4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Bakıda səfərdə olan İSESCO-nun baş direktoru və İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) baş katibi Əbdüləziz bin Osman əl-Tuveycri ilə UNEC rektoru, professor Ədalət Muradov arasında işçi görüş keçirilib.
Ölkəmizin sivilizasiyalararası və dinlərarası dialoqa, eləcə də müsəlman ölkələri arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edən qonaq İSESCO nəzdində fəaliyyət göstərən FUIW-in İslam dünyasını təmsil edən universitetlər arasında əməkdaşlıq üçün səmərəli platforma olduğunu diqqətə çatdırıb.
2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsini vurğulayan Ə.Muradov qonağa Azərbaycan ali təhsilində, o cümlədən UNEC-də həyata keçirilən islahatlar haqqında məlumat verib. Ə.Muradov cari ilin fevralında UNEC-in FUIW-in idarə heyətinə üzv seçilməsində dəstəyə görə təşəkkür edib və bununla da UNEC-in FUIW-in fəaliyyətində daha aktiv iştirak etmək imkanı qazandığını bildirib.
Görüşdə FUIW və UNEC arasında gələcək əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılıb.