UNEC-in Elmi Şurasının qərarına əsasən, əyani təhsil alan tələbələrdə test suallarının sayı 700-dən 350-yə, qiyabidə isə 500-dən 300-ə qədər endirilib. Testlər imtahanlara bir həftə qalmış tələbələrin şəxsi kabinetlərinə göndəriləcək.
Tələbələrin əvvəlki dövrlərdə də qazandıqları ACCA sertifikatı yaz imtahan sessiyası zamanı nəzərdə tutulmuş imtahanlarda qəbul ediləcək.
Coursera of Campus kurslarında 5415 sertifikat qazanan 1761 tələbə müvafiq fənlərin imtahanlarlndan azad olunacaq. Sertifikatlardakı mənimsəmə faizi həmin fənn üzrə tələbənin yekun qiyməti kimi qəbul ediləcək.
Buraxılış kurslarının bütün tələbələrinin təcrübəsi 100 balla qiymətləndiriləcək.
Yeni güzəştlərə əsasən, normativ təhsil müddətindən artıq müddətdə təhsil alan tələbələrə (əvvəlki tədris ilindən qalmış akademik borclara görə) iki əlavə fəndən imtahan vermək hüququ tanınacaq.
ÜOMG ilə razılaşmayan tələbələr nəticələrini yüksəltmək üçün ərizə ilə müraciət edərək imtahanlarda iştirak edəcəklər.
Bakalavrların buraxılış işləri plagiatdan keçirilməyəcək, magistrlərdə isə dissertasiya işləri yüngülləşdirmə hədləri nəzərə alınaraq plagiatdan keçiriləcək.
Buraxılış kurslarının tələbələrinin təkrar imtahanlarının verilmə müddəti önə çəkiləcək.
Təqaüd uğrunda mübarizəni nəzərə alaraq, ÜOMG hesablanan zaman, yuvarlaqlaşdırılmaya yol verilməyəcək və ÜOMG vergüldən sonra 4 rəqəmə qədər olan nəticəyə əsasən hesablanacaq.
Magistrlərin böyük əksəriyyətinin əmək fəaliyyəti ilə məşğul olmasını nəzərə alaraq, imtahan cədvəlləri onların iş rejiminə uyğunlaşdırılacaq və həftənin şənbə günü də imtahanlar təşkil olunacaq. Magistrlərin “II. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı”nda qəbul edilmiş xülasələri elmi məqalə kimi qəbul ediləcək. Eləcə də pandemiya dövrünə düşən hesabatı təqdim etməmiş magistrlərin minimum qiymətləndirmə ilə müdafiəyə buraxılmasına icazə veriləcək.
Kompüter problemi olan tələbələrin imtahanları ənənəvi qaydada universitetdə avqust-sentyabr aylarında təşkil olunacaq.
İnternet problemi olan tələbələrin isə aylıq 5GB həcmində internet xərci universitet tərəfindən tələbələrin smart kartlarına ödəniləcək.
Xatırladaq ki, UNEC-də yaz imtahan sessiyasının keçirilməsi qaydaları təsdiqlənib. Qaydalara əsasən, Yaz imtahan sessiyasında imtahan vermək üçün bakalavr və magistrlərə 3 seçim imkanı verilir: bütün imtahanlar distant formada keçirilir; təhsilalanların müraciətləri əsasında avqust-sentyabr aylarında ənənəvi üsulla imtahan təşkil edilir; növbəti tədris ilində ödənişsiz olaraq fənləri alt qruplarda ənənəvi qaydada dinləmək və imtahan vermək imkanı yaradılır.