A

UNEC rektoru, professor Ədalət Muradovun Məzun günündəki çıxış nitqi: 

Əziz qonaqlar, tələbələr, valideynlər!Sizin hamınızı Azərbaycan Dövlət İqtisad Universiteti adından ürəkdən salamlayıram. Hamımızın məzun günündə birləşməyinin çox böyük bir səbəbi var. Təntənəli bir gündür. Çünki ali məktəb, universitet, peşə seçimi insan  həyatının ən önəmli bir məqamıdır, hər bir tələbənin özü özünə nəyə qadir olduğunu sübut etməsi, nələri bacardığını, iradəsinin, təfəkkürünün sınağa çəkilən bir dövrüdür. Və bu gün biz bunun hesabatını veririk.Bu zaman kəsiyində atılan hər bir addım, göstərilən səy, çoxlarının gələcək həyatını müəyyənləşdirir. Əziz tələbələr, siz bu gün elə bir təhsil ocağından ayrılırsız ki, orada keçirdiyiniz hər bir tədris ilinin sizlər üçün çox böyük önəmi olub. Biz kollektiv olaraq, Azərbaycan Dövlət İqtisad Universiteti deyəndə ilk ağlımıza gələn anlayış - tələbə anlayışı, sabahını uğurlu qurmaq üçün bizə üz tutmuş, bizə inanmış gənc gəlir. Elə bu nöqteyi-nəzərdən çıxış edərək biz bütün gördüyümüz işləri, elmi, pedoqoji fəaliyyətinizi tələbələrimizin sabahına, məqsədlərinə nail olmağa yönəltmişik.Elm, təhsil, müstəqil düşüncə, kreativlik, Milli-mədəni dəyərlərimizi özündə cəmləşdirən Azərbaycanlı olmaq, mənəvi cəhətdən sağlam və zəngin olmaq bizim hər bir tələbəyə təhsil dövründə çatdırdığımız bunlardır. Çünki, biz Universitet olaraq qarşımıza da ölkəmizin möhtərəm Prezidenti İlham Əliyev cənablarının qoyduğu vəzifə borcu var.Müasir dövrün tələbləri bizi sizlərlə birlikdə çox sürətli templə çalışmağa sövq edir. Tədris, təhsil və elmin vəhdət təşkil etdiyi bir universitetdə çağdaş dünyadan təcrid olunmuş halda inkişafı təsəvvür etmək mümkün deyil. Bizim fəaliyyətimizin ayrılmaz bir qolu budur.Əgər bir neçə il əvvəl Azərbaycan Dövlət İqtisad Universiteti dedikdə Respublika miqyaslı bir universitet düşünülürdüsə, bu gün biz artıq düşüncələrdə UNEC, dünyanın bir çox aparıcı universitetləri ilə birlikdə ikili diplom verən, filialları olan və ən əsası tələbəyə öz bacarığını, peşəkarlığını reallaşdırmaq hüququ qazandıran bir universitet canlanır.Bu bizim özümüzə sizlərlə birlikdə, Əziz tələbələr, müəyyən etdiyimiz fəaliyyət yolu, kredomuzdur.Amma biz heç vaxt onu unutmamalıyıq ki, əldə etdiyimiz uğurlarla kifayətlənmək növbəti addımda uğursuzluqdur.Dünya dayanmadan inkişaf edir. “Mükəmməl anlayışı artıq zaman kəsiyi ilə tərs mütənasibdir”. Bu gün hamını heyrətə gətirən bir mövzu artıq sabah adiləşir. Hamının bacardığı bir işə çevrilir. Həmişə “ilk”lərdən olmaq istəyiriksə, uğura imza atmaq istəyiriksə, geriyə tək bir şey qalır: çalışmaq, axtarışda olmaq, mütaliə etmək, dayanmamaq – özümüzü dayanmadan inkişaf etdirmək, budur bizim həmişə sizlərə çatdırmaq istədiyimiz mesaj, sizlərə nəsiyyətimiz.UNEC tələbəsi müstəqil düşüncəli, elmi təfəkkürü, mövqeyi, kreativliyi olan, problemlərini həll etməyi bacaran bir gəncdir, qlobal dünyanın ayrılmaz hissəsidir. Əziz tələbələr, sizin bu cür formalaşmağınızda Universitetinin professor müəllim heyətinin misilsiz rolu var. Bütün kollektivə öz təşəkkürümü bildirirəm .“Təhsil millətin gələcəyidir” Ümumilli lider Heydər Əliyev demişdir. Gələcək isə sizin əlinizdədir. Dövlətimiz sizlərə bu gələcəyin qapısını açmağa açar verib. Öz gələcəyinizi qurmaq üçün geniş imkanlar, fəaliyyət sahəsi mövcuddur. İrəliyə yol həmişə maneələrlə dolu olur. Səy göstərmək, dözümlü olmaq, qətiyyətli olmaq, nə istədiyini bilmək, sağlam rəqabət aparmaq, əgər Siz bunları etsəz qazanacaqsınız. Yetərki, o əlinizdə olan bilik açarını düzgün istifadə edəsiniz.Sizlərə bir müəllim olaraq ən böyük tövsiyyəm budur: “Zamanı boşa xərcləməyin”. Çünki yenidən əldə edilə bilməyən bir şey varsa o da vaxtdır. Hər bir dəqiqənin praktiki və mənəvi əhəmiyyəti var.Hər bir işdə məsuliyyətli olun, sizlərə ümid bəsləyənlərin gözləntisini boşa çıxarmayın. Ümid bəsləyənlər dedikdə isə ilk nəzərdə tutduğum insan valideynlərdir. Sizin Siz olmağınızın müəllifi məhz, valideynlərdir. Ən böyük təşəkkür borcunuz onlaradı “Mən” deyib durmayın.Ədalətli olun. Müəyyən fəndlərlə qazanılan uğur qısa ömürlü olur.Bizim qarşımızda bu gün duran, sizlərin qarşısında sabah duracaq əsas məsələ ondan ibarət deyil ki, biz seçdiyimiz hədəflərə nail olacağıq yoxsa yox. Əsas məsələ həmin hədəflərə necə nail olmaqdan ibarətdir.

Stiv Cobsun 2005-ci ildə Stenford Universitetinin məzunları qarşısında çıxışın xatırlayıram. “Başqalarının fikirləri ilə yaşamağı öyrədən doğmalar tələsinə düşməyin. İmkan verməyin ki, başqalarının fikirlərinin səs-küyü sizlərin daxili səsinizi boğsun. Öz ürəyinizin səsinə qulaq asmağı bacarın. Ancaq o bilir siz nə istəyirsiniz. Qalan hər şey ikinci dərəcəlidir.”Və bir şeyi də heç vaxt unutmayın ki, siz Azərbaycan Respublikasının vətəndaşısınız, Azərbaycanlısız.Vətənimizin maraqlarını öz maraqlarınızdan həmişə üstün tutun. Unutmayın,  sizlərə hər bir imkanı aşılayan məhz Azərbaycan torpağıdır.Əziz məzunlar, bu gün sizin həyatınızda çox təntənəli bir gündür, biraz da kədərli. Qarışıq hisslər sizləri bürüyüb, neçə ildir gözlədiyiniz bu günü bəlkə də çoxları qurtarmasını istəmir. Amma Siz bu gün artıq Məzunsunuz, yəni bir başlanğıcın astanasındasınız, müstəqilliyin astanasındasınız. Sizə, yolunuz açıq, uğurlu olsun deyirəm. Həmişə yanınızda ailəniz, sevdikləriniz, sağlam düşüncəli insanlar olsun.

Və unutmayın, biz sizlərə “Universitetin qapısı hər zaman sizin üzünüzə açıqdır” deyirik. Bir daha təbrik edirəm, uğurlar, Mənim Əziz Məzunlarım!

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR