A

admiu.edu.az

17 may 2019-cu il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin Kitabşünaslıq və Kitabxanaçılıq-informasiya ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının müəllimi Kəmalə Məmmədovanın təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "24/7 Kitabxana"sı ilə tanış olublar.

ADMİU-nun Kulturologiya fakültəsinin dekanı Vasif Adilovun, Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının rəhbəri Məleykə Həsənovanın və UNEC-in "24/7 Kitabxana"sının müdiri Arzu Məmmədqızının təşkilatçılığı ilə baş tutan səfər ixtisas fənlərinin tələbələr tərəfindən daha yaxşı mənimsənilməsinə kömək məqsədi ilə həyata keçirilib. "24/7 Kitabxana"sının rəhbəri Arzu Məmmədqızı tələbələrə kitabxana haqqında geniş məlumat verərək bildirib ki, bu kitabxana ölkədə 24/7 rejimində fəaliyyət göstərən ilk kitabxanadır. Kitabxana müasir standartlara uyğun işıqlandırma və havalandırma sistemi, müasir proqram təminatı, yüksək sürətli fiber-optik internet xətti və kompüterlərlə təchiz edilib. Üçmərtəbəli binada yerləşən kitabxananın 1-ci mərtəbəsində elektron kitabxanadan yararlanmaq üçün müasir kompüterlərlə təchiz olunmuş bir zal, 2-ci və 3-cü mərtələbələrdə isə ixtisaslaşmış və geniş fonda malik, açıq rəf sistemi tətbiq olunmuş oxu zalları fəaliyyət göstərir. Kitabxanada dünya kitabxanalarının elektron resurslarına və bazalarına çıxış imkanı mövcuddur. Tələbələr, eyni zamanda, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının elektron bazasından da istifadə etmək hüququna sahibdir. Eyni vaxtda 100-dən çox tələbəyə xidmət göstərmək imkanına malik olan kitabxanada yüksək təhlükəsizlik sistemləri quraşdırılıb. Kitabxana istifadəçiləri üçün, həmçinin açıq havada xüsusi guşə yaradılıb. 
Kitabxana və onun həyata keçirdiyi layihələr haqqında verilən məlumatlar tələbələrin böyük marağına səbəb olub. Sonda tədris prosesində belə səfərlərin müntəzəm şəkildə təşkil olunmasının faydalarından bəhs edən Kəmalə Məmmədova gələcəkdə iki universitetin tələbələri arasında birgə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə kitabxana ilə əməkdaşlıq gələcəkdə də davam etdirələcəyini bildirib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay