UNEC-in rektoru, professor Ədalət Muradov birinci kurs tələbələrilə görüşüb.
Texnologiya və dizayn, Əmtəəşünaslıq, Biznes və menecment, Türk Dünyası İşlətmə fakültələrinin tələbələri ilə keçirilən görüşlərdə rektor tələbə adını qazanmaları münasibəti ilə I kursları təbrik edərək, UNEC-i seçdikləri üçün onlara təşəkkürünü bildirib, təhsillərində uğurlar arzulayıb. Onları təhsil aldıqları ixtisasın bütün sirlərinə yiyələnməklə yanaşı, millətin, dövlətin və vətənin təəssübünü çəkən vətəndaş olmağa çağırıb.
Rektor tələbələrə UNEC-də həyata keçirilən yeniliklər barədə məlumat verib, universitetin beynəlxalq əlaqələrindən, ikili diplom proqramlarından danışıb. Tələbələr həm də Fransanın ən qədim ali təhsil ocaqlarından olan Montpellier Universiteti ilə həyata keçirilən ikili diplom proqramından da faydalana bilərlər.
Tələbələrə tədris müddətində bacarıqlarını inkişaf etdirmək üçün maksimum çalışmağı tövsiyə edən rektor onlara UNEC-in xüsusi təqaüd proqramlarından danışıb. Qeyd edib ki, imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə ikinci əlaçı təqaüdü verilir. Həmçinin, 600-dən yuxarı bal toplayaraq UNEC-ə qəbul olunan hər bir tələbə bir semestr boyunca universitet hesabına əlavə təqaüd alır.
Azərbaycanda ilk dəfə UNEC-də dünyaca məşhur “Science Slam” elm müsabiqəsinin keçirildiyini diqqətə çatdıran rektor tələbələri öz tədqiqatları ilə müsabiqəyə qatılmağa dəvət edib. Bu müsabiqəni elmin populyarlaşması üçün unikal bir format adlandıran rektor tələbələrin intellektual potensialın möhkəmlənməsində də önəmli rol oynadığını qeyd edib. “UNEC Science Slam” müsabiqəsi tələbələrimizin dünya elminə çevik inteqrasiyanı təmin edəcək.
Tələbə cəmiyyətinin öz-özünü idarə edə bilən cəmiyyət olmasına diqqət çəkən rektor, UNEC-də həyata keçiriləcək “Tələbə senatı” və “Tələbə auditi” layihələrindən də söz açıb. O, ölkədə tələbə rektorun fəaliyyət göstərdiyi yeganə ali təhsil ocağının UNEC olduğunu bildirərək, tələbə rektor Cabbar Hüseynlini I kurslara təqdim edib.
Keyfiyyətli təhsilin təməlində zəngin kitabxananın dayandığını bildirən Ə.Muradov 2017-ci ilin sonuna qədər UNEC-də 7 gün 24 saat fəaliyyət göstərəcək müasir standartlara cavab verən kitabxananın tələbələrin istifadəsinə veriləcəyini bildirilib. Tələbələrə asudə vaxtlarını səmərəli keçirmək və xüsusi bacarığı isə seçilən gəncləri bu potensialını daha da inkişaf etdirmək məqsədi ilə UNEC-in Yaradıcılıq Mərkəzinə üzv olmaq, eləcə də Radio UNEC-də maraqlı layihələrlə çıxış etmək tövsiyə olunub.
Görüşlərdə tələbələri maraqlandıran suallar cavablandırılıb.