A

Tailandın paytaxtı Banqkok şəhərində Beynəlxalq Universitetlər Assosiasiyasının (International Association of Universities – IAU) XV Baş Konfransı keçirilib. “Ali təhsil: innovativ və dayanıqlı cəmiyyətin katalizatoru kimi” (Higher Education: A catalyst for Innovative and Sustainable Societies) mövzusunda təşkil olunan konfransa dünyanın 85 ölkəsindən 300-dən artıq iştirakçı qatılıb. Tailandın dörd universitetinin (Chulalonkorn University, Siam University, Suranaree University, Asian Institute of Technology) evsahibliyi etdiyi tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor dosent Şahin Bayramov təmsil edib.

Konfrans çərçivəsində davamlı inkişaf məqsədləri, ali təhsilin beynəlmiləlləşməsi, ali təhsilin məzmununda elmi-tədqiqatların əhəmiyyəti, universitet-biznes münasibətləri, ali təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, kurrikulumların innovativ məzmununun artırılması, əlilliyi olan şəxslərin ali təhsilə cəlb olunması və digər mövzularda sessiyalar təşkil olunub. Dörd gün davam edən müzakirələrdə ali təhsilin müasir cəmiyyətin inkişafında hərəkətverici qüvvəyə çevrilməsi, UNESCO-nun 2030-cu il Qlobal Fəaliyyət Planı (UNESCO Global Action Programme: Agenda 2030) üzrə tədbirlərin həyata keçirilməsində universitetlərin müstəsna əhəmiyyət kəsb etməsi və dünyanın fərqli regionlarını təmsil edən ali təhsil müəssisələri arasında koordinasiyanın gücləndirilməsində IAU-nun mühüm rol oynaması diqqət mərkəzində saxlanılıb.Konfransın işində aktiv iştirak edən Ş.Bayramov müzakirə olunan məsələlərə dair fikirlərini bölüşməklə yanaşı, Azərbaycan ali təhsil sistemində aparılan islahatlar və UNEC-in son illər əldə etdiyi uğurlar barədə ətraflı məlumatverib. IAU Katibliyinin əməkdaşları ilə keçirilən görüşlərdə UNEC-in gələcəkdə IAU-nun fəaliyyətində daha aktiv iştirak etməsi imkanları nəzərdən keçirilib.

Qeyd: Qlobal miqyaslı qeyri-hökumət təşkilatı olan IAU 1950-ci ildə UNESCO-nun dəsətəyi ilə yaradılıb. Mənzil qərərgahı Parisdə yerləşən Assosiasiya dünya ölkələrinin ali təhsil müəssisələrini və regional universitet birliklərini özündə birləşdirir. IAU-nun əsas məqsədi üzvlər arasında ali təhsil sahəsində əməkdaşlığın təşviqindən və dünya ali təhsilinin əsas trendlərinin müzakirəsindən ibarətdir. UNEC bu Assosiasiyanın üzvü olan iki Azərbaycan ali təhsil müəssisəsindən biridir. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR