A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2016/2017-ci tədris ilinə hazırlıq işlərinin vəziyyəti ilə bağlı geniş iclas keçirilib. Struktur rəhbərlərinin iştirak etdiyi toplantıda hazırlığın vəziyyəti, qarşıya çıxan problemlər, onların həlli yolları və görüləcək işlər müzakirə edilib.UNEC-in rektoru, professor Ədalət Muradov ilk olaraq maddi-texniki təminatin vəziyyəti haqda danışıb. Bildirib ki, tədrisin keyfiyyətinin artırılması baxımından ilk addım olan “Elektron Universitet” modeli bütün tədris binaları üzrə artıq quraşdırılıb. Qarşıda duran əsas vəzifə bu imkanlardan səmərəli istifadə etmək bacarığını formalaşdırmaqdır. Bu yeniliyi mənimsəmək üçün bütün müəllimlərə təlimlər keçirilib və istənilən müəllim yenidən əlavə təlimlərə cəlb edilə bilər.Rekror dekanlara müəllim və tələbələrin müraciətlərinə diqqətlə yanaşmağı, bu məsələdə məsuliyyətlərini artırmağı tarşırıb. Bildirib ki, müraciətləri dinləyərək, qərar vermək səlahiyyətlər artıq fakültə rəhbərlərinə verilib. Hər bir tələbənin rektorla görüşmək hüququ var. Amma tələbə son instansiya olaraq rektorun qəbuluna gəlməlidir. Ə.Muradov tələbələrlə işin mütəşəkkil qurulması məqsədilə fakültələrdə yeni qurumun yaradılmasına ehtiyac olduğunu, bununla bağlı yaxın vaxtlarda real addımların atılacağını diqqətə çatdırıb.Ə.Muradov əmtəəşünaslıq fakültəsinin müvəqqəti köçürüldüyü binanın yeni tədris ilinə hazır olduğunu, keyfiyyətli tədrisin təşkili üçün bütün şəraitin yaradıldığını bildirib. Əlavə edib ki, fakültənin yerləşdiyi köhnə bina isə müasir standartlar səviyyəsində yenidən tikilərək, yaxın iki il ərzində tələbələrin ixtiyarına veriləcək.

Rektor UNEC-ə bu ilki tələbə qəbulunun sayına münasibətini bildirib. Qeyd edib ki, 2016/2017-ci tədris ilində ən yüksək balla universiteti seçənlərin sayında ciddi yüksəliş qeydə alınıb. Nəticə bizi sevindirməklə yanaşı, məsuliyyətimizi daha da artırır. Ə.Muradov bu göstəricinin qorunub saxlanılması üçün ali məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsinin vacib olduğunu vurğulayıb.Rektor müəllimlərin dərsə davamiyyətilə bağlı iradlarını bildirib və yeni dərs ilindən etibarən davamiyyət məsələlərinə nəzarət gücləndiriləcəyini deyib. Ə.Muradov bu işə diqqətin artırılması ilə bağlı dekanlara tapşırıqlarını verib.Rektor bildirib ki, 2016/2017-ci tədris ilində müəllimlərin qiymətləndirilməsinə tələblər artırılacaq. Artıq reytinq sistemi hazırdır. Yaradılan komissiya işini uğurla yekunlaşdırıb. Ictimaiyyət nümayəndələri ilə birlikdə yeni sistemin geniş təqdimatı keçiriləcək.Bu ilki tədris ilinin maraqlı layihələrlə yadda qalacağını bildirən Ə.Muradov “lider müəllim-lider universtet”, “Tədrisin keyfiyyəti tələbənin gözü ilə” layihələri barədə ətraflı məlumat verib və bütün dərslərin valideynlərin üzünə açıq olduğunu diqqətə çatdırıb.Rektor magistratura pilləsində ciddi dəyişikliklərin ediləcəyini və bu sektora nəzarətin gücləndiriləcəyini, yeni yaradılan Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin fəaliyyətinin genişləndiriləcəyini bildirib.Ə.Muradov yeni tədris ilində görüləcək bir sıra işlərə də diqqətə çatdırıb. Bildirib ki, universitetdə struktur dəyişiklikləri davam etdiriləcək, testlərin keyfiyyəti artırılacaq, fakültə elmi şuralarının tərkibi yenidən formalaşdırılacaq, bütün müəllimlərin açıq dərsləri təşkil ediləcək, paytaxt və rayonlarda fəaliyyət göstərən orta məktəblərə səfərlər davam edəcək, regional universitetlərlə ikili diplom proqramlarına başlanılacaq, tyutorların işi ilə bağlı yeni qaydalar hazırlanacaq, UNEC-ə xarici professorlar cəlb ediləcək. Rektor dərsliklərin keyfiyyətinin artırılmasını, onların yüksək səviyyədə tərcüməsinin təşkili məqsədilə universitetdə Tərcümə Mərkəzinin yaradılacağını deyib.

Ə.Muradov yuxarıda qeyd edilən yeniliklərin UNEC-də təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəyini bildirib. Sonda struktur bölmələrin rəhbərləri təkliflərlə çıxış ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay