A

Mühəndislik fakültəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda  şəhid olan UNEC məzunlarına həsr olunan “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib.

Tədbirdə fakültənin professor-müəllim heyəti ilə yanaşı, şəhid məzunlar Qaratel Hacımahmudova,  Nofəl Quluyev və Bəhruz Məmmədovun ailə üzvləri də iştirak ediblər.

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızı azad etməsindən danışıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş şəhidlərin qanının yerdə qalmadığını, haqq-ədalət savaşında xalqımızın zəfər çaldığını deyib.

Dekan vəzifəsini icra edən, dosent Elçin Səmədov şəhid məzunların xatirəsinin həmişə əziz tutulduğunu, onların şərəfli ömür yolunun bütün gənclər üçün örnək olduğunu bildirib. UNEC-in şəhid məzunlarının adlarının əbədiləşdirilməsi məqsədilə universitetdə tədbirlər planının təsdiqləndiyini deyib.

Birinci Qarabağ Müharibəsinin şəhidi Qaratel Hacımahmudovanın bacısı Mənşurə Hüseynova, Q.Hacımahmudova haqqında sənədli film çəkən  Kəmalə Musazadə şəhidin həyat yolu, uşaqlıq və tələbəlik dövrü barədə danışaraq, onunla bağlı xatirələrini bölüşüblər. 14 iyun 1992-ci ildə döyüşlərdə əsir düşən Qaratelin düşmən əlinə sağ keçməmək üçün özünü güllə ilə vurduğu, 26 iyun 1992-ci ildə isə cəsədinin digər döyüşçü yoldaşları ilə birlikdə geri alındığı bildirilib. Şəhidin 1994-cü ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildiyi, adının Qazax şəhər ümumi orta məktəbinə verildiyi vurğulanıb.

Vətən Müharibəsinin şəhidi Nofəl Quluyevin atası İlham Quluyev oğlunun mehribanlığı ilə hər kəs tərəfindən sevildiyini, həmyaşıdlarına dərslərində həmişə dəstək olduğunu bildirib. Xidmət etdiyi hərbi hissədə baş qumbaraatan olan Nofəlin 2016-cı ilin Aprel döyüşlərində iştirak etdiyini deyən atası, oğlunun Vətən müharibəsində də qəhrəmanlıqla döyüşdüyü bildirib. Nofəlin Füzulinin alınmasında iştirak etdiyini, Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşdə ağır yaralanaraq şəhidlik zirvəsinə ucaldığını deyib. Ölümündən sonra “Cəbrayılın azadlığı uğrunda” və “Vətən Uğrunda” medalları ilə təltif olunduğunu bildirib.

Vətən Müharibəsində şəhid olan Bəhruz Məmmədovun bibisi Rəhilə Məmmədova himayəsində olan Bəhruzun həyat yolundan və məktəb illərində əldə etdiyi uğurlardan danışıb.  Onun bir sıra mükafatlar qazandığını, bacarıqlı rəssam olduğunu və bir neçə xarici dil bildiyini deyib. Bibisi Vətənə bağlılığı ilə seçilən Bəhruzun Füzuli, Xocavənd, Hadrut və Qubadlıda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşdüyünü, Şuşa uğrunda gedən döyüşlər zamanı Daşaltı kəndində şəhid olduğunu söyləyib. Bəhruz ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti Tofiq Osmanov, baş müəllim Zənurə Əliyeva şəhid məzunlarımızın tələbələik illərindən söz açıblar, onlar haqqında xatirələrini bölüşüblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay