A

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ) tərəfindən ali məktəb tələbələri arasında təşkil olunmuş ənənəvi «Nə? Harada? Nə zaman?» intellektual oyunu, futzal yarışı və “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edərək bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi artıq 9-cu ildir ki, ali məktəb tələbələri arasında «Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə Həmkarlar İttifaqı kuboku uğrunda turnir və futzal yarışları təşkil edir. Həmçinin 2018-ci ildə AHİK-in İcraiyyə Komitəsinin qərarı əsasında ATİAHİ Respublika Komitəsi tərəfindən respublikanın təhsil sistemində çalışan gənclər arasında “İlin peşəkar gənci” müsabiqəsi keçirilib.  S.Möhbalıyev hər üç tədbirin iştirakçılarının gənclər olduğunu vurğulayaraq deyib ki, belə tədbirləri təşkil etməkdə əsas məqsəd gənclərimizin asudə vaxtının daha səmərəli təşkili, onlarda elmə, savada marağın artırılması, sağlam həyat tərzinin təbliğ edilməsidir.

Millət vəkili qeyd edib ki, gənclərimizin sağlam, savadlı böyüməsi, onların peşəkarlıq səviyyəsinin artırılması, layiqli vətəndaş kimi yetişmələri Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycanın I Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti “Neft gəlirlərinin insan kapitalına” çevrilməsi ideyasının müəllifi olan möhtərəm Prezident İlham Əliyevin “Bugünkü gənc sabah ölkəmizi idarə edəcək” tezisinə əsaslanır.

Son illərdə gənclərlə bağlı icra olunmuş dövlət proqramları, qəbul edilmiş qərarlar, inkişaf strategiyaları bunun əyani sübutudur: “Bilirsiniz ki, hazırda gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə  Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” icra olunmaqdadır. Strategiyanın əsas hədəfi Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır”.

S.Möhbalıyev bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də Azərbaycanın gənclər siyasətinin fəal iştirakçılarındandır: “Biz də çalışırıq ki, gənclərə diqqət və qayğı göstərək, onlara dəstək olaq. Bu məqsədlə ATİAHİ Respublika Komitəsi tərəfindən hər il müxtəlif festivallar, spartakiadalar, elmi-praktik konfranslar, fənn olimpiadaları, inşa müsabiqələri, idman yarışları keçirilir, gənclərin sosial problemlərinin həlli, istedadlı gənclərin üzə çıxarılması və onların potensial imkanlarının genişləndirilməsi ilə bağlı tədbirlər təşkil olunur.

Həmkarlar İttifaqı təşkilatı tərəfindən təşkil olunan bu tədbirlərdə iştirak edən gənclərin sayının hər il əhəmiyyətli dərəcədə artması, onların bu tədbirlərə göstərdiyi maraq bizi gələcəkdə bu istiqamətdə tədbirlərin sayının artırılmasına, əhatə dairəsinin genişləndirilməsinə ruhlandırır”.

Sonra tədbirdə qaliblər mükafatlandırılıb. Onlara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

“Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibi adını qazanan UNEC tələbələrinə I yerin mükafatı təqdim edilib. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay