UNEC-də distant dərslərin evdən təşkili bu gün geniş müzakirə edilib.
UNEC-in rektoru, professor Ədalət Muradov, dekanlar və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən iclasda distant dərslərin evlərdən təşkilinin ilk həftəsinin yekunları və bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə olunub. Bildirilib ki, dərslərin təşkili ilə bağlı proqram təminatı və müəllimlər üçün onlayn təlimlər uğurla tamamlanıb. Qeyd edilib ki, UNEC-də cədvəl üzrə nəzərdə tutulmuş distant dərslərin 98 faizi evlərdən təşkil edilmişdir. Daha çox tələbənin dərslərdə iştirakını təmin etmək məqsədilə tələbə təşkilatlarının və mentorların, qrup nümayəndələrinin fəaliyyətində mobilliyin təmin olunması tövsiyə edilib. UNEC-in Zaqatala filialında da dərslərin evdən distant tədrisinin uğurla aparıldığı diqqətə çatdırılıb.
Müzakirələrdə imtahanların təşkili məsələsinə də toxunulub. Bu istiqamətdə dünyanın aparıcı universitetlərinin təcrübəsinin tətbiqi istiqamətində təkliflər səsləndirilib. Yuxarı kurs qiyabiçi tələbələrin akademik borclarının ləğv edilməsi məqsədilə imtahanların ilk dəfə distant təşkilinə hazırlıq işlərinin tamamlandığı bildirilib.