A

İyulun 15-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov nüfuzlu xarici ali məktəblərin məzunları ilə görüşüb.

Ə.Muradov universitetin fəaliyyət istiqamətləri, son illərdə əldə edilən nailiyyətlər və ali məktəbin strateji hədəfləri barədə danışıb. Bildirib ki, regionun iqtisadyönümlü ən böyük təhsil ocağı sayılan, dörd dildə təhsil verən UNEC-də tədrisin yeni keyfiyyət standartı olan “Elektron Universitet” modelinin tətbiqinə başlanılıb. Rektor ölkədə ali təhsilin modernləşdirilməsi prosesinə mühüm töhfə verən differensial əmək haqqı sisteminin universitetdə tətbiqindən, reallaşdırılan layihələrin beynəlxalq reytinq təşkilatları tərəfindən universitetə verdiyi qiymətdən danışıb. Qeyd edib ki, görülən işlərin nəticəsidir ki, dünyanın ali təhsil müəssisələrinin reytinqini müəyyən edən “Webometrics”in hesabatına əsasən, UNEC iki ildir ki, Azərbaycan universitetləri arasında liderliyini qoruyub saxlayır. Universitet QS reytinq agentliyinin İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralamasında iqtisadyönümlü 4-cü universiteti olmaqla, regionun ən yaxşı 200 ali məktəbi sırasında yer alıb.

İstəyirik “Narxoz” adı universitetimizin üzərindən götürülsün, deyən Ə.Muradov bu məqsədlə İqtisad Universitetinin brendləşdiyini bildirib. Əlavə edib ki, “UNEC” (University of Economy) İqtisad Universitetinin brendidir.

Əldə edilən uğurlar bizi sevindirir, amma qane etmir, deyən rektor universitetin hədəflərini açıqlayıb. Başlıca məqsədimiz UNEC-i dünya səviyyəli universitetlər sırasında görməkdir. Rektor hədəfə çatmaq üçün UNEC-in gənc kadrlara ehtiyacı olduğunu bildirib. Bu məqsədlə universitetdə həyata keçirilən “gənc müəllim” və “gənc professorlar” layihələri barədə danışıb. Rektor qeyd edib ki, son iki ildə UNEC-ə dünyanın nüfuzlu ali məktəblərinin məzunları olan 200-ə yaxın gənc cəlb edilib və proses bundan sonra da davam etdiriləcək.

Xaricdə təhsil alan və UNEC-də fəaliyyətini davam etdirmək arzusunda olan gənclərlə fikir mübadiləsi aparmaq arzusunda olduğunu deyən rektor, görüş iştirakçılarının istək və təkliflərini dinləyib.

Avropanın nüfuzlu universitetlərindən məzun olan, Azərbaycanın nüfuzlu dövlət və özəl sektorunda müxtəlif vəzifələrdə çalışan gənclər UNEC-lə əməkdaşlığa maraq göstərdiklərini, universitetdə pedaqoji və inzibati işlərdə çalışmaq niyyətində olduqlarını bildiriblər. Gənclər UNEC-də maliyyə, marketinq, menecment və digər ixtisaslar üzrə ingilis, azərbaycan və rus dillərində dərs demək istədiklərini deyiblər. Onlar əsasən Beynəlxalq İqtisadiyyat Məktəbi, UNEC Biznes Məktəbi və SABAH qruplarından dərs deməkdə maraqlı olduqlarını bildiriblər.

Ə.Muradov bildirib ki, dünya səviyyəli universitetlər sırasına yüksəlməkdə iddialı olan UNEC bacarıqlı gənclərlə əməkdaşlıq etməkdə maraqlıdır. Biz gələcəkdə də bu əlaqələri davam etdirəcəyik. Rektor gənclərlə mütmadi görüşəcəyini, universitetlə bağlı fikirləri dinləməyə hazır olduğunu və ən qısa zamanda onların təkliflərini dəyərləndiriləcəyini bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay