A

"Azərbaycan" qəzeti

Vətən müharibəsinin başladığı ilk gündən əsgərlərimizin cəbhədə qanları, canları bahasına qazandıqları uğurlar xalqımızda böyük ruh yüksəkliyi yaratdı.

Dövlət-ordu-xalq birliyi Qarabağın erməni vandalları, silahlı quldurlardan azad edilməsi üçün sanki bir yumruğa çevrildi.

Müstəqil Azərbaycanımızın vətəndaşı və əslən Laçın rayonundan olan bir gənc kimi, bütün bu hadisələr məni də ürəkdən sevindirir, cəbhəyə könüllü getməyə həvəsləndirirdi. Heç vaxt görmədiyim,  lakin həmişə həsrətində olduğum, babalarımın uyuduğu, atamın, anamın doğulub boya-başa çatdığı doğma yurdumuzu görəcəyimə görə mənim sevincimin həddi-hüdudu  yox idi. Könüllülərimizin həddən artıq ordu sıralarına çox yazılması və getməsi  təəssüf ki, mənim erkən yaşlarımdan əsgər kimi döyüşlərə qatılmağa imkan vermədi. Buna baxmayaraq, gənc liderlər qrupumuzun layihələri ilə şəhid və qazi ailələrimizi unutmadıq. Onlara maddi və mənəvi dəstək olmağı ön cəbhədə  döyüşmək qədər vacib hesab etdik.

30 il müddətində xalqımızın əzəli torpaqlarından soydaşlarımızın izlərini silməyə var gücü ilə çalışan düşmən qədim köklərə söykənən tariximizdən özlərinə saxta tarix yaratmaq istəyiblər. Amma ermənilər tarixi, dini abidələri məhv etməklə uğur qazanmadılar, əksinə, nifrət sahibi oldular.

Ermənistanın 10 noyabr 2020-ci il tarixdə imzalamağa məcbur olduğu kapitulyasiya aktı həm də bizim qədim tariximizin, milli-mənəvi dəyərlərimizin böyüklüyüdür. Ölkəmizin yerüstü milli sərvəti olan, Azərbaycan tarixinin ən əhəmiyyətli tarixi abidələri - Qarabağ xanı Pənahəli xanın əsasını qoyduğu Şuşa Qalası, Əsgəran Qalası, Cənubi Azərbaycanla Şimali Azərbaycanı birləşdirən Xudafərin körpüsü, ilk insan yaşayış məntəqələrindən olan Azıx mağarası,  Şuşadakı Yuxarı Gövhər ağa məscidi və digər tarixi abidələrimiz də düşmən əsirliyindən azad olundu.

30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxlayıb məhv etdiyi, milli-mənəvi sərvətlərimizdən olan Pənahəli xanın, İbrahimxəlil xanın, Xosrov bəy Sultanovun, Sultan bəyin, Qaçaq Nəbinin, Ağabəyim ağanın, Xurşidbanu Natəvanın, Xan Şuşinskinin və daha neçə-neçə dahilərin ruhları  Qələbəmizdən sonra rahatlıq tapdı. Çünki bu gün onların da doğulub boya-başa çatdığı əzəli yurd yerlərimiz düşmən tapdağından azaddır.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş Qarabağımızda, xüsusən də Şuşada  məğrurcasına gəzərək, “salam, Şuşa, sən azadsan, biz qayıtmışıq!” ifadələri gənclərdə vətənpərvərlik duyğularını daha da coşdurmuş, ana vətənə övladlıq borcunu artırmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin həm siyasi lider, həm də Ali Baş Komandan kimi apardığı düşünülmüş və uzaqgörən siyasəti hər zaman  mənə, eləcə də minlərlə mənim kimi gənclərə böyük qələbəni yaşayacağımıza inam verirdi.

Beləliklə, Müzəffər Ali Baş Komandanın, qüdrətli Azərbaycan Ordusunun sayəsində biz əzəli yurd yerlərimizi düşmən tapdağından azad etdik! Bununla da tarixi ədalət öz yerini tapdı.

Ona da sevinirəm ki, nəhayət, Şuşada “Xarıbülbül” beynəlxalq  festivalı da keçiriləcək! İlhamıma güvənib festivalda iştirak etmək mənim üçün şərəfdir.

Yusif CƏFƏRBƏYLİ,
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, UNEC-in İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay