A

www.xalqqazeti.com

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) kadr potensialının gücləndirilməsi, müasir tələblərə cavab verən yeni təhsil standartları ilə tədrisin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən layihələr ali təhsil ocağının innovativ universitetə çevrilməsini reallaşdırır.

UNEC-də həyata keçirilən kompleks fəaliyyətin prioritet istiqamətlərindən biri dünyanın aparıcı universitetlərinin təcrübəsinin öyrənilməsi və tətbiqidir. Bu baxımdan, UNEC-in 15 professorundan ibarət nümayəndə heyəti Türkiyənin nüfuzlu universitetlərinə ezam olunub.

Səfər barədə məlumat verən UNEC-in türk dünyası işlətmə fakültəsinin dekanı Fərrux Tuzçuoğlu Türkiyənin İstanbul, Sakarya və Uludağ universitetlərində keçirilən görüşlərin, təcrübə mübadiləsinin hər iki ölkənin ali təhsil müəssisələri üçün faydalı olacağını bildirib. Bizim onlardan, onların isə UNEC-dən yararlana biləcəyi yeniliklər var. Qarşılıqlı əməkdaşlıq imkanlarını daha da genişləndirmək və davam etdirmək niyyətindəyik. Görüşlərimiz bundan sonra da davam edəcək. Belə ki, bundan sonra mütəmadi olaraq türkiyəli professorlarla video konfranslar təşkil olunacaq. Eləcə də UNEC alimlərinin elmi məqalələrinin həmin universitetlərin elmi jurnallarında, türkiyəli alimlərin əsərlərinin isə UNEC-in elmi nəşrlərində dərc etdirilməsi, sonda bu əsərlərin əsasında türk dünyası alimlərinin elmi araşdırmalarından ibarət kitabın nəşr olunması da nəzərdə tutulub.

UNEC professoru, Türkiyəyə ezam olunan nümayəndə heyətinin rəhbəri Zahid Məmmədov isə beynəlxalq ali təhsil təcrübəsinin öyrənilməsinin müasir tələblərə cavab verən tədrisin təşkilində vacib element olduğunu bildirdi. Türkiyə universitetlərinin ali təhsil sistemi ilə yaxından tanış olan professor onların tədris planları, ixtisaslaşma təcrübəsi, tələbənin dərsə davamiyyəti, istehsalat təcrübəsinin təşkili barədə danışaraq bildirdi ki, bu gün universitetlərdə aktuallığını itirən ixtisaslar və dərsliklər mövcuddur. Ali məktəblərdə kadr hazırlığı dünya əmək bazarının tələblərinə cavab verməlidir. Bu istiqamətdə UNEC-də uğurlu addımlar atılır, uyğun kafedra və fakültələr birləşdirilir. Müasir tələblərə cavab verən ixtisasların açılması, fənlərin tədris olunması üçün tədbirlər həyata keçirlir.Səfər zamanı Sakarya Universitetinin İKT sistemi ilə də tanış olduq. Müzakirələrdə onlar UNEC-in rəsmi saytındakı xəbərlərin tez-tez yenilənməsini müsbət qiymətləndirdilər. Bundan başqa, UNEC-in elektron universitet modeli ilə differensial əmək haqqı sistemi türkiyəli həmkarlamızın böyük marağına səbəb oldu. Sistemin iş prinsipi ilə daha yaxından tanış olmaq üçün UNEC-ə gələcəklərini söylədilər. Müəssisənin iqtisadiyyatı kafedrasının müdiri Əli Hacıyev isə Sakarya Universitetində keçirdikləri görüşdə gələcəkdə UNEC-də hazırlanan ixtisaslarda yer alması nəzərdə tutulan sənaye mühəndisliyi ixtisası üçün mühüm əhəmiyyəti olan mühəndislik fakültəsinin fəaliyyətini araşdırdığını bildirdi. Fakültə rəhbərliyi ilə fikir mübadiləsi apararaq bu qərara gəldik ki, UNEC-in iqtisadiyyat və sənaye fakültəsi ilə Sakarya Universitetinin sənaye mühəndisliyi fakültəsinin əlaqələrinin müntəzəm olaraq davam etdirək.

UNEC-də uğurla həyata keçirilən layihələrdən biri də qış məktəbi oldu. Universitetin Quba tədris, idman və istirahət kompleksində təşkil olunan məktəbin açılışına Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez da qatıldı. UNEC-lə tanışlığından məmnun qaldığını bildirən səfir, dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Paris Sorbon Universitetinin təcrübəsindən yararlanmağın müsbət tərəflərindən danışıb.

Qış məktəbinin təlimləri müəllimlərin müasir tədris bacarıqlarını inkişaf etdirmək, dərslərə hazırlıq metodikası, interaktiv tədrisin təşkili, tədrisdə İKT-dən istifadə imkanları barədə olub. Təlimləri Paris Sorbon Universiteti - Abu Dabi professoru Florent Pratlong keçib. “Universitet Sistemində İnteraktiv Təhsil” mövzusunda təlimlərdə UNEC-in 100 müəllimi iştirak edib. Təlimlərdə iştirakçıların innovativ tədris texnologiyaları barədə bilikləri təkmilləşdirilib. Onlara müəllim-tələbə arasında kommunikasiyanın qurulması, faydalı fikir mübadiləsinin aparılması, tədris zamanı tələbələrin qrup oyunları, simulyasiya taktikaları, problem əsaslı təlim texnikaları mexanizmləri aşılanıb. Təlimdə iştirak edən marketinq kafedrasının müəllimi Ramil Cabbarov təcrübə mübadiləsinin kifayət qədər faydalı olduğunu bildirib. O, müəllim mərkəzli tədrisdən tələbə mərkəzli sistemə keçidin UNEC-dəki mühiti ən qısa zamanda əhəmiyyətli dərəcədə təkmilləşdirəcəyini qeyd edib. Tədrisin keyfiyyətinin inkişafı üçün belə təlimlərin davamlı olmasının vacibliyini vurğulayıb.

Qış məktəbi çərçivəsində UNEC-in Quba tədris, idman və istirahət kompleksində “Gənc müəllimlər üçün tədris metodikası” adlı təlim də təşkil edilib. Türkiyənin Uludağ Universitetinin təcrübəli professorlarından olan Ercan Dülgeroğlunun təlimlərində UNEC-in 30 müəllimi iştirak edib. Təlimin məqsədi müəllimlərin peşə bacarıqlarını inkişaf etdirmək və onların akademik həyata inteqrasiyasını sürətləndirmək olub. Müəllimlər dünya təcrübəsində peşəkar universitet müəllimi kimi yetişmənin təməl şərtləri və xüsusiyyətləri, mühazirə və məşğələ dərslərinə hazırlıq prosesinin metodikası, dərsləri effektiv təşkiletmənin əsas şərtləri və metodikası, iqtisadi tədris xüsusiyyətləri, müəllimlərin özəl sektorla əməkdaşlıq mexanizmləri kimi bacarıqlarını təkmilləşdiriblər.

Universitetdə, həmçinin nümunəvi dərslər də təşkil edilib. UNEC-in qocaman professor və təcrübəli pedaqoqları tədris, təlim texnologiyaları sahəsində öz biliklərini gənc nəsillə bölüşüblər. Bu dərslərin təşkili müasir dövrdə ən geniş tətbiq olunan metodlardan biri kimi, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edib. Bir ay ərzində UNEC-in professor və kafedra müdirlərinin tədris etdiyi dərslərdə doktorant, dissertant və gənc müəllimlər innovativ təlim texnologiyalarının tətbiqi ilə yanaşı, nəzəri bilik və praktiki bacarıqlara da yiyələniblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay