A

Qazaxıstanın Almatı Menecment Universitetinin prezidenti Asılbek Kojaxmetov və Kustanay Mühəndis İqtisad Universitetinin rektoru Sabit İsmuratovun rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

Qonaqlara UNEC barədə məlumat verən rektor, professor Ədalət Muradov bildirib ki, regionun iqtisadyönümlü ən böyük təhsil ocağı sayılan, dörd dildə təhsil verən UNEC ölkənin Rusiyada filialı olan yeganə ali təhsil müəssisəsidir. Rektor UNEC-in beynəlxalq əlaqələrindən danışıb, Fransanın Montpelyer, Litvanın Nikolos Romeyros universitetləri ilə ikili diplom proqramlarının həyata keçirildiyini qeyd edib. UNEC Biznes Məktəbindən də söz açan Ə.Muradov ölkə üzrə MBA proqramına qəbulun 80 faizinin burada həyata keçirildiyini, tədrisin 3 dildə aparıldığını qonaqların diqqətinə çatdırıb.

Keyfiyyətli təhsil verən və qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd edən Asılbek Kojaxmetov UNEC-də olmaqdan məmnunluğunu bildirib: “UNEC-lə əməkdaşlıq bizim üçün faydalı olacaq”. Rəhbərlik etdiyi ali məktəbin tədris proqramları barədə məlumat verən A. Kojaxmetov universitetin beynəlxalq əlaqələrindən, MBA, doktorantura pilləsi üzrə təhsildən, o cümlədən tələbə-müəllim mübadiləsindən danışıb.

Görüşdə hər üç universitet arasında MBA proqramları üzrə biznes məktəbləri arasında əlaqə, biznes təhsilinin keyfiyyətinin artırılması, yay məktəbində müəllim və tələbə mübadiləsi əsas müzakirə mövzusu olub.  Universitetlər arasında əlaqələrin inkişafı istiqamətində fəaliyyətin davam etdirilməsinə dair razılıq əldə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay