A

525-ci qəzet

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yay imtahan sessiyası ilə bağlı növbəti “Açıq qapı” günü keçirilib.

“Açıq qapı”da UNEC rektoru, professor Ədalət Muradov, millət vəkili Cavid Osmanov, UNEC İctimai Nəzarət Şurasının üzvü, Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədov ilə birgə tələbə və valideynləri qəbul edərək, onların müraciətlərini dinləyib. “Açıq qapı”da ümumilikdə 17-yə yaxın müraciət cavablandırılıb, məsələlərin operativ həlli ilə bağlı müvafiq struktur bölmələrə göstəriş verilib.

Müraciətlər əsasən təhsil haqqı borcu, imtahan vaxtının dəyişdirilməsi, əlavə bal verilməsi, imtahan nəticələrinin artırılması, işə qəbul, təkrar imtahan təşkili ilə bağlı olub. Tələbələr sərbəst şəkildə, çəkinmədən imtahan sessiyasında üzləşdikləri çətinliklər barədə rektora məlumat veriblər. Müraciətləri diqqətlə dinləyən rektor tələbələrə cavab olaraq məsələlərin araşdırılacağını və nəticə haqqda onlara məlumat veriləcəyini bildirib. Ə.Muradov vurğulayıb ki, hər bir tələbənin müraciəti ayrı-ayrılıqda obyektiv araşdırılır.

"Açıq qapı" günü ilə bağlı təəssüratlarını bölüşən millət vəkili Cavid Osmanov deyib ki, ilk dəfədir ki, UNEC-də keçirilən “Açıq qapı”da iştirak edir: “İlk dəfə olaraq “Açıq qapı”da rektorla birgə müraciətləri dinlədik. Təəssüratlarım  müsbətdir, burada iştirakımdan çox razı qaldım.  Rektor Ədalət Muradovun  tələbələrə, ona müraciət edən valideynlərə münasibəti və tələbələrin rektora yanaşması çox xoşuma gəldi. Tələbələr çox sərbəst idilər və rahatlıqla, çəkinmədən rektorlarına öz problemləri barədə məlumat verirdilər. Onlar sıxılmadan rektorlarına müraciət edir, üzləşdikləri çətinliklər barədə danışırdılar. Ədalət Muradov onlara bunun üçün imkanı yaradır, onları dinləyir və tələbənin xeyrinə, ədalətli  qərarlar verirdi. Bütün müraciətlərə ictimaiyyətə açıq şəkildə baxıldı və müvafiq qaydalara uyğun addımlar atıldı. Hətta bəzi həssas məqamlarda, yəni sıxıntısı, çətinliyi olan tələbəyə fərdi yanaşıldı.  Mən bunu yüksək qiymətləndirirəm, bu, doğurdan da çox müsbət haldır. “Açıq qapı” da rektora müraciət edən hər kəs rektorla görüşdən çox məmnun qaldı. Rektorun universitet əməkdaşlarının sosial problemlerlə bağlı müraciətlərinə də həssaslıqla yanaşması da məmnunluq yaratdı. Mən UNEC-də keçirilən “Açıq qapı” da iştirak etməkdən böyük məmnunluq duydum”.

UNEC İctimai Nəzarət Şurasının üzvü, Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədov isə bildirib ki, tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması üçün imtahan prosesi ictimaiyyət üçün açıq keçirilir. Həmçinin ictimaiyyət və vətəndaş cəmiyyətinin nümayəndələri prosesə cəlb edilir və hətta jurnalistlər “nəzarətçi” qismində imtahanlara cəlb olunub. İmtahan sessiyası ictimaiyyətə açıq keçirildiyindən jurnalistlər sərbəst şəkildə imtahanları izləyə bilərlər: “Tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyi əsas götürülərək hər il yay imtahan sessiyasına nəzarət UNEC İctimai Nəzarət Şurasına həvalə edilir. Sessiya dövründə UNEC-in rəhbərliyinin iştirakı olmadan Şura üzvləri "Açıq qapı" keçirir, tələbə və valideynlərin müraciətlərini dinləyir. Eyni zamanda, sessiyanın yekunlarına dair müzakirələri də onlar aparırlar. Sessiya dövründə UNEC-in "Qaynar xətt" xidməti QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə edilir. Xidmətə daxil olan müraciət və şikayətləri, eyni zamanda, onların araşdırılmasına da yalnız onlar nəzarət edir. "Qaynar xətt"ə daxil olan bütün müraciətlər QHT, KİV və ictimaiyyət nümayəndələri tərəfindən dinlənilir, araşdırılır. Bu da UNEC-də imtahanların şəffaf və düzgün keçirilməsində xəbər verir”.

S.Məmmədovun sözlərinə görə, "Açıq qapı"da bir müraciət diqqətlə dinlənildi və müvafiq qaydalar çərçivəsində onların həlli ilə bağlı göstərişlər verildi. Bəzi məsələlər isə yerindəcə həll edildi: “Tələbələrin sərbəst şəkildə problemlərini rektora çatdırmaları, haqlarını müdafiə etmələri universitet rəhbərliyinin onlara yaratdığı səmimi mühitdən irəli gəlir. Bütün bunlar da keyfiyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir".

Tələbə və valideynlər yaradılan bu şəraitə, problemlərinin həllində göstərdiyi köməkliyə görə Ədalət Muradova öz minnətdarlıqlarını bildiriblər.

Valideyn Məmmədova Səadət qeyd edib ki, öğlu UNEC-in “İqtisadiyyat” fakültəsində təhsil alıb: “Dörd il mənim oğlum UNEC-də təhsil alıb. Orada dərslər yüksək səviyyədə keçilib, tələbələrə təhsil almaları üçün bütün lazımi şərait yaradılıb. Bugünədək mənim oğlumun təhsili ilə bağlı heç bir narazılığım olmayıb. Mən həm rektordan, həm də müəllimlərdən çox razıyam. "Açıq qapı"da rektorla görüşə gəlməyimə səbəb oğlumun diplom işinin 2 dəfə antiplagiyatdan keçməsinə icazə verilməsidir. Rektor da məsələ ilə bağlı müvafiq tədbirlərin görüləcəyini dedi. Çox sağ olsun. Tələbə və valideynlərə yaratdığı bu şəraitə görə mən Ə.Muradova öz təşəkkürümü bildirirəm. Mən bir valideyn olaraq fəxr edirəm ki, oğlum UNEC-də təhsil alıb və bu universitetin məzunu olacaq”.

Valideyn Lətifova Elnarə isə deyib ki, rektor, professor Ədalət Muradov bütün tələbələrə yüksək səviyyədə təhsil alması üçün hər cür imkan yaradır, güzəştlər edir. İmtahanlarda şəffaflığın təmin edilməsi və obyektivliyin qorunması üçün mühüm işlər görür. Tələbələrin sərbəst şəkildə problemlərini rektora çatdırmaları, haqlarını müdafiə etmələri üçün çərait yaradır. Valideyn övladı ilə bağlı müraciət edir, problemin olduğunu deyir. Məsələ araşdırılır və problem həll edilir: “Tələbələrə bu imkanı yaradan UNEC-ə, rektor Ədalət Muradova öz minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, UNEC rektorunun "Açıq qapı" günləri hər həftənin şənbə günü olmaqla yay imtahan sessiyasının sonuna kimi davam edir.

 S.QARAYEVA

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay