A

“Azərbaycan müəllimi” qəzeti

Son illər “Azərbaycan müəllimi” qəzetinin kollektivi məzmun zənginliyi, mövzu rəngarəngliyi ilə bağlı oxucuların istək və arzularını nəzərə alır, oxucu auditoriyamızın marağına səbəb olan bir sıra məsələləri diqqətdə saxlayır. Təhsil Nazirliyi tərəfindən təhsilin ən müxtəlif pillələrində aparılan əsaslı dəyişiklikləri, tətbiq olunan yenilikləri təhsil ictimaiyyətinə çatdıran yaradıcı kollektiv öz üzərində çalışaraq yeni-yeni mövzular axtarışında, layihələr üzərində işləməkdədir. Həyata keçirilən layihələrdən biri də qəzetin yaradıcı kollektivinin vaxtaşırı respublikanın tanınmış elm ocaqları və ali məktəblərinə gedərək burada aparılan işlərlə, tədris mühiti, maddi-texniki təchizatla təminat, ən əsası kadr hazırlığı ilə əyani tanış olmaq, qəzetlə həmin təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsidir. Layihə çərçivəsində ali məktəblər arasında ilk mediaturumuz - qısa bir müddət ərzində gördüyü işlərlə, təhsil sahəsində əldə etdiyi uğurlarla özünə artıq müsbət imic formalaşdırmış, uzunillik tarixi ənənələri olan 85 yaşlı Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) olub. “Azərbaycan müəllimi” qəzeti redaksiyasının təşəbbüsü və UNEC rəhbərliyinin razılığı əsasında baş tutan mediatur fevralın 11-də reallaşıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq və Kommunikasiya Departamentinin direktoru Rasim Şərifovun və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüsalə Məmmədovanın müşayiəti ilə qəzetin yaradıcı kollektivi universitetin struktur bölmələri, tədris mərkəzləri ilə tanış olub. Öncə Beynəlxalq İqtisadiyyat Məktəbinə  baxış olub. Məktəbin direktoru Anar Rzayev  təhsil müəssisəsi, buradakı tədris mühiti, müəllimlərin, həmçinin tələbələrin seçiminə verilən əsas tələblər barədə ətraflı məlumat verib.

Sonra jurnalistlər universitetin MBA (Biznesin idarə edilməsi) Departamentində olublar. Departamentin direktoru Nazim Hacıyev MBA proqramının universitetdə 2001-ci ildən yaradıldığını, 2014-cü ildən isə artıq departament kimi fəaliyyət göstərdiyini deyib, onun iş prinsipi ilə qəzetin əməkdaşlarını tanış edib. Departamentin EFMD-nin tamhüquqlu, eyni zamanda EFMD-nin Qlobal şəbəkəsinin üzvü olduğunu deyib.Universitetdə fəaliyyət göstərən London Universiteti/ London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr proqramında qəzetin kollektivi tərəfindən maraqla qarşılanıb.

Daha sonra SABAH qrupları Resurs Mərkəzi ilə tanışlıq olub. Mərkəzin rəhbəri Aida Quliyeva burada təhsil alan tələbə sayına görə UNEC-in liderlik etdiyini deyərək ümumilikdə bu qruplarda 483 tələbənin təhsil aldığını diqqətə çatdırıb. Söhbət zamanı SABAH qruplarında dərs deyən müəllimlərin hazırlıq səviyyəsindən, tələbələrə müəllim seçimində sərbəstlik verilməsindən danışılıb, onların keyfiyyətli təhsil almaqda maraqlı olmalarına, bu gün əmək bazarında yalnız bilikli, bacarıqlı mütəxəssislərə ehtiyac olmasına və digər məsələlərə toxunulub.

Qəzet əməkdaşlarının suallarını cavablandıran Aida xanım ümumiyyətlə Təhsil Nazirliyi tərəfindən reallaşdırılan SABAH qruplarının unikal bir layihə olduğunu deyib, burada yaradılan şəraitdən söz açıb. Əməkdaşların tanış olduğu növbəti məkan Virtual müəssisə, Maliyyə laboratoriyası barədə universitetin əməkdaşı Ramil Cabbarov məlumat verib. Qeyd olunub ki, Virtual müəssisənin məqsədi interaktiv tədrisi yaxşılaşdırmaq və işgüzar bacarıqlar əldə edərək inkişaf etdirməkdir. Eyni zamanda təcrübə şirkəti, virtual müəssisə anlayışı çərçivəsində UNEC-in tələbə və magistrantlarına gündəlik işgüzar həyatı və əmək bazarının reallıqlarını göstərməkdir.Bu müəssisə tələbələrin gələcək karyerasında mühüm rol oynayır. Maliyyə laboratoriyasının isə tələbələrin maliyyə ilə bağlı biliklərinin daha da artırılmasında əhəmiyyəti vurğulanıb.

İmtahan zalları ilə tanışlıq, tələbələr üçün yaradılan şərait universitetin gənclərin biliyinin qiymətləndirilməsi baxımından yeni bir mərhələyə qədəm qoymasından xəbər verir. Əməkdaşlara imtahan sessiyasının keçirilməsi ilə bağlı məlumat verən ali təhsil müəssisəsinin Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin direktoru Raqif Qasımov bir saat ərzində 500 tələbənin imtahan verməsinin və elektron apelyasiyasının tətbiqinin tələbələrin vaxta qənaət etməsi baxımından da effektiv olduğunu deyib.

Universitetin Azad İnternet Zonası, oxu zalı ilə də tanışlıq olub. Mediatur iştirakçıları müəllim və tələbələrin dərslik və əlavə tədris vəsaitləri ilə təminatı, eləcə də mütaliə səviyyəsi ilə bağlı mövcud vəziyyəti, buraya gələn oxucuların hansı dövri mətbuatı izlədiklərini öyrəniblər. Oxu zalının müdiri Mətanət Abbasova burada iqtisadiyyatın müxtəlif sahələri üzrə 10 mindən çox kitabın olduğunu bildirib. Zəngin kitab fondu müəllim və tələbələrin demək olar ki, ehtiyaclarını tam ödəyir. Burada iqtisadiyyatın müxtəlif sahələri üzrə Azərbaycan, rus, ingilis, türk dillərində kitabların olduğu qeyd edilib. Elektron kitabxananın saytında isə elektron mühazirələr, videodərsliklər, dərs vəsaitləri, müvəqqəti və daimi istifadəyə verilən məlumat bazalarına, qəzet və jurnalların veb-səhifələrinə keçidlər, fənlər üzrə işçi tədris proqramları yerləşdirilib.

Saytda həmçinin milli və xarici kitabxanaların icazə verilən bazalarına daxil olmaq üçün şərait yaradılıb. İnnovativ Biznes İnkubator (İBİ) və universitetdə ötən il yaradılmış onlayn “Radio UNEC” də yaradıcı kollektivi tərəfindən maraqla qarşılanıb. Bildirilib ki, İBİ-də tələbələr maraqlı startaplar həyata keçirirlər. Yeni kreativ fikirləri olan və onu layihə şəklində reallaşdırmaq istəyən hər bir gənc tələbə burada öz ideyalarını gerçəkləşdirə bilər.

Bunun üçün universitetin rəhbərliyi tərəfindən hər cür şərait yaradılıb. Artıq təqdim olunan layihələrdən bir neçəsi uğur qazanaraq universitetdə tətbiq olunur.

Tələbələrin asudə vaxtını səmərəli keçirməsi, məlumatlandırılması üçün ən uyğun ünvan isə onlayn ”Radio UNEC”dir. 24 saat tələbələrin ixtiyarında olan radionun proqramlarını formalaşdıran da elə tələbələrdir. Radioda hər iki saatdan bir təqdim olunan xəbərlər informasiya proqramında Azərbaycan və dünyanı əhatə edən iqtisadi yenilikləri, habelə universitetin qonağı olan dövlət qurumlarının rəhbərlərinin, tanınmış şəxslərin burada müsahibələrini dinləmək, tələbə və müəllimlərin iştirakı ilə maraqlı layihələrlə tanış olmaq, əyləncəli viktorinaların iştirakçısına çevrilmək və zövq oxşayan musiqiyə qulaq asmaq mümkündür.

Ali təhsil ocağı ilə tanışlıqdan sonra universitetin rektoru, professor Ədalət Muradovun qəzetin yaradıcı kollektivi ilə görüşü keçirilib. Media mənsublarını rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluğunu ifadə edən Ədalət Muradov qəzetin rəhbərliyinin yaradıcı kollektivlə birlikdə ali təhsil müəssisələrinə gedərək orada görülən işlərlə yerindəcə tanış olmaq, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı təşəbbüsünü alqışlayıb, bu layihənin əhəmiyyətini qeyd edib.

Rəhbərlik etdiyi ali məktəbdə görülən işlərdən söz açan Ədalət Muradov öncə ölkə Prezidenti cənab İlham Əliyevin onun qarşısına qoyduğu vəzifəni bir daha xatırladıb. Rektor “Azərbaycan Dövlət İqtisad Universitetinin dünya səviyyəli universitetə çevrilməsini icra etmək üçün bütün gücümüzü səfərbər etməliyik” - deyib.

Bu vəzifənin məsuliyyətini yaxşı anladığını və son iki ildə görülən işlərlə, əldə olunan nailiyyətlərlə kifayətlənilmədiyini söyləyən rektor, innovativ təhsil sistemi yaratmaq əzmində olduqlarını deyib.

Bunun üçün isə, ilk növbədə, tədrisin keyfiyyətinin, tələbələrin yüksək bilik almaları üçün hərtərəfli şəraitin yaradılmasının zəruriliyi qeyd olunub. Bidirilib ki, ötən il 85 illik yubileyi keçirilən Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycanın təhsil tarixində özünəməxsus yeri və rolu olan təhsil müəssisələrindən biridir. Universitet bu gün Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsidir. Ən müasir maddi-texniki bazaya malik, təlim-metodik vəsaitlərinin zənginliyi ilə seçilən, bir sıra digər istiqamətlər üzrə əksər regional universitetlərə örnək ola biləcək ali təhsil mərkəzidir. Tədrisin keyfiyyətinin müəllimin keyfiyyətinə bağlı olduğunu, ona görə də UNEC-də müəllim potensialının artırılmasının universitetin strateji hədəfi kimi qarşıya qoyulduğunu söyləyən rektor bununla bağlı həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib. Bildirilib ki, son iki ildə xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almış, müvəffəqiyyət göstəriciləri yüksək olan gənclərdən 160-a yaxını universitetdə pedaqoji fəaliyyətə cəlb edilib. Daha sonra “Gənc müəllimlər” layihəsinə start verilib və layihəyə müraciət edən 411 nəfər gəncdən 100-dən çoxu universitetə işə cəlb olunub. Reallaşdırılan digər bir layihə “Gənc professorlar”adlanır ki, bu da yaşı 40-a qədər olan iqtisadiyyat üzrə fəlsəfə doktorlarının elmlər doktoru üzrə doktoranturaya qəbul edilməsini nəzərdə tutur.Onların sayı 9 nəfərdir. Əldə olunmuş razılığa əsasən onların hər biri Türkiyənin müxtəlif ali məktəblərinə göndərilib və orada 1 ay ərzində elmi-tədqiqatlar aparıblar. Rektor müəllimlərin elmi potensialının gücləndirilməsi ilə bağlı digər tədbirlərdən, beynəlxalq təcrübənin öyrənilməsindən, xarici ölkələrin nüfuzlu ali məktəblərinin professorlarının burada müəllimlər üçün təlimlər təşkil etməsindən, professor-müəllim mübadiləsindən danışıb.Təhsilin keyfiyyətinin artırılması yollarından birinin də dünyada ən müasir təhsilin universitetə gətirilməsi olduğunu bildirən rektor tətbiq edilən daha bir yeniliyin ötən ilin sentyabr ayından UNEC-də London Universiteti/London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr proqramının universitetdə dərslərinin başlanması və artıq burada 6 tələbənin adı çəkilən məktəbin proqramı əsasında təhsil alması olduğunu deyib. Həmin tələbələr təhsilini bitirdikdən sonra London Universiteti/ London İqtisadiyyat Məktbinin diplomunu əldə edəcəklər və bu diplomlar Londonda keçirilən məzun günündə gənclərimizə təqdim olunacaq.Universitetin reallaşdırdığı digər layihələrdən biri ali təhsil ocağında Beynəlxalq İqtisadiyyat Məktəbinin fəaliyyət göstərməsidir ki, rektor Ədalət Muradov bu təhsil müəssisəsinin yaradılmasını UNEC-in intensiv beynəlmiləlləşmə və eyni zamanda tədrisin keyfiyyətinin artırılması strategiyasının bir hissəsi olduğunu söyləyib. Bu məktəbdə müəyyən fənlər istisna olmaqla tədris ingilis dilində aparılır.

Məktəbdə ingilis dili tədrisinin unikal metodikası yaradılıb.

Yüksək səviyyədə həyata keçirilən proqramlardan biri də MBA proqramıdır.

2014-cü ildən universitetdə yaradılmış MBA (biznesin idarəedilməsi) Departamentinin fəaliyyət göstərildiyi qeyd olunub. Bildirilib ki, universitetdə MBA proqramı üçün hazırlanan yeni tədris proqramları dünyanın ən nüfuzli 5 universiteti tərəfindən yüksək qiymətləndirilib.Verilən məlumatdan aydın olub ki, UNEC Fransanın ən nüfuzlu universiteti olan Monpelye Universiteti ilə ikili diploma dair razılıq əldə edib. Rusiya Federasiyasının “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti, eləcə də digər xarici ölkələrin nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq yüksək səviyyədə aparılır.

Rektor daha sonra UNEC-də tətbiqinə başlanılan vahid elektron idarəetmə platforması olan “Elektron universitet” modeli, onun əsas xüsusiyyətləri barədə məlumat verib.

Qeyd edilib ki, bu sistem vasitəsilə bütün tədris prosesinin elektronlaşdırılması mümkün olacaq.

Layihənin əsas üstünlüyü həm də ondan ibarətdir ki, tələbələr müəllimlərin tədris materiallarına çıxış əldə edə biləcəklər.

Azərbaycan Dövlət İqtisad Universitetində ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclərin təhsil aldığını vurğulayan Ə.Muradov onlar üçün bir sıra stimullaşdırıcı tədbirlərin həyata keçirildiyini deyib. O, UNEC-in intellektual məhsulu olan diferensial əməkhaqqı sisteminin tətbiqinə də başlanıldığını söyləyib. Əməkhaqlarına diferensial əlavələrin edilməsində əsas məqsədin müəllim-professor heyətinin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitinin gücləndirilməsi olduğunu qeyd edib.

Rektor ali təhsil ocağında tələbələrlə aparılan işlərə də toxunaraq burada təhsil alan tələbələrin vəzifələrini icra edə biləcək səviyyədə hazırlanması üçün onlara sərbəstlik verilməsinin tərəfdarı olduğunu deyib, müəllim-tələbə münasibətlərindən danışıb. Hər həftənin 2-ci günü universitetin şəhərin müxtəlif yerlərində yerləşən 4 korpusunda hər dəfə birində olmaqla müəllim və tələbələrlə görüşlər keçirdiyini, hər ayın ilk şənbə günü isə “Açıq qapı” elan olunduğunu və istənilən şəxsə onun qəbuluna gəlmək üçün imkan yaradıldığını, həmçinin operativliyi təmin etmək və onunla ünsiyyətdə olmaq istəyən tələbə və müəllimlərə Facebook-dakı şəxsi səhifəsində sərbəst şəkildə fikirlərini deməsi və yaxud da hər hansı bir məsələnin həlli ilə bağlı ona müraciət etməsi üçün də imkan yaratdığını deyib.

Çıxışının sonunda rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin qarşıya qoyduğu əsas hədəflərə də toxunaraq ali təhsil müəssisələri arasında ilk dəfə olaraq İqtisad Universitetində brendləşmiş “UNEC” əmtəə nişanının yaradıldığını bildirib. Qeyd edib ki, beynəlxalq təhsil aləmində “UNEC” olaraq bir brend kimi tanınacaqlarına ümidvardırlar. Dünyanın 25 mindən artıq ali təhsil müəssisəsini əhatə edən, ölkəmizin 41 ali təhsil müəssisəsinin də daxil edildiyi “Webometrics” reytinqinin son nəticələrinə əsasən Azərbaycan Dövlət İqtisad Universiteti ilk dəfə olaraq dünyanın top-5000 universiteti siyahısında yer alıb və Azərbaycan universitetləri arasında birinci yerə layiq görülüb. Ədalət Muradov yaxın gələcəkdə “QS” reytinqində top-1000 universitet sırasında yer tutacaqlarına əminliyini ifadə edib.Görüşdə “Azərbaycan müəllimi”qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Bayram Hüseynzadə çıxış edərək onların bu təşəbbüsünü qəbul etdiklərinə, belə səmimi qarşılandıqlarına görə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradova təşəkkürünü bildirib. Ali təhsil müəssisəsində həyata keçirilən islahatları yüksək dəyərləndirən baş redaktor görülən işlərin təhsil ictimaiyyəti tərəfindən maraqla, həmçinin böyük rəğbətlə qarşılandığını, bu gün ali təhsil ocağı ilə daha yaxından, əyani şəkildə tanışlığın onun özündə, eləcə də rəhbərlik etdiyi kollektivdə xoş təəssürat yaratdığını deyib. Çox qısa bir vaxtda universitetdə belə əsaslı dəyişikliklərin, reallaşdırılan respublika, eləcə də beynəlxalq əhəmiyyətli layihələrin, əldə edilən uğurların son nəticədə Azərbaycan təhsilinin, elminin inkişafına xidmət etdiyini bildirib.

Respublikamızda həyata keçirilən təhsil islahatlarına, Təhsil Nazirliyi tərəfindən təhsilin inkişafi ilə bağlı görülən tədbirlərə, tətbiq edilən yeniliklərə də toxunan baş redaktor əldə olunan müsbət nəticələrlə bağlı fikirlərini bölüşüb. Dünyanın bir sıra ölkələrinə səfərləri zamanı ali məktəblərlə də tanış olduğunu söyləyən Bayram Hüseynzadə hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin istər elmi-potensialının, maddi-texniki bazasının, istərsə də professor-müəllim heyətinin, eləcə də tələbələrinin bilik səviyyəsinin onlardan heç də geri qalmadığını qeyd edib. UNEC-in hər zaman mətbuata açıq olduğunu deyən baş redaktor “Azərbaycan müəllimi” qəzetində də bu ali təhsil ocağında baş verən yeniliklər, reallaşdırılan layihələr barədə kifayət qədər yazıların dərc olunduğunu vurğulayıb.

Görüşdə daha sonra universitetlə redaksiya arasında əməkdaşlığın gələcək perspektivlərinə də toxunulub.Sonda xatirə şəkli çəkdirilib.

 

Samirə KƏRİMOVA,

“Azərbaycan müəllimi” qəzeti

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR