A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) on beş professordan ibarət nümayəndə heyəti yanvarın 31-dən fevralın 5-dək Türkiyə universitetlərində ezamiyyətdə olublar.

UNEC-in professoru Zahid Məmmədov səfər təəssüratlarını bölüşür:

- Zahid müəllim, səfəriniz necə keçdi?

- Əminliklə deyə bilərəm ki, səfərimiz çox məhsuldar keçdi. Səfərin ilk günü İstanbulda Türk Dünyası Araşdırmaları Vəqfinin nümayəndəsi və Niğde Universitetinin rektoru professor Ramazan Taşdurmazın iştirakı ilə konfransda iştirak etdik. Konfransda türk dünyasının ali təhsil məsələləri və Türkiyədə ali təhsil sistemi mövzusunda müzakirələr apardıq. Hər iki ölkənin ali təhsil sistemi, problemlər, perspektivlər haqqında sistemini müqayisəli təhlil etdik. Eləcə də türk dünyası iqtisadiyyatını yaxından öyrənmək imkanımız oldu. Bilirsinizmi, biz Avropa iqtisadiyyatını, dünya iqtisadiyyatını öyrənirik, bu mövzuda dərsliklər mövcuddur. Amma türk dünyası iqtisadiyyatının araşdırılmasında, tədrisində bir boşluq var. Ümumiyyətlə, bu mövzuda dərsliyimiz yoxdur. Qərara aldıq ki, bu sahədə əməkdaşlığımızı davam etdirək.

- Türkiyə ali təhsil sistemi ilə tanışlıqdan sonra hansı qənaətə gəldiniz. Bizimlə Türkiyə universitetlərində tədris olunan fənn və ixtisaslar arasında hansı fərqlər var?

- Biz Bursanın Uludağ universitetinin tədris metodu ilə yaxından tanış olduq, kafedra müdirləri ilə görüşdük. Müvafiq ixtisaslar üzrə kafedraların professorları ilə öz ixtisaslarımızı müqayisə etdik və böyük fərqlər olduğunu gördük.

- Bu fərqlərdən danışmağınızı xahiş edirəm.

- Bizim universitetlərdə aktuallığını itirən ixtisaslar və dərsliklər mövcuddur. Bilirsiniz, indi ali məktəblərdə kadr hazırlığı dünya əmək bazarının tələblərinə görə hazırlanır. Bizdə isə tələbata ehtiyacı olmayan ixtisaslar var, lazımsız fənnlər tədris olunur. Eyni ixtisaslar üzrə fərqli fənnlər tədris olunduqda gələcəkdə həmin universitetin diplomunun başqa dövlətlərdə tanınmasında problem yaranır. Bunun üçün ixtisaslarda tədris olunan fənnlərin ekvivalentliyi sistemi yaradılmalıdır.Səfər çərçivəsində həmçinin Sakarya universitetinin İKT sistemi ilə də tanış olduq. Müzakirələrdə onlar UNEC-in saytındakı xəbərlərin tez-tez yenilənməsini müsbət qiymətləndirdilər. Misal çəkdilər ki, bəzi universitetlərin saytında sonuncu xəbərin tarixi 15 gün əvvələ gedib çıxır. Sizin saytda isə hər yarım saatdan bir yeni bir xəbər yerləşdirilir. Bu da universitetdə görülən işlərdən, yeniliklərdən xəbər verir. Bundan başqa, UNEC-in elektron universitet sistemi onların böyük marağına səbəb oldu.Onlar bu sistemin iş prinsipi ilə daha yaxından tanış olmaq istədiklərini bildirdilər.

- Türkiyəli həmkarlarınızla müzakirələrdə birgə elmi məqalələrin hazırlanması da müzakirə edildi?

- Bəli, biz onların elmi jurnallarının kollegiyasına üzv olduq. Təklif olundu ki, magistratura və doktorantura pilləsində mübadilə proqramları təşkil edilsin. Mövzular hər iki ölkənin tələbatına cavab versin. Ortaq dərsliklər, proqramlar, sillabusların hazırlanması qərara alındı. Özəlliklə, türk dünyası iqtisadiyyatı fənninin tədris edilməsi məsələsini müzakirə etdik. Yeri gəlmişkən, səfər çərçivəsində həmçinin Sakarya universitetinin elmi şurasının iclasına da qatıldıq. Bizim üçün yenilik o oldu ki, onların çox sayda kafedra və fakültələri olduğu halda, elmi şura üzvləri təxminən 30 nəfərdir. Bildirdilər ki, elmi şurada təsiretmə gücü, fəaliyyəti daha yüksək olan əməkdaşlar şuraya üzv seçilirlər.

- Görüşlərdə UNEC haqqında təqdimatla çıxış etmisiniz. Türkiyəli həmkarlarınız UNEC-də tətbiq edilən hansı yenilikləri maraqla qarşıladılar?

Türkiyəli həmkarlarımız UNEC-də bilik sahibinin – söz sahibi olmasını çox müsbət dəyərləndirdilər. Differensial əmək haqqı sistemi isə xüsusi ilə onların marağına səbəb oldu. Hətta bu sistemi öyrənib öz universitetlərində tətbiq etməklə bağlı müzakirələr apardıq və təcrübəni öyrənmək üçün mart ayında UNEC-ə gələcəklərini bildirdilər

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay