A

 525-ci qəzet

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH Mərkəzi, Türk Dünyası İşlətmə Fakültəsi, UNEC Biznes Məktəbi (MBA) və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində bütün fənlər üzrə, Magistratura Mərkəzi və Texnologiya və Dizayn fakültəsi üzrə isə ixtisas fənləri və qabiliyyət imtahanları ənənəvi olaraq yazılı formada keçirilir.

Uniiversitet rəhbərliyinin UNEC-də yalnız sözügedən fakültə və mərkəzlərdə oxuyan tələbə və magistrantlarda deyil, bütün təhsilalanlarda tənqidi təfəkkürün formalaşması və onun daha da inkişaf etdirilməsinin təmini məqsədilə, 2017-2018-ci tədris ilinin qış semestrindən başlayaraq ümumilkdə “İqtisadiyyat və idarəetmə” blokuna daxil olan bütün ixtisaslarda iqtisad yönümlü fənlər üzrə imtahanların yazılı formada keçirilməsi qərara alınıb. Qərarın praktik tətbiqinin nəticəsi kimi hal-hazırda universitetin müvafiq fakültələrinin I kurslarında “İqtisadiyyata giriş” fənni üzrə mərkəzləşdirilmiş yazılı imtahanlar keçirilir.

Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin (TKQİM) direktoru Raqif Qasımovun sözlərinə görə, UNEC-in çoxşaxəli hədəflərindən biri imtahanların keçirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsidir. Yazılı imtahanlarda bu məqsədə nail olmaq üçün Elmi Şuranın qərarı ilə təsdiq edilmiş yazılı imtahan qaydalarına müvafiq olaraq 75 ədəd imtahan sualı semestrin əvvəlində tələbələrin şəxsi kabinetlərinə göndərilməsidir. Digər tərəfdən, imtahanların keçirilməsi zamanı fakültə və imtahan saatları üzrə variantların fərqliliyin təmin olunması prinsipi rəhbər tutulur ki, bunun təmin edilməsi də proqram təminatı vasitəsi həyata keçirilir. Nəticə etibarilə imtahan zamanı tələbələrə hansı variantın və sualın düşməsi məhz təsadüfi xarakter daşıyır.

R.Qasımov bildirib ki, yazılı imtahanların keçirilməsi ilə yanaşı, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi məqsədilə imtahan nəticələri şifrələnməklə fənni tədris edən digər müəllimlər tərəfindən yoxlanılır və imtahan nəticələri elan olunduqdan sonra növbəti gün fakültə dekanlıqları tərəfindən tələbələrlə imtahan nəticələrini yoxlayan müəllimlərin görüşü təşkil edilir. Görüş zamanı tələbələrə imtahan kağızları paylanır və cavablandırılan sualların necə qiymətləndirildiyi haqqında müəllim və tələbələrin birgə müzakirəsi təşkil olunur. Əgər hər hansı tələbələ bu müzakirənin nəticəsində müəllimin verdiyi qiymətdən narazı qalırsa, bu zaman o apellyasiya komissiyasına öz şəxsi kabinetindən elektron ərizə yazmaqla müraciət edir və imtahan nəticəsi digər müəllim tərəfindən yenidən qiymətləndirilir: “UNEC tələbələrin biliyinin qiymətləndirilməsində innovativ və obyektiv yanaşmaların tətbiqinə hər zaman olduğu kimi bu sessiya müddətində də həssas yanaşır və şəffəflığın təminatında əldə etdiyi uğurları daha da təkmilləşdirməyi hədəfləyir”.

“Biznes və menecment” fakültəsinin dekanı Mirağa Əhmədov deyir ki, imtahanların yazılı formada keçirilməsində əsas məqsəd tələbələrin daha savadlı, daha çevik, iqtisadi-riyazi təhliləri sərbəst şəkildə həyata keçirə bilən və yeni texnologiyaları tətbiq etməyi bacaran bir kadr kimi yetişdirməkdir: “Bu gün UNEC Şərq Avropa, Mərkəzi Asiya və MDB universitetləri arasında özünə mövqe tutmuş bir ali təhsil müəssisəsi kimi qarşısına qoyduğu məqsəd tələbəyə daha çox bilik verə biləcək metodlara üstünlük verməsidir. Bu baxımdan imtahanların ixtisas fənlərdən yazılı, qeyri-ixtisas fənlərindən test üsulu ilə keçirilməsi düzgün düşünülmüş bir addım kimi qiymətləndirmək olar. Fikrimcə, gələcəkdə tədris proqramlarda nəzərdə tutulmuş bütün ixtisas fənlərinin yazılı formada keçirilməsi tələbə düşüncəsini və təfəkkürünü daha da zənginləşdirəcək və cəmiyyət üçün layiqli bir  vətəndaşın formalaşmasına səbəb olacaqdır. İmtahanların şəffaf və obyektiv keçirilməsinə gəldikdə isə rektorun müvafiq göstərişilə Fakültə Elmi Şurasının qərarı ilə imtahanlara nəzarət komissiyası yaradılıb. Komissiya mütəmadi reydlər keçirir, tələbələri və valideynləri maraqlandırılan sualları cavablandırırlar”.

“Biznes və menecment” fakültəsində yazılı imtahanda iştirak edən tələbə Solmaz Cəfərli vurğulayıb ki, ixtisas fənlərindən imtahanların yazılı şəkildə keçirilməsi tələbələrin öz ixtisasları üzrə dərin biliklərə yiyələnməsinə şərait yaradır: “İmtahanda verilən vaxt kifayət edir ki, bütün suallar cavablandırılsın. Bəzi sualların çətin olması, qrafiklərdən daha çox istifadə etməyimizin tələb olunması biz tələbələrə görə asan deyil. Sualların sayı azaldılsa daha yaxşı və xatırlanması asan olar. UNEC-də yaradılan şərait digər universitetlərdən çox fərqlənir. Tələbələrin xeyrinə maksimum şərait yaradılır ki, imtahanları uğurlu şəkildə versinlər”.

Tələbə Firdovsi Heydərlinin fikrincə, yazılı imtahan tələbələrin biliyinin zənginləşməsi baxımından çox faydalıdır: “Mən yazılı imtahana girəndə çox həyəcanlı idim, lakin imtahanda bütün həyəcanım itdi, çox rahatlıqla yazdım imtahanı. Yazılı imtahan, məncə, test üsulundan dəfələrlə yaxşıdır”.

Tələbə Rövşən Poladzadə bildirib ki, yazılı imtahanlar biliyin təkminləşməsi üçün mühüm rol oynayır: “Test imtahanları zamanı yalnız variant seçməklə düzgün cavabları qeyd etdiyimiz halda yazılı imtahanlar zamanı əvvəlcə düşünüb sonra isə yazacağımız yazını qarşı tərəfə necə düzgün izah edəcəyimiz barəsində düşündüyümüz zaman çox bilik əldə edirik. Bir sözlə, yazılı imtahan yaxşıdı, ancaq ixtisas fənnindən”.

Tələbə İlqar Sofiyevin sözlərinə görə, testləri həll etmək yaxşı olsa da, yazılı suallara hazırlaşmaq daha yaxşıdır: “Yazılı imtahanlar zamanı öyrəndiyim suallar sanki yaddaşıma yazılır və mənə verilən sualları cavablayanda asanlıq yaradır. Sualları açıq şəkildə cavablandırmaq nitqimizə də kömək edir, çıxışlarım zamanı daha səlis nitqə malik olacağam. Çıxışlarım daha düzgün olacaq. Nəzərə alsaq ki, yeni nəsil gənclər kitablarla maraqlanmırlar. Yazılı imtahanın olması məhz elə bunun üçün vacibdir”.

“Biznes və menecment” fakültəsində dərs tədris edən “İqtisadi nəzəriyə” kafedrasının dosenti Xankişi Xankişiyevin sözlərinə görə, UNEC-də istər test, istərsə də yazılı imtahanda şəffaflıq tam təmin olunur: “Ancaq biz yenə əsasən ixtisas fənlərindən yazılı imtahanın tərəfdarıyıq. Test imtahanı tələbələri əzbərçiliyə öyrədir, dünya görüşünu və bilik səviyyəsini nisbətən aşağı salır. Tələbələrin əksəriyyəti testdə qoyulan sualların mahiyyətini başa düşməyə çətinlik çəkirlər. Yazılı imtahanlar isə tələbələri verilən materialları, dərslikləri və əlavə məlumatları oxuyub öyrənməyə məcbur edir. Onların dünya görüşünü artırırır. Tələbə imtahanın yazılı keçəcəyini biləndə, fənnə daha diqqətlə qulaq asır. İxtisas fənlərinin yazılı keçirilməsi çox vacibdir. Həmin fənlərin imtahanı testlə olanda tələbə fikrini tam ifadə edə bilmirdi. Buna görə də, yazılı imtahanların sayı ildən-ilə artırılmalıdır. Artıq UNEC-də yazılı imtahanların keçirilməsi üçün çox şəffaf şərait yaradılıb. Bütün yazılar şifrələnir və müəllimlərin dərs dediyi tələbələrin yazı işlərinin onlara düşməsinin ehtimalı sıfra bərabər olur. Şifrələnmə, onların xüsusi otaqlarda gizli saxlanması imtahan prosesinin şəffaflığına xidmət edir”.

“XX Əsr” Təhsıl Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyevin dediyinə görə, yazılı imtahan tələbələrə ixtisası üzrə biliklərini yazılı şəkildə izah etməsinə şərait yaradır: “Ötən il UNEC-in 600 tələbəsi arasında keçirilən sorğu zamanı onların əksəriyyəti imtahanların yazılı şəkildə keçirilməsinin tərəfdarı olduğunu qeyd etmişdi. UNEC rektoru, professor Ədalət Muradov sorğuda qaldırılan məsələni, tələbələrin istəyini nəzərə alaraq imtahanların yazılı formada keçirilməsi barədə qərar verdi. Mən bu qərarı alqışlayıram”.

S.QARAYEVA

DİGƏR XƏBƏRLƏR

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR