A

AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, elmi fəaliyyətinin təşkili və idarə olunması departamentinin direktoru Zahid Məmmədov Həştərxanda “Xəzər rəqəmsal iqtisadiyyat dövründə” Beynəlxalq elmi-praktik forumda iştirak edib.

Professor Zahid Məmmədov AZƏRTAC-a müsahibəsində forumla bağlı təəssüratlarını bölüşərək qeyd edib ki, region iqtisadiyyatlarının inkişafı həmişə təhsil və elm sahəsində əlaqələrin qurulmasına əsaslanır. Buna görə də Həştərxanda rəqəmsal iqtisadiyyat üzrə beynəlxalq forum keçirmək ideyası ölkəmizdə müsbət qarşılanıb.

Tədbirin açılışı ərəfəsində professor Zahid Məmmədov Həştərxan Dövlət Universitetinin rektoru Konstantin Markelov ilə görüşərək, gələcəkdə Xəzəryanı ölkələrin sosial-iqtisadi inkişaf problemləri ilə bağlı beynəlxalq elmi konfransın keçirilməsi perspektivlərini müzakirə ediblər. Eyni zamanda, bu mövzuda elmi nəşr, tədris vəsaitləri və elmi məqalələrin dərc olunması üçün Xəzər iqtisadiyyatı mövzusunda ixtisaslaşdırılmış elmi jurnalın yaradılması haqqında fikir mübadiləsi aparılıb.

“Avropa və ABŞ-dan olan elm adamları, lazım olduqda Xəzər regionunun iqtisadiyyatı ilə bağlı aktual və etibarlı məlumat əldə etmək üçün bizim xüsusi nəşrimizə müraciət etmək imkanına malik olmalıdır. Buna görə də buradakı nəşrlər yüksək beynəlxalq indeks qiymətləndirmələri alacaq”, – deyə professor Zahid Məmmədov bildirib.

Bu fikir onun Həştərxandan olan həmkarları tərəfindən də böyük maraqla qarşılanıb. Konstantin Markelov “Xəzər rəqəmsal iqtisadiyyat dövründə” forumunun açılışında bunu geniş auditoriya qarşısında səsləndirib.

Professor Zahid Məmmədov Həştərxan Dövlət Universitetində keçirilən tədbirin təşkilini və iştirakçılarının səviyyəsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, forum “rəqəmsallaşmanın” aktual məsələlərini həll etmək, habelə Həştərxan Dövlət Universitetinin Azərbaycan Dövlət İqtisad Universiteti ilə elm-təhsil əlaqələrini gücləndirmək üçün perspektivli bir platforma olacaq.

“Həştərxan vilayəti ilə Azərbaycan arasında əlaqələrin inkişafında təhsil sahəsində əməkdaşlıq mühüm yer tutur. Xatırladaq ki, 2016-cı ildə Həştərxan Dövlət Universitetinin Elmi Şurası tərəfindən Rusiya-Azərbaycan əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Azərbaycan Prezidenti İlham Əliyev universitetin fəxri professoru adına layiq görülüb”, – deyə Zahid Məmmədov bildirib.

Professor Zahid Məmmədov akademik mobilliyin inkişaf etdirilməsini universitetlərarası əməkdaşlığın ən vacib sahələrindən biri hesab edir. O, xarici ölkələrin universitetlərində müntəzəm olaraq məruzələr edir və onların sırasına Həştərxan Dövlət Universitetini də daxil etməyə hazır olduğunu bildirib. Öz növbəsində, Həştərxandakı professorları Azərbaycan Dövlət İqtisad Universitetində dərslər aparmağa dəvət edib.

Azərbaycanın rəqəmsal iqtisadiyyatda əldə edilən uğurlar Xəzəryanı ölkələr tərəfindən müsbət dəyərləndirilir. Müzakirələrə əsasən gələn ilin may ayında Bakıda Xəzəryanı ölkələrin nümayəndələrinin iştirakı ilə II Beynəlxalq elmi-praktik forum keçiriləcək. Əldə edilən nəticələr beynəlxalq elmi nəşr bazalarında öz əksini tapacaq.

Azərbaycan ilə Həştərxan arasında mövcud iqtisadi əlaqələrdən danışan professor bu istiqamətdə tədqiqatların aparılmasının vacibliyini vurğulayıb. Həştərxanda 500-dən çox azərbaycanlının təhsil aldığını deyən alim forumda həştərxanlı tələbələrin də Azərbaycanda təhsil alması və ikili diplom məsələləri ilə bağlı müzakirələrin aparıldığını bildirib. Qeyd edib ki, bununla bağlı Həştərxan Dövlət Universitetinin rektoru Konstantin Markelov sentyabr-oktyabr aylarında Azərbaycana gələcək. Xəzəryanı ölkələrin iqtisadi inkişafı ilə bağlı jurnal - elmi nəşr ilk dəfə Azərbaycanda UNEC-də təsis olunacaq. Xəzəryanı ölkələrdə aparılan ən ciddi elmi tədqiqat işləri bu jurnalda öz əksini tapacaq.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR