A

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinə səfər edilib. Səfərdə təhsil nazirinin müavini Firudin Qurbanov, ölkəmizin ali məktəblərində təhsil alan bir qrup əcnəbi tələbə və media nümayəndələri iştirak edib. Səfərdə iştirak edən UNEC-in əcnəbi tələbələrinin təəssüratlarını təqdim edirik:UNEC-də II kursda təhsil alan magistr Qambiya vətəndaşı Gomez Ebrima:- Səfərdə bizə Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görülən işlər barədə ətraflı məlumat verildi. Öyrəndik ki, ərazi minadan təmizlənib və tikinti işləri aparılıb. Ermənistan silahlı qüvvələrinin kəndi 1993-cü ildə işğal etdiyini, Azərbaycan ordusunun isə 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kəndi erməni işğalından azad etdiyini bildik.

UNEC-in alman tələbəsi Bolay Jens Stefen:- Məlumatlar arasında xüsusi diqqətimi çəkən o oldu ki, bir il əvvələ qədər, yəni aprel hadisələrinə qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan, Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün olub. Lakin Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb. Bu, o demək idi ki, Azərbaycanın çox güclü ordusu var!

UNEC-in qırğız tələbəsi Janna Şmidt:- Səfər zamanı Cocuq Mərcanlı kəndində yeni bünövrəsi qoyulan məktəbin tikinti işləri ilə tanış olduq. Bu, çox maraqlı idi. Artıq iki aydır ki, kənddə 150 şagirdin təhsil ala biləcəyi məktəbin tikintisinə başlanılıb. Biz bu yeni tikiliyə təkcə məktəb binası kimi yox, yeni həyatın başlanğıcı kimi baxırıq.

UNEC-in alman tələbəsi Tim Dettmann:- Orada bir ailə ilə tanış olduq. Söhbət əsnasında məlum oldu ki, onlar 20 ildən artıqdır ki, Cocuq Mərcanlı kəndində yaşayırlar. Kənd işğal olunarkən doğma yurdlarını tərk etməyə məcbur olan ailə, yurdları azad edilən kimi geri qayıdıblar. Ailənin başçısı dedi ki, o vaxtdan ordumuza güvənərək burada yaşayırıq. Çətinliklərimiz olsa da, heç vaxt kənddən çıxmaq barədə düşünməmişik. Çünki bura bizim doğma torpağımızdır. Onun bu sözləri bizi riqqətə gətirdi.

UNEC-in banqladeşli tələbəsi S.M.Cahanger:- Təhsil aldığım dönəmdə azərbaycanlıları tanıyıb sevmişdim. Amma bu səfərdə mən onların qələbə əzmini gördüm. Öz torpağını düşmən tapdağından azad edən Azərbaycan əsgərləri ilə tanış oldum. Cocuq Mərcanlı kəndinə səfəri özüm üçün qəhrəmanlarla görüş günü hesab edirəm. Səfərdən çox böyük təəssüratla qayıtmışam. Bu fikirlərimi, orada gördüklərimi sosial şəbəkədə paylaşaraq, duyğularımı öz ölkəmdən olan dostlarıma da çatdırıram.

UNEC-in moldovalı tələbəsi Elena Coniuhov:- Biz Cocuq Mərcanlı kəndində ermənilərin törətdikləri vəhşilikləri gördük. Eyni zamanda, bu yerlərin valehedici təbiəti ilə tanış olduq. Həm də azərbaycanlıların torpaqlarını işğaldan azad etmək əzmini müşahidə etdik. Burada olmaqdan, bu tarixi anları sizinlə birlikdə yaşamaqdan çox məmnunuq!

UNEC-in rumın tələbəsi Raul Putilean:- Biz, əcnəbi tələbələr Cocuq Mərcanlı kəndində ağac əkdik. Bu, çox qürurverici və simvolik idi. Biz dünyanın heç bir yerində müharibə olmasını istəmirik. Azərbaycanın da sülh tərəfdarı olduğunu bilirik. Elə buna görə də burada rahat təhsil ala bilirik. Ümid edirəm ki, gələcəkdə Azərbaycanın işğal altında olan torpaqları da azad ediləcək və biz, dost, qardaş xalq olaraq bu qələbəni də sizinlə birlikdə yaşayacağıq.Təhsil TV səfərdən geniş reportaj hazırlayıb. Reportajı təqdim edirik:

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay