A

AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü və təşkilatçılığı ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası 20 gündən çoxdur davam edir.

AZƏRTAC xəbər verir ki, iyunun 12-də aksiya iştirakçılarının bir qrupu hərbi hissələrə deyil, Bakıdakı şadlıq evlərindən birinə üz tutaraq orada keçirilən toy mərasiminə qatılıb. Bu xeyirxah vətənpərvərlik təşəbbüsü bəylə-gəlini, eləcə də bütün mərasim iştirakçılarını sevindirib. Deməli, şəhid ailəsi nəinki dövlətin, ümumiyyətlə, bütün cəmiyyətin diqqət mərkəzindədir.

Sevincdən axan göz yaşlarını gizlədə bilməyən Aprel şəhidi əsgər Sarvan Mehrəliyevin anası Xatirə Əliyeva dövlətimizin başçısı İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyindən, bütün xalqımızdan diqqət və qayğı gördüklərini minnətdarlıqla vurğulayaraq deyib: “Xocalıdan qaçqın düşmüşük. İki oğlumu atasız böyütmüşəm. Bir müddət Ağdam rayonunun Ballar kəndində yaşadıqdan sonra indi də Pirallahıda məskunlaşmışıq. Hər iki oğlum ailə vəziyyətimizə görə 10-12 yaşlarından işləyib mənə yardımçı olublar. Hər ikisini bir gündə hərbi xidmətə yola salmışam. İkisi də Beyləqan-Füzuli bölgələrində xidmət edib. Komandirlərindən dəfələrlə təşəkkür məktubları almışam. Çox vətənpərvər oğullar idilər. İstəməsələr də, hər ay onlara baş çəkməyə gedərdim. Hər cür şəraitləri vardı. Komandirlər onlardan, onlar da komandirlərindən çox razılıq edirdilər. Deyirdilər ki, ana, işğal altındakı torpaqlarımızı azad edərək, özümüz səni Xocalıya aparacağıq. Sarvanla Namiq Lələtəpə uğrunda döyüşlərə də bir yerdə atılıblar. Namiq kəşfiyyatçı-qumbaraatan, Sarvan isə onun köməkçisi idi. Heç xəyalıma da gəlməzdi ki, Sarvanımı döyüşdə itirəcəyəm. Bircə təsəllim ondadır ki, Sarvanım Vətən uğrunda döyüşlərdə şəhid olub. El-obamıza, öz doğma anasına başucalığı gətirib. Təki Vətən sağ olsun. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin professor, müəllim və tələbələrinin, eləcə də döyüşçü dostlarının şəhid qardaşı və silahdaşının, oğlum Namiqin toy mərasiminə qəfil gəlişləri bir daha onu göstərdi ki, biz tək deyilik və heç vaxt tək olmayacağıq. Minnətdarlıq etməkdən savayı sözüm yoxdur”.

Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Aprel döyüşlərinin iştirakçısı, polkovnik Abdulla Qurbani bildirib ki, bəyin qardaşı Sarvan Lələtəpə uğrunda döyüşlərin ilk şəhididir. Döyüşqabağı onun sevgilisinə yazdığı və ölümündən sonra cibindən çıxan məktub sosial şəbəkələrdən hər kəsə məlumdur. O, yazırdı: “Dünyada gözəl qızlar çoxdur, ancaq mən səni sevirəm. Dünyada vəfalı qızlar da çoxdur. Yenə də mən təkcə səni sevirəm. Əzizim, bu gün bəlkə də mənim son döyüşüm olacaq. Əgər şəhidlik xəbərimi eşidib bir anlığa köks ötürərək “Mən də səni çox sevirdim, Vətən qədər” desən onda mənim ruhum da şad olacaq”.

Sarvan və Namiq Mehrəliyev qardaşları qəhrəmanlıq rəmzimiz olan Lələtəpə əməliyyatının igid döyüşçülərindəndir. Onlar mərdliklə, qələbə əzmi ilə döyüşüb, düşmən üzərinə od ələyiblər. Sursat tükənəndə Sarvan mərmi atəşləri altında ən təhlükəli səngərlərdən keçərək qardaşını və digər döyüşçüləri sursatla təmin edib. Düşmən minamyotundan atılan mərminin qəlpəsi Namiqin dəmir dəbilqəsini dağıdaraq, onu başından yaralasa da, igid döyüşçü atəşlər altında ağır yaralı qardaşı Sarvana tərəf sürünərək ona ilk yardım göstərib. Lakin sevimli qardaşını ölümün pəncəsindən xilas edə bilməyib. Sarvan qardaşının qucağındaca “Anama de ki, bağışlasın. Onu Xocalıya apara bilmədim” deyərək keçinib. Onları təhlükəli mövqedən çıxaran komandir və döyüşçü dostları düşmən üzərinə od ələyərək şəhidimizin qisasını birə-on qat alıblar. Əsgər Sarvan Mehrəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” (ölümündən sonra) medalı ilə təltif olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhid ailəsinə gözaydınlığı verən, bəylə-gəlini təbrik edən polkovnik A.Qurbani Azərbaycan əsgərinin Aprel döyüşlərində olduğu kimi, tezliklə xalqımıza böyük qələbənin də sevincini yaşadacağına əminliyini bildirib.

Cəbhə bölgələrindən gələrək aksiya iştirakçılarına qoşulan Lələtəpə fatehləri – Aprel döyüşlərində göstərdikləri qəhrəmanlıqlara görə “İgidliyə görə” medalı ilə təltif olunmuş hərbi qulluqçulardan Nəsimi Şıxəliyev, İlyas Nəsirov, Asim Əliyev və başqaları bir daha şəhid silahdaşları Sarvanı ehtiramla xatırlayıb, Namiqi təbrik edib, Xatirə anaya xoş arzularını bildiriblər.

Zabit Rahib Qədirli qardaşların xidmət etdiyi hərbi hissənin şəxsi heyəti adından general-mayor Mayis Bərxudarovun bəylə-gəlinə ünvanlandığı təbrik məktubunu oxuyub.

Qəhrəmanlıq mahnıları ifa edilib, vətənpərvərlik şeirləri bir-birini əvəz edib. Milli paltar geyinmiş gizirlər Vüsalə Babayeva və Rəməli Məmmədzadənin “Cəngi” sədaları altında təqdim etdikləri rəqs alqışlarla qarşılanıb.

Aksiya qrupunun rəhbəri, UNEC-in iqtisadi məsələlər üzrə prorektoru, hüquq elmləri namizədi, Qarabağ müharibəsinin iştirakçısı, dosent Mikayıl Zeynalov, UNEC Qadınlar Şurasının sədri, dosent Təranə Kərimova, iqtisad elmləri namizədi, şəhid qardaşı İbrahim Quliyev, UNEC-in əməkdaşı, “Azərbaycan Bayrağı” ordenli, şəhid Nazim Cəbrayılovun həyat yoldaşı Rahilə Cəbrayılova və başqaları Vətən qarşısında əsgəri borcunu şərəflə yerinə yetirən və bu gün alnıaçıq, üzüağ bəylik kürsüsündə oturan şəhid qardaşına, Aprel döyüşlərinin iştirakçısı Namiq Mehrəliyevə universitet rəhbərliyinin təbriklərini çatdırıb. Şəhidimizə rəhmət diləyib, şəhid anasına isə Vətən üçün belə mərd, mübariz oğullar yetişdirdiyinə görə minnətdarlıq edib, Sarvanın adının bu gün toyu olan qardaşının övladının adında yaşayacağını arzulayıblar.

“Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası iştirakçıları şəhid qardaşının, Aprel döyüşlərinin iştirakçısının toy mərasimində yallı halayına qoşularaq rəqs edib, toy mərasiminə yeni bir rəng qatıblar.

Cəbhəboyu bölgələrdə, ön səngərlərdə, xüsusi təyinatlı təhsil müəssisələrində və bir çox hərbi hissələrdə aksiya çərçivəsində bir-birindən maraqlı tədbirlər keçirilir. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Müdafiə Nazirliyinin mətbuat xidməti bu tədbirləri mütəmadi olaraq işıqlandırır.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR