A

İyulun 14-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının 2015/2016-cı tədris ilində sonuncu iclası keçirilib.

Əvvəlcə Elmi Şuranın iki yeni üzvü – UNEC-də yeni seçilən tələbə rektor Şahin Həsənov və Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Əvəzağa Məlikov iclas iştirakçılarına təqdim edilib. UNEC-in rektoru, professor Ədalət Muradov tələbə rektorun işinin daha da təkmilləşdirilməsi üçün tədbirlərin görülməsinə ehtiyac olduğunu bildirib. TEC-in gələcəyindən söz açan rektor qeyd edib ki, iqtisad elmi üzrə intellektual yarışların mərkəzi UNEC olmalıdır. Ə.Muradov yeni tədris ilindən bu sahədə respublika olimpiadasına hazırlıqların başlanmasına dair göstəriş verib.

UNEC-in Təcrübə və işədüzəltmə şöbəsinin müdiri Fuad Əliyev “Ali təhsilin bakalavr pilləsi üzrə IV kurs əyani və V kurs qiyabi şöbədə təhsil alan tələbələrin diplomqabağı təcrübəsinin yekunları və III kurs əyani şöbə tələbələrinin yay istehsalat təcrübəsi haqqında” məruzə ilə çıxış edib. Bildirib ki, əyani şöbənin IV kursundan 2957, qiyabi şöbənin V kursundan isə 756 tələbə təcrübəyə göndərilib. Təcrübənin operativ və effektiv təşkil edilməsi məqsədilə bir ay əvvəldən ATİB, TUSİAB, ASK, AMCHAM təşkilatlarından, eləcə də, Paşa Həyat Sığorta, Xalq Sığorta, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası, Dövlət Statistika Komitəsi və bir çox təşkilatlarla razılaşmaqla təcrübə obyektləri müəyyən edilib. Eyni zamanda, UNEC tələbələri üçün xarici ölkədə də təcrübəsi təşkil edilib.

Tələbələrə UNEC-in müxtəlif strukturlarında da təcrübə keçmək imkanı yaradılıb.

F.Əliyev ən yaxşı təcrübə təşkil edən və yeni təcrübə obyektləri cəlb edən kafedraları təqdim edib. Bunlar Maliyyə və maliyyə institutları, Biznesin idarə edilməsi, Əməyin iqtisadiyyatı, Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı, İqtisadiyyatın tənzimlənməsi, Müəssisənin iqtisadiyyatı, Marketinq, Beynəlxalq iqtisadiyyat, Dizayn, Standartlaşdırma və sertifikasiya, İqtisadi hüquq, Beynəlxalq iqtisadiyyat (ingilis dili), Beynəlxalq iqtisadi münasibətlər və İnformatika kafedralarıdır. F.Əliyev bildirib ki, bu kafedralar üzrə tələbələr tərəfindən indiyə kimi heç bir şikayət daxil olmayıb.

F.Əliyev təcrübənin təşkili ilə bağlı tələbələr tərəfindən digər kafedralar üzrə Karyera Mərkəzinə daxil olan müraciətlərin dərhal araşdırılaraq, operativ qaydada müvafiq tədbirlər görüldüyünü vurğulayıb.

III kursların yay istehsalat təcrübəsinin təşkilindən söz açan şöbə müdiri bu tədris ilində 28 ixtisas kafedrası üzrə, 3126 tələbənin təcrübəyə göndəriləcəyini bildirib. Onların istehsalat təcrübəsinin daha mütəşəkkil və keyfiyyətli təşkil edilməsi, qarşıya çıxacaq problemləri operativ həll edilməsi məqsədilə UNEC-in rəsmi internet və Facebook səhifələrində elan verilməklə, “Yay istehsalat təcrübəsi üzrə qaynar xətt”in (146-1-3) açılmasını təklif edib. Rektor Ə.Muradov təklifin dərhal icra edilməsi ilə bağlı müvafiq quruma göstəriş veriib.

UNEC rektorunun təcrübənin təşkilindən narazı olan tələbələrlə F.Əliyev görüşdüyünü bildirib. Görüşdə təcrübə rəhbərləri tərəfindən subyektivizm halları, əlavə bürokratik tələblər, süründürməçilik, təcrübə hesabatlarının hazırlanmasında lazımsız, mövcud olmayan tələblərin irəli sürülməsi, tələbələrin təcrübə obyektlərində ixtisas təcrübəsinə uyğun olmayan işlərə cəlb edilməsi və onlara biganə münasibətlərin müzakirə edilib. Rektor müraciətlərin şəffaf və operativ həll edilməsi üçün Təcrübə və işədüzəltmə şöbəsinə ciddi tapşırıqlar verib.

Şura üzvləri təcrübə obyektlərinin nümayəndələri ilə görüşlərin təşkilini, təcrübə rəhbərləri üçün təlimlərin keçirilməsini, təcrübəyə yollanan tələbələrin qiymətləndirilməsi məsələsinə yenidən baxılmasını, regionlarda da istehsalat təcrübəsinin təşkil edilməsi, təcrübəyə göndərilən tələbələrin işə düzəlməsi ilə bağlı təminat və təcrübənin nəticələrinə görə qiymətləndirməni işəgötürənin verməsini təklif ediblər. Təkliflər müsbət dəyərləndirilib.

Rektor Ədalət Muradov təcrübənin təşkili ilə bağlı onun rəsmi Facebook səhifəsinə iradlarını yazan tələbələrlə görüşdüyünü, onların şikayətlərinin təcili olaraq araşdırılması məqsədilə tapşırıqların verildiyini bildirib. Bu sahədə problemlərin aşkar olunduğunu deyən Ə.Muradov nöqsanlara yol verənlərə qarşı ciddi tədbirlərin görüləcəyini diqqətə çatdırıb. Rektor Təcrübə və işədüzəltmə şöbəsinə təcrübə müddətini uğurla başa vura bilməyən tələbələr haqda təcili hesabatın hazırlanması tapşırığını verib. Təcrübənin keyfiyyətinin aşağı səviyyədə olmasını həm də bu məsələdə dekanlıqlarla kafedralar arasında koordinasiyanın zəif olması ilə izah edib. Rektor kafedra müdirlərinə təcrübə obyektlərini mütamadi ziyarət etmələrini və tələbələrin müraciətlərini dinləmələrini tapşırıb. Təcrübə başlamazdan əvvəl təcrübə rəhbərləri ilə rektorun görüşünün təşkil edilməsi ilə bağlı aidiyyatı strukturlara göstəriş verilib.

Bununla da, Elmi Şura üzvləri Təcrübə və işədüzəltmə şöbəsinin müdiri Fuad Əliyevin hesabatını qeyri-qənaətbəxş sayıblar. Təcrübənin təşkili işinin Fuad Əliyevdən alınması barədə qərar verilib.

UNEC-in elmi katibi, professor Elnur Sadıqov 2015/2016-cı tədris ilində UNEC Elmi Şurasının qəbul etdiyi qərarların icrası haqda tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, tədris ili ərzində Elmi Şura tərəfindən 76 qərar olunub və onların 73-ü müvəffəqiyyətlə icra edilib. 3 qərar isə icra mərhələsindədir. Təklif edilib ki, hər iclasda ötən şuranın qəbul etdiyi qərarların icrası barədə Şura üzvlərinə məlumat verilsin.

Sonra cari məsələlərin müzakirəsinə başlanılıb. İclasda Elmi Şuranın tərkibində yaradılan komissiyalar haqqında əsasnamə və komissiyanın tərkibi müzakirə edilib. Bildirilib ki, Elmi Şuranın gündəliyinə salınacaq məsələlər öncədən aidiyyatı üzrə komissiyalardan keçdikdən sonra müzakirəyə çıxarılsın. Komissiyalar haqqında əsasnamə və komissiyaların tərkibi səsə qoyularaq qəbul edilib.

Şura üzvləri həmçinin UNEC-in Zaqatala filialının əsasnaməsinə bəzi dəyişikliklər edilməsini təklif ediblər. Filialın strukturu isə Şura tərəfindən bəyənilərək təsdiq edilib.

“UNEC Biznes Məktəbi”nin direktoru Nazim Hacıyev top menecerlerə MBA təhsili sahəsində 5 yeni ixtisas üzrə hazırlanan standartlar barədə ətraflı məlumat verib. Bildirib ki, Bank və sığortanın idarəedilməsi, Səhiyyənin idarəedilməsi, İdmanın idarəedilməsi, Turizm və otelçiliyin idarəedilməsi və Mühəndislik və idarəetmənin riskləri sahəsində ixtisaslaşmaq üzrə beynəlxalq standartlara uyğun tədris planı hazırlanıb. Həmçinin Biznes Məktəbində ikinci yeni proqram “Executive MBA” yaradılıb. Burada tədris proqramı dünyanın aparıcı universitetlərinin tədris proqramına uyğunlaşdırılıb. İclasda "UNEC Biznes Məktəbi"nin yeni ixtisaslar üzrə standartları müzakirə edilərək, qəbul edilib.

İclasda bildirilib ki, yaşı 70-dən çox olan dosentlərə könüllü təqaüdə gedəcəkləri təqdirdə bir illik əmək haqları öncədən veriləcək. Onlar sentyabr ayının 15-ə kimi müraciətlərini bildirməlidirlər. Fakültə rəhbərlərinə bu barədə məlumatlandırma aparmaları tapşırığı verilib.

İclasda qeyd edilib ki, yay imtahan sessiyasının nəticələrinə əsasən, 512 bakalavr IV kursu bitirə bilməyib. Şura üzvləri kəsiri olan I, II və III kurs tələbələrinə 1 və 2 balın əlavə edilməsi barədə qərar qəbul edib. Kəsiri olan IV kurs tələbələrinə isə 5 balın əlavə edilməsi qərara alınıb. Şura üzvləri dövlət imtahanından kəsilən 14 tələbənin vəziyyətini də müzakirə edərək, 5 bala qədər kəsiri olan tələbələrə 5 balın əlavə edilməsi barədə təklifi müsbət qiymətləndiriblər. Digər tələbələrə isə istisna olaraq ikinci imtahan vermək şəraiti yaradılacağı bildirilib. Qeyd edilib ki, bununla da tələbələrə əlavə bal vermək təcrübəsinə son qoyulacaq.

Elmi Şurada bildirilib ki, yeni yaradılan İqtisadiyyat fakültəsinin dekan əvəzi dos. Asiman Quliyev olub. "Rus İqtisadiyyat Məktəbi"nə isə dos.Mansur Bərxudarov rəhbər təyin edilib. M.Bərxudarova qısa müddətdə "Rus İqtisadiyyat Məktəbi"ndə müasir tələblərə cavab verən tədrisin təşkilinə dair təkliflərin hazırlanması tapşırılıb.

Elmi Şurada “Biznes inzibatçılığı”, “Kommersiya” və “İnformatika və idarəetmə” fakültələrinin birləşdirilərək, “Biznes və menecment” fakültəsinin yaradılması barədə qərar qəbul edilib.  Tədbirdə gələcəkdə fakültələrin institutlaşması istiqamətində müzakirələr aparılıb, təkliflər dinlənilib.

Şurada dərs ilinin yekununun nəticələri əsas götürməklə hər fakültənin beş işçisinə fəxri fərman və mükafatlar verilməsi barədə qərar qəbul edilib. Eyni zamanda, universitetin Quba tədris, idman və sağlamlıq kompleksində professor-müəllim heyətinin və əməkdaşlarının yay məzuniyyətində istirahətinin təşkilinə şərait yaradılması barədə müvafiq tapşırıqlar verilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR