A

UNEC-də müəllimlərin tədris bacarıqlarının təkmilləşdirilməsi və dünyanın qabaqcıl universitetlərinin təhsil təcrübəsinin öyrənilməsi davam edir.UNEC-in qış məktəbi çərçivəsində dekan və kafedra müəllimlərindən ibarət nümayəndə heyəti Türkiyənin nüfuzlu Sakarya, Süleyman Dəmirəl və Uludağ universitetlərinə də ezam olunublar. Səfərin məqsədi müəllimlərin elmi potensialının artırılması, xarici universitetlərin təcrübəsinin öyrənilməsidir.

Dörd gün davam edən səfərdə UNEC-in nümayəndə heyəti İqtisad Universitetinin prioritet istiqamətləri üzrə yeni təcrübələrin tətbiqi məqsədi ilə müxtəlif araşdırmalar aparıblar. Süleyman Dəmirəl Universitetinə (SDU) ezam edilən qrup fakültələrin idarəetmə strukturu, fakültə katibliyi, distant təhsil sistemi ilə maraqlanıb, texnoparkla tanış olublar. Avropa universitetləri arasında ilk üçlükdə yer alan Süleyman Dəmirəl Universitetinin kitabxanasının fəaliyyəti ilə tanış olub, təcrübələrini öyrəniblər. Kitabxanaya UNEC-in nəşrləri hədiyyə edilib. Universitetin rektoru ilə görüşdə UNEC ilə SDU arasında akademik iş birliyinin genişləndirilməsinə göstərdikləri xidmətə görə qrup iştirakçıları sertifikatla təltif ediliblər.

Səfər çərçivəsində UNEC-in nümayəndə heyəti İslamköydə Süleyman Dəmirəlin məzarını ziyarət edib, ev muzeyində olublar.

Sakarya Universitetində keçirilən görüşlərdə meqafakültələrin idarəedilməsi istiqamətində müzakirələr aparılıb. Universitetin rektoru ilə görüşdə tələbə-müəllim mübadiləsinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tələbə təşkilatlarının idarəetmə sistemində pedaqoji heyətin rolu, ictimai fəal tələbələrin stimullaşdırılması metodları öyrənilib. Davamlı tədris mərkəzinin və texnoparkların fəaliyyət istiqamətləri ilə tanış olaraq, startapların idarəedilməsində yeni yanaşmalar müzakirə edilib. Xüsusi olaraq iki universitet arasında telekonfransların keçirilməsinin vacibliyi vurğulanıb. Görüşlərdə Sakarya Universitetinin İşlətmə fakültəsi ilə UNEC-in Biznes və menecment fakültəsi arasında birgə dərs vəsaitləri və proqramların yazılması qərarına gəlinib.

Qış məktəbində elektron kitabxananın idarəedilməsi sistemi üzərində tədqiqatlar aparılıb. Distant təhsil mərkəzində mühazirə mətnlərinin səsli versiyalarının dinləyicilərə birbaşa ötürülməsi mexanizmi ilə tanış olunub. Sakarya Universitetinin yeni dərs vəsaitləri ilə tanışlıqdan sonra marketinq ixtisası üzrə birgə dərsliklərin hazırlanması da müzakirə edilib. Türkiyə tərəfi Azərbaycanın marketinq nümunələrinin dərsliklərə daxil edilməsində maraqlı olduqlarını bildiriblər.

Uludağ Universitetinə ezam edilən nümayəndə heyəti universitet rektoru ilə görüşdə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Texnoloji ixtisaslar üzrə tədris laboratoriyalarına baxış keçirilib. Uludağ Universitetinin idarəetmə sistemi, tədris planları, müəllim-tələbə münasibətləri, tədris prosesi və digər bu kimi məsələlərlə tanış olunub. Sonda Uludağ Universiteti ilə UNEC müəllimlərinin birgə elmi tədqiqatlar aparması, elmi məqalələrin və kitabların hazırlanması və birgə konfransların keçirilməsi barədə ilkin razılaşmalar əldə olunub. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay