A

"Xalq qəzeti"

Azərbaycanıəsas strategiyası karbohid­rogen ehtiyatlarından asılılığı azaltmaq və innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Ötən ay Azərbaycanda kitabsevərlərin böyük marağına səbəb olan növbəti hadisə baş vermişdir. Belə ki, Dünya İqtisadi Forumunun qurucusu və icraçı rəhbəri, professor Klaus Şvabın “Dördüncü sənaye inqilabı” adlı məşhur əsəri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) alimləri tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmişdir. Kitabın oxucularda böyük maraq doğurmasının da ciddi səbəbləri var. Cənab Şvab hazırda bəşəriyyəti daim narahat edən gələcəyin yeniliklərindən bəhs etmişdir.

Yeni texnoloğiyaların, mürəkkəb innovasiya və inqi­labi dəyişikliklərin cəmiyyətə göstərəcəyi müsbət və mənfi dəyişikliklərdən bəhs olu­nan kitabda hökumətlərdən, şirkətlərdən tutmuşsıravi vətəndaşadək hər bir şəxsin məsuliyyəti qabardılır, sürətlə dəyişən dünyaya uyğunlaşmaları, mürəkkəb innovasiyalara çevik reaksi­yalarının vacibliyi önə çəkilir. İnnovasiyaların tətbiqi və inkişafı baxımından regionun lokomotiv mərkəzinə çevrilməyi hədəfləyən Azərbaycanda da Dördüncü sənaye inqilabının üstünlüklərdən bəhrələnməyə böyük maraq göstərilir, dövlət səviyyəsində ciddi proqram­lar və qərarlar qəbul edilir. Şübhəsiz, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün bu islahatlar Azərbaycanın sonrakı illərdə də sabit inkişafını təmin edəcək, ölkəmizin innovasiyaların tətbiqi səviyyəsinə görə lider ölkələrdən birinə çevirəcək.

Klaus Şvabın “Dördüncü sənaye inqilabı” adlı məşhur əsəri süni intellekt, robotlar, əşyaların interneti, avtonom maşınlar, üçölçülü printerlər, nanotexnologiya, biotexno­logiya, kvant hesablamaları kimi yeni texnoloji sıçrayışlara əsaslanan bu inqilabın hansı yenilikləri gətirəcəyi, necə təsir göstərəcəyi və onu ümumi faydalara çevirmək üçün nələr edilə biləcəyi haqqındadır. Müəllif əsərini gələcəyə maraq göstərənlər, dünyanı daha yaxşı bir vəziyyətə gətirmək naminə özlərini bu inqilabi dəyişikliyin yaratdığı fürsətlərdən istifadəyə həsr etmiş insanlar üçün yazdığını qeyd edir. Bu ba­xımdan, əsərdə yeni texnoloji inqilabın əsas xüsusiyyətləri təsvir edilir, yaratdığı imkan­lar və dilemmalar vurğulanır və ən əhəmiyyətlisi, dördüncü sənaye inqilabının insanlığın nəzarətində baş verməsinin yolları araşdırılır.

Azərbaycanda son sənaye inqilabının doğurduğu və doğuracağı yeniliklərə bö­yük diqqət göstərilir. Bu baxımdan cənab Şvabın kitabı bir çox mütəxəssislər tərəfindən fundamental əsər kimi qiymətləndirilir. Təsadüfi deyil ki, bu əsər Dünya İqtisadi Forumunun Davosda keçirilən sonuncu Zirvə toplantısında Pre­zident İlham Əliyev ilə forumun prezidenti Borge Brende ara­sında Dördüncü sənaye inqilabı üzrə Bakıda regional mərkəzin yaradılması haqqında niyyət protokolunun imzalanmasından sonra qısa zamanda ana dilimizə tərcümə olunaraq oxucuların diqqətinə çatdırıldı.

Ümumiyyətlə, Dördüncü sənaye inqilabı siyasətçilər, akademiklər və biznes sənaye liderləri arasında olduqca aktual bir mövzudur. Bəs bu inqi­lab tam olaraq nə deməkdir? Xatırladaq ki, Dördüncü sənaye inqilabı ifadəsini ilk dəfə Dünya İqtisadi Forumunun təsisçisi Klaus Şvab işlətmişdi. Cənab Şvab bu dövrü təsvir etmək üçün kitabında “Texnoloji inqilab fizika və biologiya sahələri arasında təzad yaradır” başlığını yazmışdı. Qeyd etmək vacib­dir ki, 1760-cı illərdə Böyük Britaniyada başlayan Birinci sənaye inqilabı 1800-cü illərdə Avropa və Şimali Amerika­ya yayılmışdı. Birinci sənaye inqilabının əsas mahiyyəti su və buxar enerjisi ilə əl əməyinin mexanikləşdirilməsindən ibarət idi – həmin dövrün əsas ixtirası da məhz buxar maşınıdır. Birinci sənaye inqilabının nəticəsində manufakturalar və fabriklər ya­randı, toxuculuq sənayesi sürətlə inkişaf etdi. XIX əsrin sonla­rından başlayan ikinci sənaye inqilabı polad, neft və elektrik kimi yeni sənaye sahələrinin yaranması ilə xarakterizə olunur. Telefon və daxili yanma mühərriki ən önəmli ixtiralar hesab edilirdi. “Rəqəmsal inqi­lab” kimi də tanınan və XX əsrin ikinci yarısını əhatə edən Üçün­cü sənaye inqilabı dövründə isə kompüter və internet ixtira olun­muşdu. Bəs Dördüncü sənaye inqilabında bizi nələr gözləyir? Ümumiyyətlə, hazırda Dördüncü sənaye inqilabına keçid prosesi gedirmi?

Bu suala cavab olaraq süni intellekt və müxtəlif sahələrdə robotlaşmanın artması, “3D Printing”, dronlardan istifadə, bərpa olunan enerjidən istifadənin artması, elektrikli maşınların artması, sürücüsüz nəqliyyat vasitələrinin meydana gəlməsi və s. göstəricilərlə Dör­düncü sənaye inqilabının baş­ladığını deyə bilərik. Rəqəmsal adlandırılan dördüncü sənaye inqilabı bütün sahələrdə insanla­rın rolunu minimuma endirəcək. “Sənaye 4.0” dövründə ro­botlaşma təkcə insanların öz iş yerlərini itirməsi ilə deyil, həmçinin biznesin ən fərqli sahələrində – menecment, İT, ro­botlaşma, mühəndislik, elektro­energetika, marketinq və satışda yeni imkanların yaranması ilə müşayiət olunacaq. Hazırki dövr bizdən artan rəqabətə tab gətirmək üçün yeni strategiyalar düşünməyi tələb edir. Çünki Dördüncü sənaye inqilabı iqti­sadiyyatının rəqabət qaydaları əvvəlki dövrlərin qaydalarından fərqlənir. Burada rəqabətə tab gətirmək üçün bütün formalar­da innovasiyaları tətbiq etmək lazımdır. Bəs Dördüncü sənaye inqilabı üzrə regional mərkəzin Azərbaycanda yaradılmasının hansı faydaları olacaq?

Mütəxəssislər bu fikirlə həmrəydirlər ki, Dördüncü sənaye inqilabı digər sənaye inqilablarından fərqli olacaq. İlk sənaye inqilabı zamanı baş vermiş ixtira buxarla çalışan dəzgahlar idisə, Dördüncü sənaye inqilabı zamanı baş verə biləcək ixtira süni intellektlə fizi­ki insan həyatının birləşməsidir. Buna misal olaraq səslə işləyən köməkçiləri, üz şəxsiyyətini tanıma və ya rəqəmsal sağlam­lığa qulluq sensorlarını misal göstərmək olar. Azərbaycanda yaradılması nəzərdə tutulan bu mərkəzdə inkişaf etməkdə olan yeni texnologiyalarla bağlı olan problemlərin həll yolları, həmçinin sektorlararası əməkdaşlığın sürətləndirməsi üçün əlverişli olacaq. Bu mərkəzin yaradılması ilə bağlı Azərbaycanın İnformasiya Texnologiyaları xidmətləri və proqram sektorlarında artım müşahidə olunacaq. Mərkəz həm tərəfdaş dövlətlərə, həm də özəl sektor nümayəndələrinə informasiya texnologiyaları sahəsində həll yolları təklif edəcək və həll yollarının regi­onda tətbiqinə dəstək verəcək. Şübhəsiz, Davos Ümumdünya İqtisadi Forumunun Bakıda regi­onal mərkəzinin yaradılması bu prosesin daha da sürətlənməsinə şərait yaradacaq. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan öz tarixində əvvəlki hər üç sənaye inqilabını yaşamışdır. Buna görə də, mütəxəssislər bildirirlər ki, Dördüncü sənaye inqilabı yalnız istehsal və isteh­salın idarə edilməsi sahələrindən yox, həmçinin avtonəqliyyat kimi sahədə də insanların rolunu minimuma endirəcək.

Əlbəttə ki, Dördüncü sənaye inqilabı Azərbaycana qlobal iqtisadi rəqabətdə möqvelərini dəyişmək və gücləndirmək imkanı verir. Bu isə ölkə iqtisa­diyyatının mövcud potensialın­dan tam şəkildə istifadə etmək, innovasiyaları tətbiq etməklə mümkündür. Mütəxəssislərin fikrincə, Azərbaycanın malik olduğu imkanlardan tam yararla­naraq innovativ həllər vasitəsilə regionun rəqəmsal mərkəzinə çevrilmək imkanı böyükdür. Bu ay Prezident İlham Əliyev “Microsoft” şirkətinin təşəbbüsü ilə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında keçirilən videokonfransda da bildirmişdi ki, Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir.

“Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir. Bu dəfə Davos İqtisadi Forumu zamanı cənab Bor­ge Brende və mən Davosun dördüncü sənaye inqilabı üzrə Regional Mərkəzinin Bakıda yaradılması ilə bağlı sənədi imzaladıq. Beləliklə, bu mərkəz nəinki təkcə Azərbaycanı, region ölkələrini də əhatə edəcək. Buna görə düşünürəm ki, bizim üçün daha da irəliləmək və sizinlə innovasiya mərkəzi üzərində çalışmaq təbii olardı”, - deyən ölkə başçısı əlavə etmişdi ki, Azərbaycanın əsas strategiyası karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və innovasi­yalar, yeni texnologiyalar və mü­asir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır.

Bir sözlə, hazırda Azərbaycan nüfuzlu reytinqlərdə hər il müsbət inkişaf dinamikası nümayiş etdirir və təsadüfi deyil ki, ölkəmiz informasiya-kom­munikasiya Texnologiyaları sahəsinin inkişafına görə dünya üzrə 65-ci yerdə qərarlaşmışdır, Cənubi Qafqaz ölkələri arasında lider mövqeyə malikdir. Bundan başqa, Dünya Bankının “Doing Business 2019” hesabatında isə ölkəmiz Avropa və Mərkəzi Asiyada ən çox islahat aparan 10 ölkə sırasındadır və dünya üzrə 190 ölkə arasında 25-ci yerdə qərarlaşmışdır.

Bütün bu nailiyyətlər belə deməyə əsas verir ki, Azərbaycan yeni dövrün çağırış­larına adekvat reaksiya vermək iqtidarındadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün bu islahatlar və yerinə yetirilən innovativ qərarlar ölkəmizin sonrakı illərdə də sabit inkişafını təmin etməklə yanaşı, innovasiyaların tətbiqi səviyyəsinə görə lider ölkələrdən birinə çevrilməsində əvəzsiz rol oynayacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay