A

Gənclər və İdman Nazirliyinin, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Respublika Gənclər Debat Forumu: Yaz 2018” layihəsinə iyunun 1-də yekun vurulub.

Azərbaycan Universitetində keçirilən Forumun Azərbaycan bölməsi üzrə finalına vəsiqə qazanan UNEC-in “Dollara manat” və Bakı Dövlət Universitetinin “Əlqərəz” debat klubları həyəcan dolu intellektual oyun nümayiş etdiriblər. Daha inamlı təsir bağışlayan “Dollara manat” komandası qalib gələrək “Bakı Gənclər Debat Forumu: Yaz 2018”in kubokunu qazanıb. UNEC-in “Последний легион” komandası isə rus bölməsi üzrə respublika ikincisi olub.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev qalib tələbələri təbrik edərək, 2018-ci ilin Azərbaycan üçün əlamətdar il olduğunu bildirib. Bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin ölkəmizin bütün bölgələrində, eləcə də xaricdə yaşayan azərbaycanlılar tərəfindən təntənə ilə qeyd olunduğunu vurğulayan İ.Babayev bu cür zəka oyunlarının gənclərin intellektual biliklərinin artırılmasındakı rolundan danışıb.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ələkbər Mustafayev debat forumunun gənclərin inkişafında önəmini vurğulayaraq, bu layihəyə qatılan gənclərin sayının ildən-ilə artdığını bildirib. İndiyədək keçirilən forumlarda ölkə üçün aktual olan mövzularda, o cümlədən iqtisadiyyat, ekologiya, multikulturalizm və digər sahələrlə bağlı müzakirələr aparılıb, gənclər öz mövqelərini əsaslandırıblar.

Tədbirdə məlumat verilib ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) Milli Debat Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hər il mütəmadi olaraq “Respublika Gənclər Debat Forumu” təşkil edir. Ölkənin 11 regionunu (Bakı, Sumqayıt, Gəncə, Şəki, İsmayıllı, Qusar, Lənkəran, Mingəçevir, Şəmkir, Ağdam və Sabirabad rayon və şəhərləri) əhatə edən forum 1000-dən çox gənci özündə birləşdirir. Hər bir regionun ali təhsil müəssisələrində təlimlərlə yanaşı, daxili və regional turnirlər keçirilir. Adları çəkilən rayon və şəhərlərdə gənc debatçılar ölkəmiz üçün prioritet olan müxtəlif aktual mövzularda problemləri araşdıraraq debatlar aparırlar. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan “Respublika Gənclər Debat Forumu: Yaz 2018” çərçivəsində Bakıda və 11 regional nümayəndəlikdə 1000 gəncin iştirakı ilə təqdimat, təlim, turnir və forumlar keçirilib.

Sonda qalib komandalar və ən yaxşı natiqlər mükafatlandırılıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR