A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH qruplarına “İqtisadi hüquq” dərsi Dövlət Gömrük Komitəsi Akademiyasında (DGKA) keçirilib. İqtisadiyyat ixtisası üzrə təhsil alan III kurs tələbələrinə “Gömrük hüququ” mövzusunda mühazirəni UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev  ilə uzun illər gömrük orqanlarında xidmət edən DGKA-nın müəllimi Fuad Məmmədov keçib.

Səfər zamanı DGKA-nın müəllim və ixtisaslı mütəxəssisləri tələbələri akademiyanın fəaliyyəti və tədrisin təşkili ilə tanış edib. Onlara ən son texniki təminatlı auditoriyalarda Azərabycan Respublikası Gömrük Komitəsinin fəaliyyəti və ölkədə gömrük işinin təşkili barədə ətraflı məlumat verilib. SABAH tələbələri həmçinin Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin inzibati binasında fəaliyyət göstərən Gömrük Tarixi Muzeyində gömrük xidmətinin tarixindən bəhs edən sənədlər, maraq doğuran ekspozisiyalar, eksponatlar, Azərbaycan tarixinin qədimliyini təsdiq edən müsadirə olunan xalça nümunələri, müxtəlif qızıl və gümüş sikkələr, xalq tətbiqi sənətinin dəyərli antik nümunələri ilə də tanış olublar.

Daha sonra tələbələr Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində olublar. Tələbələri maraqlandıran suallar cavablandırıldıqdan sonra mərkəzin xidməti axtarış itləri nümayiş etdirilib, onların narkotik vasitələrin, partlayıcı maddələrin, odlu silahların və döyüş sursatının axtarışı, bütün növ obyektlərin mühafizəsi, iz üzrə axtarış istiqamətində hazırlandığı tələbələrə bildirilib. Bu itlərin sınaq-təcrübə poliqonu tələbələrə nümayiş etdirilib.

Sonda UNEC tələbələri DGKM tələbələri ilə görüşərək, fikir mübadiləsi aparıblar.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR