A

lent.az

Təhsil Nazirliyinin “Elmdən Təhsilə” çərçivəsində həyata keçirilən “Novruz mühazirələri” artıq başa çatıb. Mühazirələrdə tanınmış elm adamları, təhsil ekspertləri populyar elmi mövzular üzrə çıxışlar ediblər. Ölkənin müxtəlif elm və təhsil müəssisələrində aparılan mühazirələr müasir elmi tendensiyaları və nailiyyətləri daha anlaşıqlı formada geniş auditoriyaya çatdırmaq məqsədi daşıyıb.“Novruz mühazirələri”nin iştirakçıları olan alimlərin, tanınmış ictimai şəxslərin bu görüşlərlə bağlı  təəssüratlarını təqdim edirik.

Urxan ƏləkbərovAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru

Dünyanın bir çox ölkələrində belə mühazirələr təşkil edilir. Hesab edirəm ki, Təhsil Nazirliyinin bu layihəsi çox uğurlu oldu. Belə mühazirələr gənclərin elmə marağının və intellektual səviyyələrinin artırılmasına, onların hərtərəfli dünyagörüşünün formalaşdırılmasına xidmət edir. Mən hamını təbrik etmək istəyirəm – bu, təkcə bayram təbriki yox, eyni zamanda  tədbir münasibəti ilədir. Bu, hər bir imkandan istifadə etmək,  bilik artırmaq, yeni informasiya almaq baxımından vacib bir tədbirdir. Mənim üçün bu mühazirədə çıxış etmək çox məsuliyyətli oldu. Ona görə ki, auditoriya da fərqli idi. Çalışdım ki, onlara ən son məlumatları çatdırım.

Ədalət MuradovUNEC-in rektoru

Bu təşəbbüsü irəli sürdüyünə görə Təhsil Nazirliyinə öz təşəkkürümü bildirirəm. Əldə etdiyimiz  ən vacib nəticə odur ki, belə mühazirələri universitetdə biz özümüz də keçirməliyik. Hesab edirəm ki, hər fakültə və kafedra öz istiqamətinə uyğun mühazirələr təşkil etsə, daha faydalı olardı.Mənim üçün yenidən auditoriya qarşısına çıxmaq xoş oldu. Rektor olandan sonra belə auditoriya qarşısında birinci dəfədir ki, çıxış edirdim. Auditoriya üçün darıxmışdım. Mən bütün pedaqoji fəaliyyətim dövründə auditoriyaya girərkən həmişə həyəcan keçirmişəm. Etiraf edim ki, öz mühazirədəm də belə oldu.Ümid edirəm ki, mühazirədə deyilən hər bir fikirdən iştirakçılar yaradıcı şəkildə faydalanacaqlar.

Mustafa BabanlıAzərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında gənclərin elmə marağının artırılması əsas məqsəd kimi qarşıya qoyulur. Təhsil Nazirliyinin “Elmdən təhsilə” təşəbbüsünə uyğun olaraq keçirilən “Novruz mühazirələri” elm adamlarının yenilikləri paylaşması, gənclərin yeni biliklərə yiyələnməsi üçün əlverişli imkan yaratdı. Bu layihə həm də gənclərin tədqiqatçılıq bacarıqlarının, elmi potensialının inkişaf etdirilməsinə mühüm töhfə oldu.

Asif Cahangirovtəhsil eksperti

Mənim üçün bu mühazirələr ictimaiyyətin məlumatlandırılması, müasir təhsildəki yanaşmaların cəmiyyətə çatdırılması baxımından çox gözəl bir başlanğıcdır. Arzu edərdim ki,  bu təşəbbüs ənənə  halını alsın. Bu, həm də simvolik xarakter daşıyırdı. Yəni ki, təzə ilin, ab–havanın gəlməsi ilə ötən ilə müəyyən dərəcədə bir qiymət verib, yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsidir. Əksər dinlədiyim mühazirələr öz aktuallığı ilə diqqəti cəlb edirdi. Burada müasir yanaşmalara dair fikir mübadiləsi aparıldı. Mən öz mühazirəmi, çıxışımı da o formada qurmuşdum.Ümid edirəm ki, gələn ildə də “Novruz mühazirələri”ndə görüşəcəyik.

Şahlar Əsgərovtəhsil eksperti

"Novruz mühazirələri" yaxşı bir işin, ənənənin başlanğıcıdır. Təhsil nazirinin "Elmdən Təhsilə" ideyasının həyatda praktiki tətbiqi idi. Rezonans yaratmasa da, əks-səda yarada bildi. Oxunan mühazirələr çox maraqlı idi. Mühazirələrin hamısında iştirak etdim. İtirdiyim vaxtın müqabilində çox qiymətli, dəyərli elmi nəticələrlə tanış oldum və bu səbəbdən də məmnun qaldım. Bu işdə əziyyəti olanların hamısına təşəkkür edirəm. İnanıram ki, gələn il bu mühazirələr daha səviyyəli və auditoriyası daha geniş olacaqdır.

Elbrus ƏrudQafqazinfo.az portalının baş direktoru

Açığı, bu mövzuda hər dəfə saytda yazılar yerləşdiriləndə təəssüflənirdim ki, biz də universitetdə təhsil alarkən bu cur mühazirələr təşkil olunaydı. Yeni bir formatda olduğu üçün daha da maraqlıydı. Mövzular hər dəfə vacib və rəngarəng idi. Mühazirələrin təkcə universitetlərdə deyil, məktəblərdə də keçirilməsi təqdirəlayiq idi. Belə mühazirələrin davamlı olmasını arzulayırıq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay