A

UNEC Qadınlar Şurası, Tələbə Həmkarlar İttifaqı Komitəsi və İqtisadçı Vətənpərvərlər Təşkilatının birgə təşkilatçılığı ilə “Aprel döyüşləri- Böyük Zəfərin başlanğıcıdır” adlı onlayn tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC Qadınlar Şurasının sədri, dosent Təranə Kərimova Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, ordu quruculuğu istiqamətində atılan mühüm addımlardan söz açıb. Ordumuzun dünyanın 50 ən güclü orduları sırasında yer aldığına diqqət çəkən T.Kərimova aprel döyüşlərində 4 günlük müharibənin xalqımıza yaşatdığı qələbə sevincindən və bu qələbənin 4 il sonrakı tarixi zəfərinin əsas müjdəçisi olduğundan bəhs edib. O, UNEC-də vətənpərvərlik hisslərinin gənc nəsildə daha da  yüksəldilməsi və təbliği istiqamətidə həyata keçirilən tədbirlərdən də danışıb.

Tədbirin moderatu, İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəyli də 44 günlük müharibədən söz açıb, müzəffər ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı haqq-ədalət savaşının milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildiyini deyib,

Sonra Azərbaycanın Milli Qəhrəmanı, Polad Həşimovun yaxın silahdaşı olan polkovnik Loğman Xanlarov çıxış edib. O, Azərbaycan Ordusunun qüdrətindən, 2016-cı ilin aprel ayında bölmələrimizin əks həmlə edərək düşmən təxribatlarının cəsarətlə qarşısının alınmasından, döyüşçülərimizin mətanətindən və Polad Həşimovun şücaətindən danışıb.

Tədbirdə iştirak edən Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, Aprel döyüşlərində şəhid olmuş məzunu Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Vətən müharibəsinin şəhidi Ağaəmi Heybətovun bacısı Həliməxanım Heybətovanın, UNEC-in Zaqatala filialının direktor müavini, dosent Həqiqət Qədimova, UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, Tələbə işləri mərkəzinin direktoru Xalidə Yusifova, UNEC-in müəllimi İbrahim Quliyev Aprel döyüşlərində, eləcə də Vətən müharibəsində əldə olunan qələbələrdən danışıblar. 5 il öncə Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın indi Azərbaycanın bütün torpaqlarında qürurla dalğalandığını bildiriblər.

Sonda Yusif Cəfərbəylinin ifasında şəhidlərin ruhuna ithaf olaraq səsləndirdiyi “Xudayar təsnifi” tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay