A

 

Mayın 5-də Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Təşkilatları İttifaqı və UNEC-in birgə təşkilatçılığı ilə əlilliyi olan gənclər üçün əmək yarmarkası keçirilib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkədə sosial sahənin inkişafı ilə bağlı siyasətin əsas istiqamətlərindən biri əlil gənclərin bütün sahələrdə fəaliyyətinin təmin edilməsi və onlardan bərabərhüquqlu istifadəyə imkan verən inklüziv mühitin yaradılması olduğunu bildirib. Bu sahədə konkret proqramlar icra olunur, deyən nazir müavini dövlət başçısının təsdiqlədiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” və “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə” dövlət proqramlarının sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün maneəsiz mühit yaratmağa və onların məşğulluq imkanlarının genişləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb. İ.Babayev əlilliyi olan şəxslər üçün ilk dəfə belə bir tədbirin təşkil olunduğunu bildirərək, yarmarkada 47 özəl şirkətin 160-dan artıq real vakansiya təqdim etdiyini qeyd edib. Eyni zamanda, əmək yarmarkasında gələcəkdə yaranacaq iş yerləri üçün məlumat bazası da toplandığını vurğulayıb.

UNEC-in rektoru, professor Ədalət Muradov inklüziv təhsilin Azərbaycan təhsilinin prioritet istiqamətlərindən olduğunu və fiziki məhdudiyyətli insanların daima dövlətin qayğı və diqqəti ilə əhatə edildiyini bildirib. Rektor fiziki məhdudiyyətli gənclərin ali təhsilə inteqrasiyası üçün UNEC-də inklüziv təhsil mühitinin yaradıldığına diqqət çəkərək, bu mühitin təhsilin hamı üçün əlçatan olmasını təmin etməklə yanaşı, sosial bərabərliyin qorunmasına, fiziki məhdudiyyətli gənclərin öz potensiallarını nümayiş etdirə bilməsinə və təhsil ehtiyaclarının ödənilməsinə şərait yaratdığını qeyd edib.

Vergilər Nazirliyi, Mərkəzi Bank, Dövlət İmtahan Mərkəzi, Asan Kadr, Bank of Baku, ATA Holding, Coca-Cola, Nobel Oil, Azercell, Nar Mobile, KPMG beynəlxalq şirkəti, Kapital Bank, Turan Bank, Express  Bank, YapıKredi Bank, Veysəloğlu Şirkətlər Qrupu, Gilan Holding və s. daxil olmaqla 60-a yaxın dövlət qurumu, yerli və xarici şirkətin qatıldığı əmək yarmarkasında 1800 gənc iştirak edib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR