A

UNEC kollektivinin Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş məzunlarının ailələrini ziyarəti davam edir.

Budəfəki ziyarətdə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Musayev Gəray, fakültə əməkdaşları, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı və tələbələr şəhid məzun Süleyman Qarayevin ailəsi ilə görüşüblər.

Fakültə dekanı, dos. Gəray Musayev şəhidin valideynlərinə Süleyman  kimi qəhrəman oğul böyütdüyü üçün təşəkkürünü bildirərək, belə igid oğulların ruhu qarşısında baş əydiyini deyib. Şəhidlərlə yanaşı, onların ailələrinin də UNEC kollektivi üçün əziz və dəyərli olduqlarını bildirib. G.Musayev 44 günlük müharibədə Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun apardığı haqq-ədalət savaşından, işğal altında olan torpaqlarımızın əzəli və əbədi sahiblərinə qovuşduğundan danışıb. Azad edilən hər qarış torpağımızın Azərbaycan əsgərinin qanı, canı ilə yazılmış qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıb. UNEC-də şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə oxuduqları auditoriyalar onların adlarının veriləcəyini, abidə kompleksinin ucaldılacağını və digər tədbirlərin həyata keçiriləcəyini deyib.

Fakültənin dekan müavini və Süleyman Qarayevin müəllimi olmuş Abdulkərim Sadıqov tələbəsi haqqında xatirələrini bölüşüb. Onun nümunəvi və məsuliyyətli tələbə olduğunu, müəllimləri və tələbə yoldaşları tərəfindən sevildiyini dedi.

Süleymanın valideynləri, anası Təranə xanım və atası Əlibaxış Əliyev UNEC kollektivinə övladlarının ömür yolundan danışdılar. Süleyman 1995-ci il iyulun 3-də Sabirabad rayonunun Qalağayın kəndində anadan olmuşdur. Orta təhsilini Sabirabadda alan Süleyman, məktəbi əla qiymətlərlə oxumuş, riyaziyyat fənni üzrə olimpiadalarda qalib olmuşdur. 2012-ci ildə UNEC-in Mühasibat uçotu və audit fakültəsinə qəbul olmuş, tələbəlik dövründə fəallığı ilə seçilmişdir. Qrup nümayəndəsi, Həmkarlar İttifaqının fakültə üzrə sədri olmuşdu. İngilis və rus dillərini bilirdi. Universiteti bitirdikdən sonra doğulub, boya-başa çatdığı Sabirabad rayonunda əmək fəaliyyətinə başlamış, 2017-ci ildə ailə həyatı qurmuşdu. 2 oğul övladı var.

21 sentyabrda könüllü olaraq cəbhəyə yollanan S.Qarayev, Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda qəhrəmanlıqla döyüşmüş, 7 oktyabrda isə Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

S.Qarayev doğulduğu Sabirabad rayonunun Qalağayın kəndində dəfn olunub. Ölümündən sonra Prezidentin sərəncamına əsasən, “Vətən Uğrunda” medalı ilə təltif edilib.

Görüşdə şəhidin həyat yoldaşı Şəlalə xanım Süleymanın mükəmməl insan, gözəl ailə başçısı, qayğıkeş ata olduğunu deyib.

Görüşdə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı THİK-in Fəxri Fərmanını və şəhid üçün özəl hazırlanmış xatirə hədiyyəsini şəhidin ailəsinə təqdim edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay