A

markzone.az

Bütün dünyada ciddi rezonans doğuran kabusdan oyanmağa doğru gedirik. Deyərdim ki, dünya tarixinin ən uzun gecəsini yaşadıqdan sonra artıq səhərin dan yeri açılmaq üzrəykən bir düşüncə bürüdü məni.

“Bu Korona müddətində krizisi fürsətə, vəziyyəti isə lehinə çevirə bilən, hadisədən şikayət etməyib yaranan hal qarşısında əməyi ilə özünü önə çıxara bilən kimlər oldu?”

Fikrimcə, tarix bundan sonra “koronadan öncə”, “koronadan sonra” formatında 2 hissəyə belə ayrıla bilər. Fərd olaraq, qurum olaraq, ölkə olaraq və dünya olaraq hamımızın Korona müddətini müxtəlif formalarda dəyərləndirmə imkanımız olmuşdur. Tələbələrimə də bu haqda fikirlərimi demişim ki, bu müddəti öz lehinə istifadə edən kim varsa, hər şey normal halına qayıdanda məhz onlar daha güclü formada qayıdacaqlar.

Bu periyodu daha spesifik və təhsil sektorunda olduğum, prosesin içində aktiv iştirak elədiyimdən elə bu sektordan nümunə verərək dəyərləndirmək istərdim. Universitet nümunəsi üzərindən dəyərləndirməyim mənim üçün özümü ifadədə, siz dəyərli oxucular üçün də  vəziyyəti daha dəqiq anlamaqda uyğun “case” ola biləcəyini düşünürəm.

UNEC Extern və Korona

Məlum olduğu kimi, 3 Mart 2020 tarixində ölkəmizdə təhsilin motivləri dəyişməyə başladı. Ölkə ərazisində təhsilin dayanmasına dair qərar qəbul edilən kimi, insanların hamısında müxtəlif suallar və ailələrdə də övladlarının təhsili ilə bağlı narahatçılıqlar formalaşmağa üz tutdu. Məhz belə bir anda Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) müəyyən dərəcədə risk də alıb, özünün bütün imkanlarını səfərbər edərək distant təhsilin gücündən istifadə eləmək üçün “UNEC Extern” mərkəzini işə saldı. Belə bir infrastruktura sahib olmaq da əslində vaxtında atılmış addımların bəhrəsi idi və görülən doğru işlərin nəticəsiz qalmayacağını göstərirdi. Beləliklə, UNEC təhsil prosesində ilk həmləni edərək, müəllim heyəti ilə gərgin bir iş rejimi və gələcək üçün qaranlıqdan şikayət etmək yerinə bir şam yandırmağı seçənlərdən oldu.

Novruz Bayramı ərəfəsində hərəkətin məhdudlaşdırılması qərarı çıxanda, təhsilin aqibəti yenə müzakirə edilməyə başlanmışdı. Məhz bu anda UNEC 2 həmləni eyni anda etdi və fərq yaratdı:

  1. COURSERA ilə razılaşma – “Coursera” ilə müqavilə imzalanaraq, tələbələrə aldığı kurslar müqabilində müvafiq imtahanlarda bal verilməsi
  2. ZOOM ilə razılaşma. -Dərslərin evdən distant formada “ZOOM” proqramı vasitəsilə təşkil edilməsinə nail olunması

Dərslərin təşkili və prosesə nəzarət

Bundan sonrakı müddətdə 15 həftəlik dərs proqramı bütün tələbələrə tədrisin təşkil olunması üçün şərait yaratdı. Tələbə istədiyi yerdən telefonu ilə belə kabinetinə göndərilən linkə daxil olaraq dərsləri dinləməyə başladı. Bu istiqamətdə flaqman olduğu və innovasiyanı ilk edən funksiyası daşıdığı üçün, sonradan müxtəlif formada digər qurumlar buna nail olsa da, ətrafdan gələn “feedback”-lər onu deməyə imkan verir ki, məhz distant təhsil UNEC -in adı ilə bağlı qaldı. Bütün prosesdə güclü nəzarət gedirdi, kollektiv, xüsusilə işçi qrupları yaranan nasazlıq və ya texniki problemlərə adekvat reaksiya verirdi. Bu period və krizis həm də onu göstərirdi ki, UNEC-in insan kapitalı da çox güclü və keyfiyyətlidir. Həftəlik tutulan statistikalara və məndə olan məlumatlara əsasən deyə bilərəm ki, semestr ərzində dərslərin təşkili baxımından distant dərslər elə real dərslər səviyyəsində baş tutdu.

Qaynar xəttə və operativ kommunikasiya

UNEC daxilində hansısa bir situasiyada insanların reaksiyası, həll mərkəzli düşünmək və ümumi komandaların yek vücud olması isə bir qurum və komanda təfəkkürünün formalaşması və oturuşmuş olduğunu göstərməkdədir. Sosial şəbəkələrdə olsun, telefon zənglərində olsun, qrup daxili və qrup xarici bütün komandalarda tək yanaşma var idi: Problemin həlli.

Heç kim bəhanə axtarmırdı, hamı əlini daşın altına qoyur, hamı vəziyyətdən çıxış yolu axtarırdı. Facebookda qaynar xətt səhifələri yaradıldı və yaxud səhifələrin adlarına Qaynar Xətt ibarəsi əlavə edildi. Tələbələrdən gələn bütün suallar operativ cavablandırıldı. Bilən bilir ki, əgər informasiya vaxtında və doğru formada verilməsə, boşluqlar qalsa, insanlar boşluqları dedi-qodu və təxminlərlə tamamlayır. Bu isə istənən və arzulanan hal deyil. UNEC bu baxımdan, sosial şəbəkələrdə rəhbərlik səviyyəsində, dekanların və rektorun çıxışları və insanlardan gələn suallara cavab verməsi ilə də kommunikasiyanın idarəsi baxımından nümunə oldu.

Tələbə və təhsil yönümlü strategiya

Bu, deyərdim ki, ən qarışıq məsələlərdən biridir. Tələbə yönümlü olmaq necə olur? Bu məsələni balanslaşdırıb, təhsillə doğru tərəzidə təqdim edə bildikdə qurumun imici və keyfiyyət anlayışı davamlı ola bilir. Əks təqdirdə isə mütəmadi narazılıq yaranır və heç kimin istədiyi olmur. Tələbə yönümlü olmaq o demək deyil ki, tələbənin hər istədiyini ona təqdim edib, bircə, narazı qalmasınlar düşüncəsindən hərəkət edilsin. Bu, ən asan yoldur. Bunun üçün bu qədər zəhmətə girməyə də ehtiyac yox idi. Vaxtı vədəni gözləyib, lehdə qərar vermək kifayət edirdi. Tələbə yönümlü olmaq odur ki, tələbələrin ani hislərlə gündəlik düşüncələrindən daha çox onların gələcəyi üçün ən yaxşı olan qərarı seçməkdir- təhsildən vaz keçmədən, doğru bir ölçmə forması və imtahan şərtləri ilə birlikdə. Etirazlar olmadığından və açıqlanan qərarlardan razılıqlar onu göstərir ki, UNEC bu balansa nail oldu və tələbələri məmnun edərək, təhsilə də bağlı qala bildi. Bir digər məqam isə odur ki, UNEC-in təhsil ilə yanaşı aşıladığı qurum mədəniyyəti ilə də özünəxas tələbə kontingenti yetişdirə bildiyi məlum olur. Çünki tələbələrin qərarları qarşılama forması bunun göstəricisidir.

İmtahan prosesinin təşkili

Hazırda üzərində çox həssaslıqla işlənən və daxili kommunikasiya ilə sistemli çalışılan bir digər məqam da imtahan proseslərinin təşkil olunmasıdır. Bu məsələnin də uğurla həll ediləcəyindən əminəm. Çünki bütün heyət tək bir vücud olub, köklənib prosesin nəticəsinə. Bu prosesin düzgün qurulması sistemli formada çalışma, imtahan nəzarət mexanizminin meydana gətirilməsi, iş analizi və tərtibatların qurulması, formalaşdırılması və sistemləşdirilməsini tələb edir. Bu isə həm IT baza baxımından, həm infrastruktur baxımından, həm də insan resursu baxımından hazırlıq və bacarıq tələb edir. Gərək o elastikiyyətə sahib ola biləsən ki, adekvat yanaşma da ortaya qoyasan. UNEC isə proseslərdə iştirak edən biri olaraq deyərdim ki, imtahana tam hazırdır. Məhz buna görə də, bu sistemi qurub, bu qədər yekuna gətirməyi bacaran insanlara sadəcə alqış və hörmət düşür.

UNEC Karyera günləri və Konfrans

Bu işlərlə birlikdə, bu qədər işin arasında, həmçinin karyera günlərinin təşkili və şirkətlərin müxtəlif pozisiyalarında işləyən insanlarla görüş, sualların cavablandırılması da xüsusi hal və gözəl addım idi. Eyni zamanda  “II. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı” da komandası və idarəetməsi ilə gözəl işlərdən idi. Distant formada həm elmi, həm özəl sektorda işlər görüldü və görülməyə davam edir.

Məqamlara nəzər yetirəndə, hansısa boşluğa baxıb irad tutmağa qalanda, istənilən situasiya tənqid oluna bilər. Tənqid təkliflə birlikdə təqdim olunsa inkişafa aparır. Buna da varam. Fəqət nəyinsə tənqidi tərəfi, o işi görən insanların əməyinə, əziyyətinə və zəhmətinə dırnaqarası yanaşmağa haqq vermir.

90 günə yaxın bir zamanda 90 yaşlı UNEC-in adını və imicini qoruyan, bu uğurda zəhmət çəkən bütün UNEC heyətinə salam olsun!

TOP XƏBƏRLƏR