A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə-rektoru yeni layihəyə start verib. “Gəz, Gör, Tanı, Paylaş” layihəsi çərçivəsində UNEC tələbələri universitetdə təhsil alan əcnəbi vətəndaşlarla Azərbaycanın tarixi yerlərini və mədəniyyət abidələrini ziyarət edəcək, teatr və kinoya gedəcək, idman yarışlarını izləyəcəklər.

Tələbələrin ilk səfəri Milli Azərbaycan Tarixi muzeyinə olub. Tələbə-rektor Şahin Həsənov muzeyin yerləşdiyi binanın tarixi barədə məlumat verib: Saray məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynal Abdin Tağıyevin və ailəsinin yaşayış evi olub. O vaxtlar Bakının baş memarı olan İosif Vikentyeviç Qoslavskinin layihəsi əsasında inşa edilən Tağıyev sarayı 1895-1901-ci illərdə inşa olunub və şəhərin ən gözəl binalarından biri olub. 1914-cü ildən Tağıyevin başçılıq etdiyi Bakı Tacir bankı da sarayda yerləşib. 1920-ci ilin aprelində Azərbaycanda hakimiyyəti ələ keçirən bolşeviklər Tağıyev sarayını müsadirə edib. 2000-ci ildə Tağıyev mülkü bütövlükdə Azərbaycan Tarixi Muzeyinin ixtiyarına verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Azərbaycan Tarixi Muzeyinin nəzdində H.Z.A.Tağıyevin xatirə muzeyi də yaradılıb.

Tələbələrə bildirilib ki, Qafqaz regionunda ən böyük muzeylərdən biri olan Milli Azərbaycan Tarixi muzeyinin kolleksiyalarında və fondlarında 2500-dən artıq eksponat toplanıb. Onlara Azərbaycanın tarixi, dahi şəxsiyyətləri, qədimi abidələri barədə məlumat verilib. Eyni zamanda ermənilərin Azərbaycan ərazisində törətdikləri vəhşilikləri əks etdirən foto və sənədlər nümayiş etdirilib.

Muzeyin ekspozisiyası ilə tanış olan əcnəbi tələbələr Azərbaycan tarixi ilə bağlı ətraflı məlumat aldıqlarını, eksponatları maraqla izlədiklərini bildiriblər. Onlar muzey barədə təəssüratlarını bildirərkən, “Bu gün Azərbaycanın nə qədər qədim tarixə malik olduğunun şahidi olduq”, deyərək, ekskursiyaların davamlı olmasını arzu etdiklərini qeyd ediblər.

“Gəz, Gör, Tanı, Paylaş” layihəsi çərçivəsində Azərbaycanın bölgələrinə ekskursiyalar da nəzərdə tutulub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR