A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı və tələbələr Vətən müharibəsində şəhid olan Teymur Məcidzadənin məzarını ziyarət edərək, məzarı önünə gül dəstələri düzüblər, əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra tələbələr şəhidin ailəsinə baş çəkiblər. Görüşdə Teymurun anası Yasəmən xanıma oğlu haqqında xatirələrini bölüşüb, onun qısa, lakin şərəfli həyat yolundan danışıb: “Teymur çox ailəcanlı, zarafatcıl, mehriban övlad idi, hər dəfə evə gələndə üzündən təbəssüm əskik olmazdı. Müharibədə olanda da zəng edirdi, zarafatlarından qalmırdı, əhvalı həmişə yüksək olurdu. Mənim ona göstərdiyim qayğını o, öz əsgərlərinə göstərirdi. O bizə bir ömürlük qürur qoyub getdi. Vətən torpağında əbədiyyətə qovuşdu igidim”.

Tələbələr Teymurun otağını da ziyarət ediblər. Otaqda şəhidin hərbi geyimləri, diplomları, şəkilləri, hətta cibində qalan son pulu belə sərgilənmişdi.

Görüşdə Teymurun çox sevdiyi bacısı qızı 7 yaşlı Mehrinin dayısı üçün yazdığı şeiri söyləməsi hamıya duyğulu anlar yaşadır:

“Əsgərlər qayıdırlar, yolunu gözləyirəm.

Hamı sevinir gülür, sevinmək istəyirəm.

Nənəm, anam qəmlidi, “ağlamayın”, deyirəm.

Gələcək inanıram, o, ulduzumdur, ayımdır.

Qoy tansın kainat, Teymur mənim dayımdır”.

Görüşdə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı THİK-in Fəxri Fərmanını şəhidin ailəsinə təqdim edib. Bildirib ki, Teymur Məcidzadənin əziz xatirəsi hər birimizin qəlbində əbədi olaraq yaşayacaqdır.

28 illik ömrün tarixçəsi

Teymur Məcidzadə 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1993-cü ildə Füzuli rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra Teymurun ailəsi Bakı şəhərinə köçür. T.Məcidzadə 2010-2014-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya iqtisadiyyatı fakültəsində təhsil alır və yüksək göstəricilərlə məzun olur.

Sərhəd qoşunları tərkibində əsgəri xidmətini başa vurduqdan sonra, hərbi hissədə qulluq etməyi qarşısına məqsəd qoyur. Ordu hissəsində zabit kimi xidmət edir, baş leytenant rütbəsinə qədər yüksəlir. II Qarabağ müharibəsində Teymur Məcidzadə öz doğulduğu kəndə yollanır. Teymurun Azərbaycan xəritəsini mükəmməl bilməyi, ona döyüş mövqelərini düzgün seçməyə şərait yaradırdı. Baş leytenant Teymur Məcidzadə ağıllı və düşüncəli tədbirləri, yiyələndiyi hərbi biliklərini inamla tətbiq etməsi nəticəsində taborun 104 nəfər əsgərini mühasirədən çıxararaq, tamamilə itkisiz Şuşa istiqamətində yeni döyüş mövqeyini tutmasına nail oldu.

2020-ci il 9 noyabr tarixində Vətən müharibəsinin 43-cü günündə, Şuşanın alınmasına saatlar qalmış, Xocavənd-Şuşa uğrunda gedən döyüşlərdə Teymur Məcidzadə qəhrəmancasına şəhid olur.

III Fəxri Xiyabanda dəfn olunur.

Ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”  medalları ilə təltif edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay