İlham Əliyevin prezident seçkilərində möhtəşəm qələbəsi ilə bağlı Bakıda təntənəli tədbir keçirilib.
Yeni Azərbaycan Partiyasının (YAP) prezident seçkilərinin başa çatması münasibətilə təşkil etdiyi tədbirdə partiyanın rəhbər strukturları, şəhər ictimaiyyətinin nümayəndələri və partiya fəalları ilə yanaşı, UNEC-in professor-müəllim və tələbə heyəti də iştirak edib.
Tədbirdə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov iştirakçıları prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbrik edib: “Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Bu münasibətlə hörmətli Prezidentimizi və Yeni Azərbaycan Partiyasını təbrik edirəm. Bu qələbə İlham Əliyevin möhtəşəm qələbəsidir. Bu qələbə, eyni zamanda, bütün Azərbaycan xalqının qələbəsidir”.
Ə.Əhmədov yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyevi tədbir iştirakçıları, partiyanın bütün üzvləri adından təbrik edib, ona Azərbaycanın inkişafı, xalqımızın rifahı naminə yeni-yeni uğurlar diləyib.
Tədbir tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib. Sonda möhtəşəm atəşfəşanlıq olub.