A
Nail Nağızadə: “Atam mənə televiziyaya baxmağı yasaqlamışdı və indi buna görə ona minnətdaram”
“Kitab yeganə dostdur ki, insandan heç bir təmənna güdmür”
*

“Aprel döyüşlərindən sonra mənə olan münasibətin əhəmiyyətli dərəcədə dəyişdiyini hiss etdim”

Moderator.az olaraq 14 yanvar tarixindən etibarən sağlamlığı ilə bağlı müəyyən problemlər yaşayan, fəqət ağlı, istedadı, həyat eşqi və mübarizə əzmi ilə hər kəsə örnək ola biləcək tələbə gənclərin cəmiyyətə tanıdılması layihəsinə start verib. Bu layihə çərçivəsində sadəcə bu gəncləri tanımayacaq, həm də onların arzu və istəkləri, müxtəlif məsələlərlə bağlı ideya və təklifləri ilə tanış olacaqsınız. Layihəmizin bu dəfəki qonağı UNEC Magistratura tələbəsi Nağızadə Nail Hikmət oğludur.

-Nail bəy, öncə təhsil aldğınız ixtisas və fakültə haqqında məlumat almaq istərdik.

-Mən hazırda UNEC-də magistratura pilləsində təhsil alıram. “Əmtəəşünaslıq” fakültəsini bitirmişəm. 2015-ci ildə eyni fakültə üzrə magistraturaya daxil olmuşam və həqiqi hərbi xidmətə yollanmışam. Hərbi xidmətdən sonra isə yenə də təhsilimi doğma universitetimizdə davam etdirirəm.

-Fakültənizlə bağlı seçim edərkən yaxın ətrafınız, çevrənizlə məsləhətləşdinizmi?

-Mən bu barədə böyüklərlə məsləhətləşdim. Mən “Əmtəəşünaslıq” fakültəsinin ərzaq bölməsini bitirmişəm. Mənə izah elədilər ki, ərzaq strateji bir sahədir. İnsan gündə bir neçə dəfə yeməyə ehtiyac duyur. Yəni nə qədər ki, yaşayırıq, bizim ərzağa ehtiyacımız var. Başqa sözlə desək, bu ixtisasın önəmi mahiyyət etibari ilə böyükdür. Ona görə də bu ixtisası seçdim.

-Müharibənin onun iştirakçısı olan hər bir fərdin psixologiyasını, həyata və insanlara baxışını əhəmiyyətli dərəcədə dəyişdiyi iddia olunur. Aprel döyüşlərində iştirak edən bir şəxs kimi bu barədə nə deyə bilərsiniz?

-Müharibənin insanı dəyişdiyi, onun psixologiyasında dərin izlər qoyduğu şübhəsizdir. Aprel döyüşlərindən sonra hiss edib anladığım həqiqətlərdən biri də bu oldu ki, düşmənlə üz-üzə gələndə, onun nəfəsini, hənirtisini daha yaxından hiss edəndə, sadəcə özünə və yoldaşlarına görə deyil, həm də vətənə və xalqa, onun şərəf və azadlığına görə məsuliyyət hiss edəndə düşmənə adi vaxtdakından daha çox nifrət duyursan. İçində düşməni məhv etmək, onun mənfur qəlbini susdurmaq ehtirası özünü daha çox büruzə verir.

Bir də bu cür döyüşlərdə iştirak insana ondan öncə bu vətən uğrunda çarpışan, öz həyatını qurban verən qəhrəmanlarımızı daha yaxşı anlamaqda, onların xidmətinin böyüklüyün daha yaxşı görməkdə kömək edir. Baxmayaraq ki, şəxsən mənim qohumlarım arasında da Qarabağ döyüşlərində iştirak edən kifayət qədər insan olub. Onların arasında Milli Qəhrəmanlar da var ki, Allahverdi Bağırovu nümunə gətirmək istərdim. O, 1500 nəfər xocalını əsir düşməkdən xilas edib. Mən o zaman bu kimi faktları oxuyanda bu cür qəhrəmanlarımızla fəxr etsəm də, bu əməlin böyüklüyünü, onun miqyasını yetərincə anlamırdım. Lakin aprel döyüşləri mənə vaxtiylə oxuduqlarımı daha dərindən anlamaqda kömək etdi.

-Aprel döyüşlərində öz şəhidlikləri ilə əbədiyyət qazanan hərbçilərimiz oldu ki, şübhəsiz, onların içərisində sizin əsgər yoldaşlarınız, hər gün təmasda olduğunuz insnalar da olub. Döyüşdə əsgər yoldaşını itirmək necə bir hisdir? Bu itki insandan nə alır və əvəzində  nə verir?

-Şübhəsiz, aprel döyüşlərində şəhid olanlar arasında mənim əsgər yoldaşlarım da olub. Bizim bölükdən şəhid olanların 13-ü mənim əsgər yoldaşım idi. Təsəvvür edin ki, bu insanlarla səhər yeməyində də, təlimdə də bir yerdəsən, yatanda da eyni kazarmada yatırsan. Bütün günü onunla çiyin-çiyinə xidmət edirsən. O, sənin üçün sözün bütün mənalrında doğmalaşır, səninlə bütövləşir. Və bir gün onu sənin yanında vuranda anlayırsan ki, həlak olan yalnız o deyil, həm də sənsən. İçində nələrinsə öldüyünü hiss edirsən və eyni zamanda içində nələrsə hərəkətə gəlir. Qəlbin əsgər yoldaşının həyatına qəsd edən düşməni öldürmək, onu parça-parça etmək istəyi ilə dolub-daşır. Bu hiss bütün ruhuna hakim kəsilir və anlayırsan ki, içində daşlaşan bu qəzəbi yalnız düşmən qanı soyuda bilər.

-Aprel döyüşlərində xəsarət aldınızmı?

-Bəli. Mən əl nahiyəmdən qəlpə yarası, çiynimdən isə güllə yarası aldım. Lakin buna baxmayaraq mühasirədən çıxmağı bacardım.

-Müalicənizi dövlət hesabına, yoxsa şəxsi vəsait hesabına həyata keçirirsiniz?

-Müalicələrim dövlət hesabına həyata keçirilir. Mən buna görə dövlətimizə, ölkə rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Əlillərin Bərpa Mərkəzində, müxtəlif poliklinikalarda, xəstəxanalarda olmuşam. Və bütün bu mərkəzlərdə aldığım müalicə dövlət vəsaiti hesabına olub.

-Döyüş görən və bu döyüşdə dostlarını itirən bir insan kimi Qarabağ probleminin sülh yolu ilə həllinə inanırsınızmı?

-Mən problemin sülh yolu ilə həllini mümkün hesab etmirəm. Çünki tarixə baxsaq görərik ki, 200 ildir ki, ermənilərlə qarşıdurma davam edir və biz 200 ildir ki, onların xəyanət və təxribatları ilə üzləşməkdəyik. Baxın, əgər bir insandan bir dəfə pislik görürsənsə, o zaman bir ömür ondan uzaq durmağa çalışrısan. Burada isə söhbət 200 ildir ki, gördüyümüz pislikdən və bütöv bri xalqın taleyindən gedir. Qurani-Kərimdə də buyurulur ki, sizinlə vuruşanlarla siz də vuruşun. Hesab edirəm ki, bizim bu problemi həll etməyimizin yolu mübarizədən gedir.

-Hərbi xidməti başa vurub geri qayıdandan sonra təhsil aldığınız universitetdə, müəlim və tələbələr arasında döyüş görən bir insan kimi özünə olan münasibətdə müsbət mənada bir dəyişiklik hiss etdinizmi?

-Bəli, belə bir münasibət hiss etdim. Doğrudur, etinadsız yanaşanlar da oldu. Amma əksəriyyətin münasibətində bu dəyişikliyi hiss etdim. Xüsusilə də universitetin rəhbərliyi, həm hörmətli rektorumuz Ədalət müəllim, həm dekan Qabil müəllim və bütün dekanlıq əməkdaşları mənə çox böyük diqqət və qayğı göstərdi. Məni çətinlik çəkməyə qoymadılar.

Mən çiynimdəm yaralandığım üçün yazı yazmaqda çətinlik çəkirdim. Həmçinin, psixoloji baxımdan da bi qədər geri düşmüşdüm. Bu məsələdə də universitetimiz mənə dəstək oldu. Mən bu məsələdə İnklüziv Təhsil Mərkəzinə, bu mərkəzin rəhbəri hörmətli Sevinc Məhsimovaya təşəkkür edirəm.

-İnklüziv Təhsil Mərkəzinin fəaliyyətinə toxunmuşkən, bu mərkəzin fəaliyyəti haqqında daha nə demək istərdiniz? Sizcə bu mrəkəzin fəaliyyəti sağlamlığı ilə bağlı müəyyən çətinliklər yaşayan tələbələr baxımından nə dərəcədə faydalıdır?

-İnklüziv Təhsil Mərkəzinin tələbələrin həyatındakı rolu gerçəkdən mühümdür. Bu mərkəz sadəcə biz tələbələrin təhsil almasını asanlaşdırmır, həm də bizə psixoloji baxımdan dəstək olur. Sevinc xanım bizə toparlanmaqda, həyata, üzləşdiyimiz problemlərə daha sağlam yanaşmaqda, onların öhdəsindən daha uğurla gəlməkdə kömək edir. Bu baxımdan mən İnklüziv Təhsil Mərkəzinin fəaliyyətini olduqca faydalı hesab edirəm.

-Nail bəy, ödənişli əsaslarla təhsil alırsınız, yoxsa ödənişsiz?

 

-Ödənişsiz təhsil alıram.

-Universitetinizin tələbələri ilə söhbətimizdə belə bir təklif meydana çıxdı ki, ödənişli əsaslarla təhsil alan sağlamlıq problemi olan tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənilsin. Hansı ki, bu təklif hörmətli millət vəkili Siyavuş Novruzov tərəfindən də parlamentdə səsləndirildi. Sizcə bu qəbildən olan tələblərin təhsil haqqının dövlət tərəfindən ödənilməsi onların müalicə imkanlarının da genişlənməsinə stimul verə bilərmi?

-Təbii ki, belə bir addımın atılması hərtərəfli faydalı olar. Bu, həmin tələbələrin öz müaliələrinə daha artıq vəsait ayırmasını təmin edər. Çünki kimsəyə sirr deyil ki, uzun müddət müalicəyə vəsait sərf edən ailələrin əksəriyyətində maddiyyatla bağlı problemlər olur. Ola bilsin ki, zahirən hər şey qaydasında gösənir. Lakin bu o demək deyil ki, ailə daxilində belə bir problem yoxdur. Bir şeyi də unutmaq olmaz ki, bir ailədə sağlamlıq problemi olan hər hansı ailə üzvünün mövcudluğu ailənin digər üzvlərini psixoloji baxımdan da çox üzür. Bu cür situasiyada maddi problem yaşamaq ikiqat üzücüdür.

Əgər bu tələbələr təhsil haqqından azad edilsələr, onlar bu vəsaiti müəyyən təlimlərə də cəlb edə bilərlər. Onlar bu vəsaitlə ikinci bir peşə əldə edə bilərlər.

-Mütaliə etməyi sevirsinizmi?

-Mənim ən yaxın dostum kitablardır. Həyatda insanın çox dostu ola bilər. Lakin kitab elə bir dostdur ki, o heç vaxt insanı yalnız qoymur. Onun sənə münasibətində heç bir təmənna yoxdur. Hesab edirəm ki, insanın Allahdan sonra ikinci dostu kitabdır.

Kitablara hər zaman böyük maraq göstərmişəm. Hazırda ingilis dilini öyrənməklə məşğulam. Eyni zamanda maliyyə-mühasibatlıqla bağlı kitablar oxuyuram.

-Həyatınızda xüsusi rolu, xüsusi əməyi olan insanlar olubmu?

-Olub. Bu insanlar mənim valideynlərimdir. Valideynlərimin hər zaman məqsədi, bizə təlqin etdiyi fikir bizim oxumağımızla bağlı olub. Biz ailədə dörd uşağıq və dördümüz də ali təhsil almışıq. Atam hər zaman bizə öz ixtisasımızı mükəmməl öyrənməyin vacibliyini vuğulayırdı.  O bunu böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Oğluma nəsihət” şeiri  əsaslandırdı.

“Qüvvət eləmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz” misraları da atamın ən sevdiyi, bizə dönə-dönə xatırlatdığı misralar olub. Hələ uşaq vaxtından valideynlərimiz bizə qüvvətin qolda deyil, beyində olduğunu təlqin edib.

Atam bizi bütün zərərli təsirlərdən qorumağa çalışıb. O, bizə uzun müddət televiziyaya baxmağı qadağan edib və mən bu gün buna görə atama minnətdaram. Çünki televiziyalarla bağlı son baş verənlər bir daha televiziyalarla bağlı durumun nə dərəcədə acınacaqlı olduğunu bir daha ortaya qoydu. Odur ki, mən ilk növbədə bizə doğru yol göstərən, təhsil almağımızda böyük əmək sərf edən valideynlərimə minnətdaram.

-Nail bəy, yəqin ki, bir gənc kimi gənclərlə daha çox ünsiyyətdə olursunuz. Sizcə gənclərimiz arasında vətənpərvərlik əhval-ruhiyyəsi, elmə, təhsilə maraq yetərincə yüksəkdirmi? Gənclərimiz arasında müşahidə etdiyiniz hansısa çatışmazlıqlar, nöqsanlar varmı?

 

-Sevindiricidir ki, gənclərimiz arasında yüksək vətənpərvərlik hislərinə malik olan, öz əxlaqı, elmi ilə seçilən insanlar var. Lakin təəssüflər olsun ki, bu gün gənclərimiz arasında himnini bilməyən, bayrağının rənglərini, onların əks etdirdiyi mənadan xəbərsiz olan insanlar da var. Belələri vətəni necə qoruya bilər? Bir gəmi hara getdiyi və ya gedəcəyini o halda müəyyən edə bilir ki, ilk öncə özünün olduğu koordinatları bilsin. Insan da belədir. Bir insan öz hazırkı yerini, durumunu bilmədən, gedəcəyi yeri müəyyənləşdirə bilməz.

-Gənclərin yaşam tərzi, həyata baxışları baxımından sizi narahat edən, düşündürən daha hansı məsələlər var?

-Məni narahat edən məsələlərdən biri tələbələrin, gənclərin qidaya laqeyd münasibət bəsləməsidir. Bu, məni narahat edən əsas məsələlərdən biridir. Bu, mənim ixtisasım olduğu üçün bu cür qidalanmanın hansı fəsadlara səbəb olacağını bilirəm.

Mən istərdim ki, gənclərimiz, insanlarımız bu məsələdə diqqətli olsunlar. Onlar bilməlidirlər ki, əksər xəstəliklərin yaranma səbəbi qidalanma ilə bağlıdır. O yerdə ki, sağlam qidalanma yoxdur, orada xəstəliklərin meydana çıxması şübhəsizdir. Elmi araşdırmalar sübut edir ki, insan sağlamlığının 50%-i qidaya bağlıdır. Toplumun doğru qidalanmaması genefondun gələcəyi baxımından ciddi təhlükə yaradır.  Ola bilsin ki, indi bu problem özünü o qədər də hiss etdirmir. Lakin 5-10  ildən sonra yanlış qidalanmanın fəsadları kəskin formada özünü birüzə verir.

İnsanlarımızın sənaye məhsullarına deyil, kənd məhsullarına üz tutmasına ehtiyac var.

Mən bunları ona görə qeyd edirəm ki, müasir dünyamızda sağlam cəmiyyət və mədəni bir xalq olaraq  formalaşmaq istəyiriksə, digər sərvətlərimizlə yanaşı düzğün qidalanma mədəniyyətimizə də sahib çıxmalıyıq. Bu həmçinin bir xalqın,millətin kimliyinin qorunması baxımından da önəmlidir. Çünki muasir müharibələr təkcə silahlarla deyil, eyni zamanda yanlış qidalarla qidalanmağa sövq edilməklə də həyata keçirilir. Ona görədə bu sahədə də diqqətli olmağımızı vacib sayıram.

-Mətbuatı, xəbər saytlarını necə, izləyrisinizmi? Bir oxucu olaraq mediada sizi narazı salan hansısa məqamlar varmı?

-Təbii ki, imkan daxilində ölkədə baş verən hadisələrdən xəbər tutmaq üçün mətbuatı izləyirəm. Məndə narahatlıq doğuran əsas məsələ xəbər saytlarının kriminal hadisələrə həddindən artıq çox yer verməsi ilə bağlıdır. Hansı ki, bunlar insanların fikir və düşüncəsinə, psixologiyasına mənfi təsir göstərən məlumatlardır. Düşünürəm ki, insanlara yaxşı nümunələr göstərmək, onları xeyrə, yaxşıya sövq etməyə ehtiyac var. Çünki pis nümunə şüuraltı da olsa insanda pisə, mənfiyə maraq oyadır. Bu isə yeni zorakılıqlar, yeni arzuedilməz hadisələr deməkdir. Mediamız insanlara yaxşı nümunə göstərməklə onları yaxşı əməllərə təşviq etməlidir. Dövlətimiz və xalqımız üçün faydalı olan da məhz budur.

Seymur ƏLİYEV

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay