A

"525-ci qəzet"

Tədqiqatyönümlü universitet olmağı hədəfləyən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Aziz Sancar adına "Qida təhlükəsizliyi laboratoriyası",  "Ekonofizika Tədqiqat Mərkəzi", "Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzi" və "Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi"nin yaradılması  barədə qərar qəbul olunub.

Nobel mükafatı laureatı Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyası "Qida məhsullarının texnologiyası" kafedrasının nəzdində fəaliyyət göstərəcək. Laboratoriyada müvafiq istiqamət üzrə elmi-praktiki araşdırmalar aparılacaq, qida məhsullarının müvafiq standartlara uyğunluğu, qida sahəsində normativ-hüquqi akt layihələrinin işlənilib hazırlanması, qida məhsullarının keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi və sair həyata keçiriləcək. Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyada qida məhsullarının texnologiyası sahəsində mütəxəssislərin hazırlanması məqsədi ilə təlim və tədris, təcrübə və stajirovkalar, elmi-praktiki konfranslar, simpoziumlar, seminarlar, görüşlər təşkil olunacaq.

Ekonofizika Tədqiqat Mərkəzində yeni elm sahəsi olan ekonofizikanın tədqiq edilməsi ilə yanaşı, müasir iqtisadiyyatın və sosiologiyanın aktual məsələləri, o cümlədən, iqtisadi proseslərin inkişaf proqnozu təhlil ediləcək. Mərkəzə tanınmış alim, professor Şahlar Əsgərov rəhbərlik edəcək.

UNEC ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə yaradılan Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi isə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin nəzdində fəaliyyət göstərəcək.

Mərkəzin əsasnaməsi Təhsil və Elm haqqında qanunlar, Nazirlər Kabineti, Təhsil Nazirliyinin aidiyyəti normativ-hüquqi aktları, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin əsasnaməsi, Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinin və Elmi Şurasının qərarları əsasında hazırlanıb. KOBİA-ya dəstək məqsədilə yaradılan mərkəzdə gənc mütəxəssis və tələbələrin könüllü olaraq sahibkarlığa təşviqi, KOBİA-nın inkişafı istiqamətində elmi-tədqiqat və innovasiyaların tətbiqinin genişləndirilməsi, startap və biznes inkubator ideyalarının reallaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, o cümlədən, müvafiq dövlət və özəl maliyyə institutlarına birgə təkliflərin verilməsi nəzərdə tutulub.

Mərkəz həmçinin, qrant layihələrində iştirak etmək və qanunla qadağan edilməyən digər vəsaitlərin əldə olunması məqsədilə maliyyə resurslarının cəlb olunması istiqamətində birgə fəaliyyət göstərmək, müvafiq dövlət və özəl maliyyə institutlarına birgə təkliflər vermək hüququna malikdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov deyir ki, əsas məqsədlərdən biri UNEC-i elm, tədqiqat mərkəzinə çevirməkdir: "Biz Azərbaycan Dövlət İqtisad Universitetini tədqiqat universitetinə transformasiya etmək istəyirik. Bu istiqamətdə mühüm addımlar atılıb, xeyli işlər görülüb.  Bununla bağlı  UNEC-də 22 tədqiqat mərkəzi, Gənc Alimlər Şurası, UNEC Tədqiqat Fondu, Elmi Fəaliyyətin Təşkili və İdarəedilməsi Departamenti yaradılıb. Həyata keçirilən  stimullaşdırıcı tədbirlər çərçivəsində UNEC-in professor-müəllim heyətinin "Web of Science" bazasına daxil edilən elmi əsərlərinin sayında da ciddi artım qeydə alınıb. Belə ki, ali təhsil müəssisəsinin 1991-2018-ci illərdə "Web of Science" bazasına daxil edilən elmi əsərlərinin, təxminən, 56%-i  son 3 ilin payına düşür. Beynəlxalq səviyyəli universitet olmaq istiqamətində məqsədyönlü addımlar atan UNEC dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan "Clarivate Analytics" (əvvəlki adı "Thomson Reuters") şirkətinin mükafatına layiq görülüb.  Müəllim heyətinin nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artmasına və dünya elm məkanına uğurla inteqrasiyasına görə "Clarivate Analytics" şirkətinin "Web of Science Awards-2018" və "Most progressive universities in Web of Science for the last 3 years" mükafatlarını qazanıb. UNEC-də "Clarivate Analytics" şirkəti ilə əməkdaşlıq çərçivəsində birgə beynəlxalq konfrans və təlimlər keçirilib. MDB məkanı ölkələrində ilk dəfə olaraq UNEC-də elmmetriya haqqında biliklərin sistemləşdirildiyi "Elmmetriya üzrə vəsait: Elm və texnologiyaların inkişaf indikatorları" kitabı tərcümə edilərək çap olunub. Bu istiqamətdə görülən işləri daha da aktivləşdirmək məqsədi ilə UNEC-də beynəlxalq beyin mərkəzinin yaradılması nəzərdə tutulub".

Professor Şahlar Əsgərov deyir ki, müasir dövrdə fənlər və sahələrarası elmlər daha çox diqqəti cəlb edir. Professor, son zamanlar fizika ilə iqtisadiyyatın birləşməsində oxşar proseslərin getdiyini və bunun nəticəsində yeni bir elmin - ekonofizikanın yarandığını deyir. Onun sözlərinə görə, ekonofizika yeni elm sahəsi kimi 1995-ci ildə ABŞ-da yaranıb və iqtisadi nəzəriyyənin bir istiqaməti hesab edilib. Ekonofizikanın əsas məğzi iqtisadi proseslərə fizikanın qanunları əsasında bir yanaşma formasıdır: "Bu elm sahəsinin dərindən öyrənilməsi və tədqiqi edilməsi üçün UNEC-də "Ekonofizika Tədqiqat Mərkəzi" yaradılıb. Əminəm ki, mərkəzdə yeni elm sahəsi olan ekonofizika dərindən tədqiq ediləcək". Ş.Əsgərov deyir ki, UNEC-də yenilənmə, dünya təhsilinə və iqtisadi sistemə inteqrasiya sürətlə gedir: "Bu gün UNEC-də tətbiq olunan yeniliklər universiteti dünyanın aparıcı ali təhsil müəssisələri ilə rəqabət apara bilən bir təhsil ocağına çevirib".

Fəlsəfə üzrə fəlsəfə doktoru, XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri Etibar Əliyevin dediyinə görə, UNEC üzərinə düşən missiyasını layiqli şəkildə yerinə yetirmək və müəyyən etdiyi vizyonunu reallığa çevirmək məqsədlə uğurla irəliləyir: "Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun, davamlı olaraq, yeni layihələrlə çıxış edir. UNEC artıq dünyanın elm müzakirə mərkəzinə çevrilib.  Regionun elmi müzakirə mərkəzinə çevrilən UNEC dünyanın nüfuzlu universitetlərinin nümayəndələrini, Nobel mükafatçılarını, elm adamlarını, iqtisadçılarını bir araya toplayan, beynəlxalq konfranslara ev sahibliyi edə bilən universitet statusuna malikdir. UNEC-in professorlarının elmi nəşrləri "Thomson Reuters" kimi nüfuzlu beynəlxalq informasiya agentliklərində dərc olunur. Universitetdə fundamental meqafakültələr fəaliyyət göstərir".

E.Əliyevin dediyinə görə, bu ali məktəb qarşıya qoyulan əsas məqsədə, nüfuzlu tədqiqat universiteti kimi təşəkkül tapmağa doğru uğurla irəliləyir: "Azərbaycan Dövlət iqtisad Universiteti strateji hədəflərinə doğru inamla irəliləyir. 2030-cu ilə qədər fəaliyyət istiqamətləri və uğur modelini özündə əks etdirən "UNEC-100" İnkişaf Strategiyasında UNEC-in missiyası, gələcəyə baxışı və dəyərləri yer alıb. Strategiyaya əsasən, UNEC-in missiyası ölkəsi və insanlıq naminə universal dəyərlərə əsaslanaraq, yüksək keyfiyyətli tədqiqatlar aparmaq, təhsil vermək və sosial xidmətlər göstərməkdir. Regionun ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsinin gələcəyə baxışı isə 100 yaşında dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilməkdir".

S.QARAYEVA

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR