A

Mayın 19-da Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, görüşün məqsədi Rusiya-Azərbaycan münasibətlərinin perspektivləri, eləcə də hər iki ölkənin təhsil müəssisələri arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparmaqdır.Rektor UNEC-in Rusiyanın nüfuzlu “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universiteti ilə qarşılıqlı əməkdaşlıq proqramı barədə məlumat verib. Bildirib ki, hər iki ali təhsil müəssisəsi arasında bakalavriat və magistratura səviyyələrində rus dilində ikili diplom proqramları, qarşılıqlı tələbə və magistrlərin, həmçinin professor-müəllim mübadiləsi uğurla davam etdirilir.Ə.Muradov UNEC-də “Rus İqtisadiyyat Məktəbi”nin yaradılması haqqında da danışıb. Qeyd edib ki, məktəbdə iqtisadiyyatın müxtəlif sahələri üzrə fənlər tədris ediləcək. Rusdilli tələbələrin təhsil alacağı məktəbdə rusiyalı professorlar tədrisə cəlb olunacaq.UNEC-də olmağından məmnunluğunu bildirən diplomat Rusiya-Azərbaycan münasibətlərindən danışıb. Bildirib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hər iki ölkə arasında əlaqələr müsbət  istiqamətə doğru dəyişdi. İndi ölkələrimiz arasında tam qarşılıqlı anlaşma mövcuddur. Səfir Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin post-sovet məkanında ən uğurlu modellərdən biri olduğunu vurğulayıb. Bu münasibətlərin hər iki ölkənin milli maraqlarına qulluq etdiyini və regional stabilliyin əsas faktoru olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan öz yolu ilə gedir. Rusiya cənub qonşusunun etibarlı qalmasında maraqlıdır.Vladimir Doroxin UNEC tələbələrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallarını cavablandırıb. Səfir bildirib ki, Rusiya münaqişənin beynəlxalq hüquq normalarına uyğun və ədalətli həllinin tərəfdarıdır. İki ölkə arasında münasibətlər nəinki qarşılıqlı anlaşma və dialoqla, eləcə də üçüncü ölkələrin mövqeyinin qiymətləndirilməsində prinsipial fikir ayrılığının olmaması ilə seçilir.Səfir dünya neft birjalarında baş verən proseslər, qara qızılın ucuzlaşmasının Rusiya və Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı sualları da cavablandırıb.Azərbaycanda rus dilinə olan marağı hər iki ölkənin dostluq münasibətlərinin bariz nümunəsi hesab edən V.Doroxin rusdilli təhsil prosesini dəstəkləmək məqsədi ilə Azərbaycan tərəfilə əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.UNEC-də Rus İqtisadiyyat Məktəbinın yaradılmasını yüksək qiymətləndirən diplomat böyük məmnuniyyət hissi ilə bu addımın pozitiv nəticələr verəcəyini diqqətə çatdırıb. “Əminəm ki, görüşlərimiz davamlı olacaq. UNEC tələbələri ilə qarşılıqlı fikir mübadiləsi aparmaq, bilik və təcrübələrimi onlarla bölüşməkdən məmnun olaram”, deyə səfir bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay