UNEC ilə Türkiyənin İstanbul Universiteti arasında telekörpü keçirilib.

İstanbul Universitetinin Açıq və Distant Təhsil Fakültəsi ilə UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzi arasında keçirilən görüşdə distant təhsil haqqında fikir mübadiləsi aparılıb.

İstanbul Universitetinin Açıq və Distant Təhsil Fakültəsinin dekan müavinləri Dr.Musa Şahin və Dr.Hayrettin Evirgen 160 mindən çox tələbəsi olan İstanbul Universitetinin 100 minə yaxın tələbəsinin bu fakültənin payına düşdüyünü bildirib. Onun sözlərinə görə, fakültə 2009-cu ildən etibarən distant, 2011-ci ildən isə Açıq Öyretim təhsili verməklə Türkiyədə hər iki istiqamətdə yeganə bölümdür.

UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev bildirib ki, Azərbaycanda ilk dəfə UNEC-in bazasında distant təhsilin tətbiqi üçün yüksək standartlara cavab verən Distant Mərkəzi yaradılır. O, bu istiqamətdə Türkiyə ali təhsil ocaqları ilə sıx əməkdaşlıq qurulduğunu və təcrübə mübadiləsinin həyata keçirildiyini qeyd edib.

Görüşdə İstanbul Universitetinin nümayəndələri UNEC ilə distant təhsil sahəsində sertifikat proqramları hazırlamaqda maraqlı olduqlarını bildiriblər. Sonda UNEC-in nümayəndə heyəti İstanbul Universitetinə dəvət edilib.

Telekörpü UNEC-in Gənc Müəllimlər Şurasının İstanbul Universitetinə ezam edilən müəllimlərinin təşəbbüsü ilə reallaşıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR