A

UNEC-in rektoru, professor Ədalət Muradov Biznes və menecment fakültəsinin 1-ci kurs tələbələri ilə görüşüb.

Tələbə adı qazanması münasibətilə 1-ci kursları təbrik edən rektor, onlara təhsillərində uğurlar arzulayıb.

UNEC-in regionun 4 dildə  təhsil verən ən böyük iqtisadyönümlü universitet olduğunu diqqətə çatdıran Ə.Muradov, burada tələbələrin müasir əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı iqtisadçı mütəxəssis kimi yetişməsi üçün bütün imkanların olduğunu qeyd edib. Hər bir gəncin fərd olaraq qazanacağı ən böyük sərvətin onların bilik və bacarıqları olduğunu  bildirən rektor, tələbələrə tədris müddətində bu keyfiyyətləri inkişaf etdirmək üçün maksimum çalışmağı tövsiyə edib.

Rektor tələbələrə ikili diplom proqramları barədə məlumat verərək, UNEC-in dünyanın 100-dən çox nüfuzlu universiteti ilə tələbə mübadiləsi həyata keçirdiyini qeyd edib. Ə.Muradov müasir texnologiyaların universitetdə tətbiqindən danışarkən Elektron Universitet Modelindən söz açıb, elektron universitet platformasının mahiyyətini açıqlayıb. Keyfiyyətli təhsilin təməlində zəngin kitabxananın dayandığını bildirən Ə.Muradov  UNEC-də 7 gün 24 saat fəaliyyət göstərəcək müasir standartlara cavab verən kitabxananın tələbələrin istifadəsinə veriləcəyini diqqətə çatdırıb.

Azərbaycanda ilk dəfə UNEC-də dünyaca məşhur “Science Slam” elm müsabiqəsinin keçirildiyindən bəhs edən rektor tələbələri öz tədqiqatları ilə müsabiqəyə qatılmağa dəvət edib. O, müsabiqəni elmin populyarlaşması üçün unikal bir format adlandıraraq, tələbələrin intellektual potensialın möhkəmlənməsində də önəmli rol oynadığını qeyd edib. “UNEC Science Slam” müsabiqəsinin qaliblərinin Yekun Dövlət Attestasiyasından azad olduğunu vurğulayıb.

Sonda tələbələrin ikili diplom, mübadilə, ikinci əlaçı təqaüdü proqramları ilə bağlı sualları cavanlandırılıb.

Qeyd edək ki, UNEC-in Biznes və menecment fakültəsinə 2018/2019-cu tədris ilində 457 tələbə qəbul olub. Marketinq ixtisasına tələbin yüksəldiyini nəzərə alaraq, yeni tədris ilində həmin ixtisasa qəbulda tələbə sayı 25 nəfər artırılıb. Fakültəyə 600 və daha yüksək bal toplayan tələbələrin qəbulunda da artım olub. Belə ki, 2017/2018-ci tədris ili ilə müqayisədə bu il Biznes və menecment fakültəsinə 600-dən yüksək bal toplayaraq qəbul olanların sayı 4 dəfədən çox olub. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR