A

“525-ci qəzet”

ƏDALƏT MURADOV: "MÜSABİQƏNİ KEÇİRMƏKDƏ ƏSAS MƏQSƏD SAVADLI, BACARIQLI, ELMİ POTENSİALI OLAN GƏNCLƏRİ ÜZƏ ÇIXARMAQDIR" 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) III "Science Slam" beynəlxalq elm müsabiqəsi keçirilib. Müsabiqənin final mərhələsində universitetin rəhbərliyi, müəllim-professor heyəti və tələbələrlə yanaşı, UNEC İctimai Nəzarət Şurasının üzvləri, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, "XXI Əsr" Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü də iştirak ediblər.

Qeyd edək ki, ideya müəllifi alman Qreqor Beninə məxsus olan və ilk dəfə 2006-cı ildə Almaniyanın Darmştadt şəhərində təşkil edilən yarışa bu günə kimi Böyük Britaniya, Rusiya, Ukrayna və Türkiyə qoşulub. Dünya üzrə 6-cı ölkə olaraq Azərbaycanda, UNEC-də təşkil edilən müsabiqənin əsas fəlsəfəsi - həyatımızın ayrılmaz hissəsi olan elmi informasiyalarla dolu, anlaşılmayan termin və formullarla deyil, tam fərqli üslubda, bilinən elmə fərqli prizmadan baxaraq populyarlaşdırmaqdır. "Science slam" yarışması keçirilmə üslubuna və qalibin müəyyən edilməsi qaydalarına görə çox maraqlı bir struktura malikdir. Belə ki, "Science slam"da iştirakçılar araşdırdığı mövzunu və yaxud hər hansı bir alimin elmi tədqiqatını 10 dəqiqə ərzində auditoriyaya çatdırmalıdır.  Araşdırmada iqtisadi baxış olmalıdır.

Müsabiqənin özəlliyi mövzunuzu auditoriyaya daha əyləncəli, elmi terminlərsiz, hər bir insanın anlaya biləcəyi dildə, natiqlik bacarığı ilə çatdırmaqdır. Qaliblər isə jüri və münsiflər heyəti yox, auditoriyada əyləşənlərin alqışlarının səs tezliyini ölçən xüsusi cihazla qiymətləndirilir.

Bu yarışmanın keçirilmə qaydaları sadədir: birincisi, məruzənin müddəti 10 dəqiqə. müəyyənləşdirilib, ikincisi, məruzəçi öz tədqiqatlarını təqdim etməlidir. Üçüncüsü, məruzə o qədər sadə olmalıdır ki, qeyri peşəkar dinləyicilər onu başa düşə bilsin və alqışlama ilə reaksiya verə bilsin. Elmi döyüşün qalibi səs-küyü (alqışların səsini) ölçə bilən cihaz vasitəsi ilə təyin edilir.

III “Science Slam” müsabiqəsinə UNEC-in bütün fakültələri ilə yanaşı, ilk dəfə olaraq Zaqatala filialının da tələbələri qatılıb. Müsabiqənin formatına uyğun olaraq, fakültə qalibləri 10 dəqiqə ərzində öz araşdırmalarını anlaşılan, kreativ və maraqlı şəkildə təqdim ediblər. Tələbələrin elektron xidmətlər, dənizin neftdən təmizlənməsinə ekoloji yanaşma, istehlakçı davranış modeli, dəniz iqtisadiyyatı, informasiya texnologiyaları və sosial şəbəkələr, video oyunların iqtisadiyyatda rolu,  irqi ayrı-seçkilik mövzuları barədə araşdırmaları böyük maraqla dinlənilib. Təqdimatlardan sonra, qaydalara uyğun olaraq, qaliblərin çıxışları alqış sədaları ilə qiymətləndirilib. Xüsusi cihaz vasitəsilə ölçülən alqışın səs diapazonu qalibi müəyyənləşdirib. 91.3 desibel (dB) səs tezliyində alqış qazanan İqtisadiyyat fakültəsinin tələbəsi Elşən Qurbanov "Video oyunların insan həyatına təsiri" mövzusunda təqdimatı ilə UNEC III “Science Slam” müsabiqəsinin qalibi olub.

Biznes və menecment fakültəsinin tələbəsi Məryəm Bağırzadə 90.4 dB ilə ikinci, Maliyyə və mühasibat fakültəsinin tələbələri Ləman Nəcəfova və Əsmər Heydərli isə 90.1 dB ilə üçüncü yerə layiq görülüblər.  

GƏNCLƏR ELMƏ CƏLB EDİLİR 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyir ki, "Science Slam" - elmi populyarlaşdırmaq və gəncləri elmə cəlb etmək məqsədi daşıyan bir beynəlxalq layihədir. Müsabiqəyə elmlə maraqlanan, araşdırmaçılarla ünsiyyət qurmaq, ən son yenilikləri öyrənmək və əhatəsini genişlətmək istəyənlər qatılır: "Bizim əsas məqsədimiz gəncləri elmi tədqiqatlara stimullaşdırmaq, onları elmə maraq doğuracaq prizmadan baxmağa həvəsləndirməklə, dünya elminə çevik inteqrasiyanı təmin etməkdir. Sağlam universitet mühitini formalaşdırmaq, eyni zamanda, savadlı, bacarıqlı, elmi potensialı olan gəncləri üzə çıxarmaqdır".  

UNEC-də TƏLƏBƏLƏRƏ ÖZÜNÜ TƏQDİM ETMƏK İMKANI YARADILIR  

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun dediyinə görə, tələbələrinə özünü təqdim etmə mühiti yaradılanda öz potensiallarını yüksək səviyyədə ortaya qoya bilirlər. UNEC rektoru, professor Ədalət Muradov da deyib ki, tələbələrə arzuladıqları o mühit yaradılır: "Elm-təhsil müəssisələri içərisində bu layihəyə ilk imza atan UNEC olub. Müsabiqə zamanı tələbələrin təqdim etdikləri elmi məruzələrin spektri çox geniş oldu. Tələbələrin elektron xidmətlər, dənizin neftdən təmizlənməsinə ekoloji yanaşma, istehlakçı davranış modeli, dəniz iqtisadiyyatı, informasiya texnologiyaları və sosial şəbəkələr, video oyunların iqtisadiyyatda rolu,  irqi ayrı-seçkilik mövzuları barədə araşdırmaları böyük maraqla qarşılandı.  Tələbələrimizin elmi məruzələrinin təqdimatları və səviyyələri göstərdi ki, onlar qarşıya qoyulan məqsədə doğru uğurla irəliləyə bilirlər. Hiss etdim ki, gənclərimiz istənilən problemlərin lap dərinliyinə girmək qabiliyətinə malikdirlər. İnanıram ki, həm TEDx söhbətləri, həm də “Science Slam” yarışmaları ölkəmizin elmi mühitini canlandıracaq, gəncləri elmə həvəsləndirəcəkdir. Hesab edirəm ki, “Science Slam”  talantlı gəncliyi elmə tərəf yönəldəcəkdir. Onlar ölkəmizdə qalaraq elmə öz töhfələrini verəcəklər. Mənim düşüncəmə görə, dünyanın arzu etdiyi kamillik bir kəsir xəttinə bərabərdir. Bu kəsir xəttinin sürətində ictimai mənafe, məxrəcində isə şəxsi mənafe durur. Sürət nə qədər böyük  olarsa, kəsrin qiyməti (kamillik) də çox olar. Məxrəc nə qədər çox olarsa, kəsrin qiyməti də bir o qədər az olar. UNEC-də ictimai mənafe şəxsi mənafedən üstün tutulur. Uğurların kökü də burdadır. Arzu edirəm UNEC-dən paylanan bu işıq bütün təhsil sisteminə yayılsın".

Bu müsabiqəni elmin populyarlaşması üçün unikal bir format adlandıran Ş.Əsgərov tələbələrin intellektual potensialın möhkəmlənməsində də önəmli rol oynadığını qeyd edib: "UNEC Science Slam" müsabiqəsi tələbələrin dünya elminə çevik inteqrasiyanı təmin edəcək"

UNİVERSİTETDƏ APARILAN İSLAHATLAR TƏLƏBƏLƏRİN YÜKSƏLİŞİNƏ SƏBƏB OLUB 

"XXI Əsr" Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev isə bildirib ki, Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən "Science Slam" beynəlxalq elm müsabiqəsi  onu söyləməyə imkan verir ki, yaradılmış sağlam təhsil mühiti tələbələrə nəinki fikirlərini azad şəkildə ifadə etməyə, hətta müəllifi olduqları ideyaların məharətlə təqdimatına  yardımçı olur.   Bu platforma tələbələrin potensialının açılması, yeniliklərə meylliliklərini ortaya çıxarır: "Universitetdə aparılan islahatların birmənalı olaraq tələbələrin intellektual səviyyəsinin yüksəlməsinə də təsiri olub. Biz bu gün bunun əyani şahidi olduq. Gələcəyimiz olan gənclik sərbəst düşüncəyə, tənqidi təfəkkürə malik olmalı, biliyini çəkinmədən nümayiş etdirə bilməlidir. Universitetin bu təşəbbüsü alqışlanmalıdır. Tədbir gözlədiyimizdən daha yüksək səviyyədə alındı. Tələbələrin fikirlərini ağıllı və məntiqli izah etmələri, onların natiqlik qabiliyyəti birmənalı şəkildə ali məktəblərdəki təhsilin keyfiyyətindən və təhsil mühitindən asılıdır. Bu keyfiyyətləri özündə cəmləşdirən tələbə həm də gələcəyin yaxşı mütəxəssisi kimi yetişəcək".

E.Əliyev qeyd edib ki, UNEC tələbələrinin etdikləri təqdimatlar onu göstərdi ki, artıq kreativ təfəkkürlü gənclik öz sözünü deyir, yeni platformalarda özlərini gerçəkləşdirə bilirlər: "Bu tədbir ideyası olan gənclərə aydın üfüqlər açdı. Orta və yaşlı nəsil alimlər bundan zövq aldılar. Bunu gənclərimizin insan kapitalının inkişafına verdikləri töhfə kimi də dəyərləndirmək olar. Bu cür ciddi tədbirlər tələbələrə həm də ideyalar axtarışı yolunda açılmış cığırdır".

Qeyd edək ki, qərb ölkələrində bir çox “Science Slam” müsabiqələrində aparıcı şirkətlərin nümayəndələri də iştirak edir və maraq doğuran araşdırmalara sərmayə təklifləri də irəli sürürlər. Bundan motivasiya alan gənc tədqiqatçılar inanırlar ki, apardıqları tədqiqatlar cəmiyyət üçün maraqlıdır və bu işi davam etdirməyə dəyər.  

"SCİENCE SLAM" MÜSABİQƏSİNİN QALİBLƏRİ YEKUN İMTAHANINDAN AZAD OLACAQLAR 

Sonda rektor Ədalət Muradov III "Science Slam" müsabiqəsinin qalibləri ilə  də görüşüb. Görüş zamanı Ə.Muradov sözügedən müsabiqədə qalib olan tələbələrlə qürur duyduğunu deyib: "Mən sizinlə, qələbənizlə qürur duyuram. Rektor olaraq məni sevindirən əsas məqamlardan biri də müsabiqə zamanı tələbələrin çox sərbəst olması idi. Onlar fikirlərini də sərbəst şəkildə ifadə edə bilirdilər. Elektron xidmətlər, dənizin neftdən təmizlənməsinə ekoloji yanaşma, istehlakçı davranış modeli, dəniz iqtisadiyyatı, informasiya texnologiyaları və sosial şəbəkələr, video oyunların iqtisadiyyatda rolu,  irqi ayrı-seçkilik mövzuları barədə araşdırmalarını sıxılmadan, rahat şəkildə təqdim etdilər. Bu doğurdan da çox sevindirici bir məqamdır.  Bizim əsas məqsədimiz də elə budur, tələbələrin fikirlərini sərbəst çatdıra biləcəkləri sağlam universitet mühitini formalaşdırmaq. Hər birinizi ürəkdən təbrik edir və sizə uğurlar arzulayıram".   

Rektorun sözlərinə görə, "Science Slam" müsabiqəsinin qalibləri Yekun Dövlət Attestasiya imtahanından azad olacaqlar: "Düşünürəm ki, bu, iştirakçılara stimul verməklə yanaşı, digər tələbələr üçün də motivasiya olacaq, onların elmi-tədqiqata marağını daha da artıracaq". "Science Slam"ın qazandırdığı üstünlüklərdən danışan rektor, müsabiqəyə qatılan tələbələrin əsasında UNEC-də bazanın formalaşacağını bildirib.

S.QARAYEVA

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay