A

Fransanın və Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliklərinin dəstəyi ilə UNEC müəllimləri üçün təşkil edilən qış məktəbi başa çatıb.

UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində təşkil ediləmiş qış məktəbində Paris-Sorbon Abu-Dabi Universitetinin professoru Rida Ballaik Hourani və Litz David Riçard 115 müəllimə təlim keçib.

Dörd gün davam edən təlimlərdə müəllimlər müasir sillabusların hazırlanması, mühazirə və seminarların effektli idarəedilməsi, auditoriyanın idarəedilməsində liderlik bacarıqlarının nümayiş etdirilməsi, biliyin tələbələrə ötürülməsində müasir İKT metodlarının istifadəsi və digər bu kimi mövzularda bilik və bacarıqlarını təkmilləşdiriblər. UNEC müəllimləri qış məktəbində nəzəri biliklərlə yanaşı, həm də simulyasiya oyunları, liderlik, “snagit” və “ePortfolios” kimi praktik nümunələrlə də tanış olublar.

Qış məktəbi xüsusi ilə dərslərin təşkili metodikası və nümunəvi strukturu baxımından çox faydalı olub. Həmçinin müəllimlərin keyfiyyət təminatındakı rolunun aydınlaşdırılması, tədris materiallarının yenilənməsi və son elmi tədqiqatlara uyğunlaşması baxımından da səmərəli hesab olunub.

UNEC müəllimlərinin bilik və bacarıqlarını yüksək qiymətləndirən professor Rida Ballaik Hourani qış məktəbinin sonunda bildirib ki, dünya təcrübəsinə görə müəllimin vaxtaşırı müasir tədris bacarıqlarını təkmilləşdirməsinə ehtiyac duyulur. Bu baxımdan qış məktəbi çox faydalıdır: “Belə bir komanda ilə tanış olmaqdan çox məmnunam və sizi Paris-Sorbon Abu-Dabi Universitetində görməkdən məmnun olarıq. UNEC müəllimləri ilə təcrübə mübadiləsinin səmərəli olacağına əminəm”.

UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksinin təlimlər üçün əlverişli məkan olduğunu qeyd edən Paris-Sorbon Abu-Dabi Universitetinin professoru burada qrup çalışmaları üçün də unikal şərait yaradıldığını vurğulayıb: “Kompleksdə qış və yay məktəbləri təşkil etmək üçün mükəmməl imkanlar var. Əminəm ki, UNEC bu imkandan layiqincə faydalanacaq”.

Təlimlərdə iştirak edən UNEC müəllimlərinə sertifikatlar Fransa səfirliyində təqdim ediləcək.

Qeyd edək ki, qış məktəbi çərçivəsində UNEC-in dekan və kafedra müdirlərindən ibarət 18 nəfərlik nümayəndə heyəti Türkiyənin tanınmış universitetlərinin idarəetmə təcrübələri ilə tanış olublar.

Qış məktəbi həm də UNEC müəllimləri arasında sosial əlaqələrin inkişaf etdirilməsinə və əməkdaşlığın genişləndirilməsinə də müsbət təsir göstərib.

DİGƏR XƏBƏRLƏR

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR