A

Yanvarın 19-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibəti ilə şəhidlərimizin xatirəsini əbədiləşdirən Memorial-Xatirə Kompleksinin açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən şəhid ailələri öz təəssüratlarını bölüşür:

İlqar Əzizov: Qardaşım Habil Əzizov 1990-cı il, yanvarın 19-da imtahandan çıxandan sonra rus tanklarının altında qalaraq, faciəvi surətdə həlak olub. Rəhmətlik hələ oxuduğu vaxtlarda deyirdi ki, mən təhsilimi başa vurub, işləyəndən sonra, elə ad qazanacağam ki, hamı məndən danışsın. Oxuduğum institutda da şəklimi assınlar ki, Habil burada oxuyub. O vaxt nə onun, nə də bizim ağlımıza gəlməzdi ki, bir gün gələcək universitetdə ucaldılan Memorial-Xatirə Kompleksində onun adı, şəkli olacaq... Bu gün bacımın oğlu Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alır və qürurla mən dayımın yarımçıq qalan ömrünü davam etdirəcəyəm deyir.

Yavər Əbdülhəsənov: Qardaşım İlqar hərbi xidmətini başa vurduqdan sonra Xalq Təsərrüfatı İnstitutuna qəbul olunmuşdu. Əyani təhsil alırdı, sonra atam və mənim kimi hərbçi olmaq istədi. üç 3 il oxuyandan sonra axşam növbəsinə keçərək, milis orqanlarında işə başladı. Hadisə vaxtı Yasamal rayon milisində serjant işləyirdi, həm də sonuncu – V kursda oxuyurdu, nişanlı idi... Gecə növbəsinin bitməsinə lap az qalmış, gecə 12 radələrində yaralandı... Həyatını xilas etmək mümkün olmadı... İlqar çox qısa və kədərli həyat yaşadı, onun dərdindən valideynlərim həyatdan vaxtsız köçdülər. Bu gün İlqarın da xatirəsi əbədiləşən Memorial-Xatirə Kompleksinin universitetin ən gedişli-gəlişli yerində ucaldılması məni sevindirir. Şəhidləri unutmamaq, xatirələrini uca tutmaq universitetlərdə yetişən gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün ən yaxşı nümunədir.

Allahverdi Əliyev: Mən şəhid atasıyam. Oğlum Etibar Əliyev Bakıda anadan olub. Azərbaycan dəmiryolu mətbəəsində fəhlə işləyırdi. Sonra bu universitetin axşam şöbəsinə qəbul olundu. 18 yaşında, I kursu bitirdikdən sonra, təhsilini yarımçıq qoyub, könüllü Azərbaycan Milli Ordu sıralarına yollandı. Bir ilə yaxın döyüşdü. 1994-cü il, iyulun 10-da Tərtərdə gedən döyüşlərdə şəhid oldu... Bu gün oğlum “Şəhidlər xiyabanı”nda uyuyur. Əbədi tələbəsinə çevrildiyi universitetdə onun xatirəsinin daim uca tutulması məni sevindirir...

Ruqiyyə Səfərova: İyirmi üç ildir ki, torpaqlarımız uğrunda qəhrəmancasına şəhid olan Saleh Səfərovdan yadigar qalan iki övladını böyüdüb oxutmuşam. Bütün bu illər ərzində dövlətimizin dəstəyini hər an hiss etmişəm. Hökumətin şəhid ailələrinə qayğısı, sayğısı təqdirə layiqdir. Bu gün onun məzunu olduğu universitetdə xatirəsinin əbədiləşdirilməsi mənim üçün də, övladlarım üçün də qürurvericidir.

Elxan Əsgərov: Müharibə başlayanda qardaşım Rəmzi Əsgərov IV kursda oxuyurdu. Qiyabi şöbəyə keçib, könüllü döyüşə yollandı. 1992-ci il mayın 25-də Laçının Güləbirt kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu... Ömrü də, təhsili də yarımçıq qaldı... İndi bizim ailənin tək təsəllisi odur ki, dövlət öz şəhidlərini unutmur, onlardan diqqətini əsirgəmir. Hər insana qismət olmur ki, oxuduğu universitetdə adına abidə ucaltsınlar. Qardaşımla fəxr edirəm.

Faiq Rəsulov: Ailədə altı uşaq idik, içimizdə ali təhsil alan bir mən idim, bir də rəhmətlik qardaşım Əli... O da təhsilini yarımçıq qoyub, Qarabağ uğrunda döyüşlərə yollandı. Heç üç ay döyüşmədi ki, qara xəbərini aldıq. Ailə də qurmamışdı ki, özündən sonra bir yadigarı qalsın. İndi bu dünyada ondan qalan bir Biləsuvar rayon “Şəhidlər Xiyabanı”ndakı məzarı, bir də oxuduğu universitetin həyətində ucaldılan bu Memorial-Xatirə Kompleksidir. Şəhidimizin xatirəsi əbədiləşdirildiyi üçün, biz ailəlikcə çox sevinirik.

Rəhilə Cəbrayılova: 26 il bundan əvvəl dilimizə yeni söz daxil oldu – şəhid! Həmin gündən də şəhidlərimizin sayı artdı. Hamımız canımızdan bir parçanı bu torpaq üçün, bu Vətən üçün fəda etdik. Ailə başçılaırmız torpaqlarımızın müdafiəsi uğrunda döyüşərək şəhid oldular. Bizə də onların yadigarlarını adlarına layiq böyütmək düşdü. Bu çətin işdə daim dövlətin qayğı və diqqətini üstümüzdə hiss etdik. Bunun üçün cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdaram! Ermənilər o vaxt həyat yoldaşım, kapitan Nazim Cəbrayılovun cənazəsini Azərbaycana vermədilər. Övladlarım atalarından da, onun məzarından da məhrum oldular. Dövlət başçısı ölümündən sonra onu ölkənin ən ali mükafatı olan “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdi. Bu bizim ailə üçün yeganə sevinc və təsəllidir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay