imtahan sisteminin təşkili iqtisadiyyat üzrə savadlı mütəxəssislərin hazırlanmasına öz töhfəsini verəcəkdir”.

E.Əliyev qış imtahan sessiyasında UNEC İctimai Nəzarət Şurasının tələbələr arasında keçirdiyi anonim rəy sorğusunun nəticələrini də açıqlayıb. Bildirib ki, sorğuda respondentlərin imtahanların təşkili, obyektivliyin təmin olunması, tədris prosesinin gedişi, sualların keyfiyyəti və tədris olunan mövzularla uyğunluğu, imtahanların yazılı keçirilməsi, tələbə məmnuniyyəti ilə bağlı münasibətləri öyrənilib. E.Əliyev sorğunun nəticələrinə əsasən, tələbələrin UNEC-də tətbiq edilən islahatları yüksək qiymətləndirdiyini qeyd edib.

S.QARAYEVA

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay